Şadlıq tvistini mübarək tvitdən sonra oynayaq

14.10.2020 - 10:35

Ağıllı adam odur ki, belə günlərdə yalan xəbərlə doğru xəbəri, gerçək informasiya ilə, dəb terminlə desək, feyk məlumatı bir-birindən ayıra bilsin.

İndiki xəbər kirliliyi dövründə bunları bir-birindən ayırmaq çox çətindir. Belə görünür ki, bundan ötrü təkcə ağıllı olmaq da kifayət deyil, adam gərək həm də məlumatlı, savadlı, təcrübəli, bir az da qabağa getsək, fəhmli olsun. Yoxsa adam hansısa bir məqamda aldanacaq, yanlış hisslərə, ya eyforiyaya, ya da dərin məyusluğa qapılacaq.

Təvazökarlıqdan Hadrutun Ayqestan kəndi qədər uzaq olsa da, deyim ki, sentyabrın 27-dən bura qədər düşmənin dezinformasiyalarının heç birinə inanmamışam. Yaramazlara inamım, etibarəm çoxdan sıfırlanıb deyə, düz dediklərinə də inanmıram, sonra görürəm ki, düz eləmişəm. Çünki manyakların düz sözü yoxdur.

Məsələn, hələ də deyirlər ki, Talış kəndi də, Madagiz də özümüzdədir və azərbaycanlı operatorların həmin kənddən çəkdiyi video kəndin qırağında çəkilib. Yaxşı, qoy adı sizdə getsin, amma Tərtər camaatı Suqovuşan su anbarının suyu ilə çal-çəpərini, dirriyini, taxılını suvarsın.

O gün xəbər yaymışdılar ki, guya erməni hakerlər Azərbaycan banklarından 528 min adamın şəxsi məlumatlarını və pullarını çəkib götürüblər. Belə bir məlumat yaymaqla, elə bilirdilər, ölkəmizdə çaxnaşma düşəcək.

Amma xəbəri oxuyanların çoxu dərhal bildi ki, feykdir, çox adam narahat olmadı. Kasıblar ona görə əndişələnmədi ki, nəinki bankda, heç evdəki bankada da pulları yoxdur. Varlılar da ona görə narahat olmadılar ki, pulları başqa banklardadır.

Ermənistanın Müdafiə nazirliyinin Arsun adlı bir mətbuat katibi var, 18 gündür deyir ki, bir qarış da torpaq verməmişik, sadəcə, bəzi ərazilərdən taktiki olaraq geri çəkilmişik – yəni 100-150 metr kimi bir şey. Bir erməni bloqer irəli durub yazmır ki, taktikanız batsın, Arsun, bə Hadrutu necə elədiniz.

Hazırda Hadrut istiqamətində Arsun təkcə döyüşür, zinvorlar (əsgərlər) çəkilib durublar Karmrakuçun dikdirində, amma Arsun təkbaşına dirəşib, deyir, Hadrut tam olaraq öz nəzarətimizdədir. İntəhası, o dəqiqləşdirmir ki, Hadruta uzaqdan nəzarət edirlər, yoxsa yaxından. Ona qalsa, biz də İrəvana nəzarət edirik, Google.map-da bir an belə gözümüzdən qoymuruq.

Oxumuş adamlar deyirlər, düşmənin yaydığı heç bir məlumatı ciddiyə almaq, dərhal inanmaq olmaz, çünki o feyk xəbərlər həm daxili auditoriya üçün nəzərdə tutulur, həm də xarici düşmənlər üçün. İnformasiya müharibələri belə olurmuş.

Di gəl, bizdə bir qism adam var, düşmənin dediyi hər zada inanırlar, özümüzünkülərin dediyi heç nəyə inanmırlar.

Düzü, bəzən bizim də şad xəbər vermək üçün ürəyimiz atlanır, vicdanlı yanılmaya məruz qalaraq yaxın adamlara “filan yeri götürmüşük” kimi təsdiq olunmamış xəbələr veririk, bəziləri 1-2 gündən sonra təsdiqlənir, amma bəziləri sovet dövrünün müdirləri öz təsdiqini gözləyir.  Nə vaxt ola, ola. Qaçaqaç deyil ki. Üç gün tez, beş gün gec. 27 ildir “torpaqların qayıdacağını” səbrlə gözləyənlər indi 3-5 günə dözməyəcəklər?

(Yeri gəlmişkən,  torpaq heç vaxt öz-özünə qayıtmır. Prinsipcə, mümkün deyildi. Söhbət torpağın əsl yiyəsinin onun üstünə qayıtmasından gedə bilər və bu günlərdə baş verən hadisənin bir adı da odur).

Əsas məsələ odur ki, erməni piarçılar bu feyk xəbərlərlə təkcə öz vətəndaşlarını və bizi çaşdırmaq məqsədi güdmürlər, bundan daha yekəsini beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün edirlər. Məsələn, iddia edirlər ki, guya bizdə suriyalı ekstremistlər döyüşür.

Bizimkilər də oralı olub, bu iddialara cavab vermirlər, demirlər, lənətliyin uşağı, o vaxt Suriyada döyüşənlərin bir dəstəsi elə burdan qaçaq yollarla ora gedirdi, bir yarısı orda həlak oldu, salamat qayıdanları da tutub qoyduq içəri, muzdlu döyüşçü lazım olsa, elə onları türmədən buraxardıq, muzdsuz-filansız döyüşərdilər.

Uzun sözün kəsəsi, sabah ermənilər desə ki, türklər Xankəndini aldılar, inanmayın, dərhal şübhələnin ki, nəsə bir fırıldaqları var. Belə bir şey olsa (inaşallah, olacaq), o zaman bu barədə tvit yazılacaq. Tviti görməmiş tvist oynamayın.

P.S. Kimsə desə ki, bəs bizimkilər dezo yaymırlarmı, onlara deyin ki, baxdığınız videolar var ha… ta ardını deməyin.

Short URL: http://www.cumhuriyyet.net/?p=156024

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31