“Azərbaycanda nağd manat virus daşıyıcısına çevrilib” – Ekspertin iddiası

05.06.2020 - 12:15

Azərbaycanda koronovirus infeksiyasının geniş yayılmağa başlaması əsasən karantin şərtlərinin vaxtından əvvəl yumşaldılması, insanların məsuliyyətsizliyi ilə izah edilir.

Amma başqa səbəblər də yox deyil. Məsələn, bank vasitəsi ilə vətəndaşlara verilən ödənişlərin əsasən 2-3 banka yönəldilməsi, ictimai nəqliyyatın işinin düzgün təşkil olunmaması, ticarət mərkəzlərində basırıq yaradan hallara qarşı ciddi nəzarətin olmaması yoluxmanın artmasını şərtləndirən əsas problemlərdəndir.

Məlumdur ki, ölkədə pensiya, maaşlar, 190 manat birdəfəlik ödəniş, fermerlərə verilən subsidiya kartları, bağlanan 4 bankda qalan əmanətlərin qaytarılması,pandemiya ilə bağlı sahibkarlara və muzdlu işçilərə verilən kompensasiyalar əsasən 3 bankın filialları vasitəsi ilə həyata keçirilir. Sosial şəbəkələrdə paylaşılan görüntülərdə filiallar qarşısında böyük izdihamların yarandığını görürük və şübhəsiz, belə neqativ hallar koronovirusun yayılması üçün münbit şərait yaradır.

Tanınmış iqtisadçı Qubad İbadoğlu virusun əhatə dairəsinin sürətlə genişlənməsinin əsas səbəblərdinən biri kimi nağd pul dövriyyəsinin böyük olmasını göstərib.

Ekspertin sözlərinə görə, pandemiya yayılması zamanı 190 manat birdəfəlik ödəmənin çatdırılması zamanı bəlli oldu ki, Azərbaycanda xüsusilə də kasıb əhalinin banklarda hesabları yoxdur.

Q. İbadoğlu 2017 “Global Findex” hesabatına əsaslanıb deyir ki, böyüklər arasında azərbaycanlıların 29 faizinin, ermənilərin 48 faizinin, gürcülərin isə 61 faizinin bank hesablarına çıxışı vardır. İnkişaf etmiş ölkələrdə müvafiq göstərici 67 faiz təşkil edir.

“Pandemiya göstərdi ki, Azərbaycanda əhali əsasən nağd əməliyyatlara üstünlük verir. Hazırda ölkədə koronavirusun sürətlə yayılmasının bir səbəbi də tədavüldə nağd pul kütləsinin çoxluğudur. Belə ki, dükanlarda və restoranlarda nağd ödənişlər vasitəsilə pulları əldən ələ keçməsi virusun kütləviləşməsini şərtləndirir. Bir sözlə Azərbaycanda nağd manat virus daşıyıcına çevrilib” – deyə iqtisadçı vurğulayıb.

Qubad İbadoğlu xatırladır ki, Azərbaycan Mərkəzi Bankın (AMB) açıqlamalarına görə, bu ilin mayın ayının 1-ə dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 80,5 faiz təşkil edib: “Həmin tarixə banklardan kənarda nağd pul (M0) kütləsi 8,705 milyard manat olub ki, bu da ötən ilin eyni dövrü və əvvəlki ayla müqayisədə artımı ifadə edir.

Dünyada nəinki nağdsız, hətta mobil ödənişlərin geniş vüsət aldığı indiki dövrdə Azərbaycanda nağd pula sevginin yüksək olması həm də bank idarəçiliyinin pis təşkilinin göstəricisidir.

Hesab edirəm ki, mövcud vəziyyətin yaranmasına bank sisteminə və iqtisadiyyata rəhbərlik edənlər də məsuliyyət daşıyırlar.

Çünki, Azərbaycanda banklardan kənarda nağd pul dövriyyəsinin yüksək olması həm də gizli iqtisadiyyatın miqyaslarının genişliyi ilə əlaqədardır. Odur ki, on illərdir ki, mövcud gizli iqtisadiyyat havadarları dövriyyədə nağd pulun azalmasında maraqlı olmayıblar”.

Daha sonra ekspert maliyyə qurumlarına bir sıra tövsiyələr verib:

1) Mərkəzi Bank nağd pulların dezinfeksiyasını aparsın.

2) İstehlakçılar alış-veriş yerlərində, kafe və restoranlarda geri aldıqları nağd pul kütləsini xüsusi salefon paketlərdə və ya portmanatlarda saxlasın.

3) İmkanı olanlar ödənişlərini nağd manatla deyil, kartlarla post terminallar vasitəsilə, ən yaxşısı mobil bankçılıqdan istifadə etməklə internet üzərindən həyata keçirsin”.

AzPolitika.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=147770

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930