Ölərəm dərdindən…

17.10.2020 - 15:21

Tovuzda doğulduğum, tovuzlu olduğum üçün özümü çox şanslı sayıram. Allah mənə böyük lütf edib o gözəl torpaqda doğulmağıma izn verməklə. İkinci dəfə dünyaya gəlmək şansım olsaydı və desəydilər, harada anadan olmaq istərsən, Şuşanı seçərdim. Heç vaxt görmədiyim bu şəhər haqda sakit düşünə bilmirəm. “Uzun ömrün akkordları” filmində Şuşa ilə bağlı fraqmentlərə baxanda çox kövrəlirəm. Gözlərim dolur. O filmdə qəribə nisgil var. Sanki 10-12 il öncədən anlamışdı ssenari müəllifi və rejissor Şuşanın işğal ediləcəyini. Məğlubiyyətimizin əsası, qırılma nöqtəsi Şuşanın işğalından başladı. Qələbənin nöqtəsi də Şuşada qoyulacaq! Bunu dünən Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev də anons etdi. Şuşa azad olunan gün biz yenidən doğulacağıq xalq olaraq.

Hər gün Qarabağ cəbhəsindən qələbə xəbərləri gəlir. Kəndlər, qəsəbələr, rayonlar azad edilir. Bu gün (17 oktyabr, 2020) Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Fizuli şəhərinin və rayonun daha bir neçə kəndinin müzəffər ordumuz tərəfindən azad olunduğunu elan etdi. Deyilənə görə, bəzi strateji yüksəkliklər, başqa ərazilər də işğaldan azad edilib. Amma müəyyən səbəblərdən hələ açıqlanmır. Bu səbəblərin bir qismini Prezident İlham Əliyev Türkiyə televiziyalarına müsahibəsində, həmçinin xalqa son müraciətində dedi. Ölkə başçısının demədiyi digər səbəblərin olması da istisna deyil hər halda. Fəqət xalqın qulağı başqa bir qələbə xəbəri eşitmək istəyir. Qulağımız da, ürəyimiz də, gözümüz də Şuşadadır. Yolumuz da Şuşayadır. Bu gözəlim şəhərin işğalı bizi çox yandırıb-yaxıb. İçimiz burxulub. Onun adına o qədər həssasıq ki…

Ötən ilin noyabrında iş yoldaşım, redaktor həmkarım Nazim Sabiroğlu “Şuşada gördüklərim” adlı məqalə yazmışdı. Nazim Şuşadandır. Qalaya (şuşalılar o şəhərə belə deyirlər, adətən) qiyabi səfər etmişdi. Həmin ərəfədə ATƏT-in təşkilatçılığı ilə Azərbaycandan və Ermənistandan olan jurnalistlər hər iki ölkəyə qarşılıqlı səfərlər etmişdilər. Mövzu cəmiyyətin diqqətini ciddi şəkildə çəkmişdi, qızğın müzakirələr gedirdi. Bu əsnada Nazim Sabiroğlu həmin məqaləni yazdı. Necə deyərlər, xəyal ürünü (məhsulu) idi. Yazı çap olunandan sonra ölkə bir-birinə dəydi. Nə qədər adam inanmışdı Nazimin Şuşaya getməsinə. Neçə adam yazını oxuyub ağlamışdı, hönkürmüşdü. Elə təbii, elə içdən bir yazıydı ki… Onda nə müharibə vardı, nə Qarabağda döyüşlər gedirdi. Deməyim o ki, Qarabağ və Şuşa mövzusu Azərbaycan xalqı üçün dünyanın ən vazkeçilməz, prinsipial məsələsi, ən müqəddəs dəyəridir.

Azərbaycanın mənəvi paytaxtıdır Şuşa. Onsuz olmur, vallah, olmur. Şuşa azad edilməsə, Təbriz xəyalımız gerçəyə dönməyəcək. Əslində, geniş mənada, strateji planda hədəfimiz Təbrizdir – Bütöv Azərbaycandır. Bizi bu hədəfdən yayındırmaq üçün Qarabağ konfliktini yaratdı böyük və kələkbaz güclər. İran niyə Ermənistanı dəstəkləyir? Çünki istəmir Qarabağ problemi ədalətli həll edilsin. Azərbaycan türkləri Qarabağda erməni işğalına son qoyduqdan sonra Vətənlərinin yerdə qalan hissələrini istəyəcəklər. Bu mənada milli hədəfimiz Güney Azərbaycanla Quzey Azərbaycanın birləşdirilməsi olacaq. Bu istəyin qarşısını heç kim ala bilməyəcək. Buna heç kəsin şübhəsi olmasın. Azərbaycanın bütövləşməsi mütləq baş verəcək. Bu da Şuşanın azadlığından keçir. Millət bunu həm ağılla dərk edir, həm intuisiya ilə hiss edir.

Azərbaycanlılar bir gün də olsun barışmadı Şuşanın işğalı ilə. Nəsillər dəyişdi, hədəf dəyişmədi. “Şuşada axşamlar yanar ulduzlar”. Xan əminin o məşhur mahnısında deyilən kimi, içimizdəki ulduz – inam heç sönmədi Şuşa ilə bağlı. Ağladıq, sızladıq, fəqət unutmadıq, geri durmadıq. İndi düşmənin anasını ağladır Azərbaycan əsgəri Qarabağda. Qələbə qapısının ağzını kəsib Şuşanın.

Qarabağ azad edilməyincə bu ölkə, bu millət rahatlıq tapmayacaq. Biz xalq olaraq 32 il öncəki hədəfə qayıtmışıq: Qarabağsız Azərbaycan, Şuşasız Qarabağ olmaz! Bu, Azərbaycan xalqının savaş hekayəsi, eşq salnaməsidir.

Dərdindən də ölərik, uğurunda da can verərik. Amma səni heç kimə vermərik, Şuşa!

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156230

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930