Yeni iş yerlər açılacaq, bu ixtisas sahiblərinə tələbat artacaq

04.12.2020 - 10:24

Ramil Osmanlı: “Böyük yenidənqurma işlərinin aparılması müxtəlif infrastruktur sahələri üzrə mütəxəssislərə ehtiyac yaradacaq”

Müzəffər ordumuzun uğurlu hərbi əməliyyatları və Ali Baş Komandan İlham  Əliyevin siyasi-diplomatik uğurları sayəsində 44 günlük müharibə ilə işğal altındakı torpaqlarımız azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Növbəti mərhələdə azad edilən ərazilərin təmizlənməsi, infrastrukturun bərpası, yaşayış sahələrinin tikilməsi işləri həyata keçirilməlidir. Məlum olduğu kimi, erməni vandallığı nəticəsində böyük şəhər və rayonlarımızda daş-daş üstündə qalmayıb, mövcud yaşayış evlərini isə rayonları tərk edərkən yandırıblar. Bu səbəbdən ölkəmizdə çox böyük bir tikinti bumu gözlənilir. Bu həm də əmək bazarının canlanması, koronavirus pandemiyası səbəbindən durğunluq yaşayan tikinti sektorunda dinamikanın artması və əlavə işçi qüvvəsinə, ixtisaslı kadrlara ehtiyac yaranması deməkdir. Məlum olduğu kimi, Azərbaycanda məşğulluq göstəricilərində, əmək bazarındakı vəziyyətdə tikinti sektoru hər zaman dominant rol oynayıb. Artıq indidən bəzi iri tikinti şirkətləri işçi axtarır və azad edilən torpaqlarımızdakı yenidənqurma prosesində iştirak etmək üçün hazırlaşırlar.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirdi ki, bu proses Azərbaycanda məşğulluq səviyyəsinə müsbət təsir göstərəcək: “Hesab edək ki, Azərbaycan ərazisinin 25 faizinin yenidən qurulması prosesinə başlanılacaq. Bu, infrastrukturun bərpasından tutmuş yaşayış yerlərinin salınmasına kimi böyük, geniş bir prosesi əhatə edir. Bu işlərə çox böyük maliyyə resursları cəlb olunacaq və həmin vəsaitlərin bu işlərə cəlb olunması daha çox Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcək. Ümumdaxili məhsulun həcminə, makroiqtisadi vəziyyətin müsbətə  doğru dəyişməsinə və sair. Çünki burada söhbət bazara pul axınlarının böyük həcmdə genişlənməsindən gedir. Belə olan halda bir sıra istiqamətlər üzrə məşğulluq səviyyəsinin artımı, yeni iş yerlərin, yaranmasına gətirib çıxaracaq. Burada sadə işçi qüvvəsi ilə yanaşı, mütəxəssislərin cəlb olunması məsələsi də aktuallaşır”.

Ramil Osmanlı: “Bələdiyyələrin vergi yığımında problemlər aradan qalxacaq”

R.Osmanlı vurğuladı ki, bu bölgələrin turizm baxımından əlverişli şərtlərlə qurulması üçün infrastrukturun planlamasına  müvafiq sahənin ekspertləri də cəlb olunmalıdır: “Dağlıq Qarabağ və ətraf  ərazilər kiçik Qafqaz sıra dağlarının cənub hissəsinə düşür, orada turizm potensialı olduqca genişdir. Bu sahədə turizm sektoru, hotelçilik , ictimai iaşə və digər  istiqamət üzrə mütəxəssislərin cəlb olunmasına ehtiyac yaradacaq. Eyni zamanda böyük infrastruktur işlərinin aparılması müxtəlif infrastruktur sahələri üzrə mütəxəssislərə ehtiyac yaradacaq. Çünki həmin ərazilərdə çox sərt relyef mövcuddur. Xüsusən də yol tikintisi, körpü və digər qurğuların salınması üçün. Bu istiqamət üzrə bazara pul axınlarının artımı daşınmaz əmlak bazarı üzrə də əhəmiyyətli bir canlanmaya gətirib çıxaracaq. Həmin istiqamətlərdən bazara pul axını, bazarda nağd pul kütləsini artıracaq. Bunun ziyanlı tərəfi odur ki, inflyasiya göstəriciləri arta bilər. Ancaq bu alqı-satqı həcmlərinin artmasına da gətirib çıxaracaq. Çünki həmin vəsaitlərin bir hissəsi yenidən daşınmaz əmlak bazarına qayıdacaq.

Bu məsələ ilə bağlı müəyyən təkliflər də irəli sürülüb. Ötən illər ərzində qaçqın və məcburi köçkünlərin məskunlaşdırılması məqsədilə tikilən müəyyən mənzil fondu var. Həmin mənzil fondunun istifadəsi də bu gün aktual məsələyə çevrilib. Bu mənzillərin bir hissəsini hökumət şəhid ailələrinə, evsiz olan hərbi qulluqçulara, müharibə iştirakçılarına verməklə yanaşı, Azərbaycan qanunvericiliyindən irəli gələn sosial mənzil fondunun inkişafı üçün də istifadə edə bilər. Azərbaycan qanunvericiliyində sosial kirayə məsələsi var ki, bir sıra istiqamət üzrə dövlət qulluqçularının, ayrı-ayrı vətəndaşların məskunlaşmasında bu məsələnin də kifayət qədər ciddi əhəmiyyəti ola bilər”.

Ekspertin sözlərinə görə, bu proses Azərbaycan iqtisadiyyatına  müsbət mənada öz töhfəsini verəcək və yaxın 3 ildə biz bunun nəticəsini görə biləcəyik: “Yeni iş yerlərinin açılması, azad  edilən torpaqlarımızda kənd təsərrüfatının inkişafı , o  cümlədən iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı üçün imkanlar bu ərazilərdə məskunlaşma səviyyəsinə də müsbət təsir göstərəcək. Aqrar sektorla yanaşı turizm, mədən sənayesi və sair sahələr də var. Bu torpaqların azad edilməsi ilə Azərbaycanın regional əhəmiyyəti də xeyli dərəcədə artır. Yükdaşımaların, nəqliyyat dəhlizlərinin, sərnişindaşıma baxımından ayrı-ayrı sahələrin inkişafı və sair. Bu istiqamətlərdə potensialın yüksək olması Azərbaycanda həmin sahələr üzrə də iqtisadiyyata öz töhfəsini verəcək. Məşğulluğun artımı həmin ərazidən məcburi köçkün düşən vətəndaşların öz yurdlarına qayıtması üçün bir stimul olacaq”.

R.Osmanlı onu da vurğuladı ki, azad edilən ərazilərdə qeyd olunan işlərin görülməsi kifayət qədər böyük maliyyə resursları tələb etdiyi üçün xarici şirkətlərin, investorların cəlb edilməsi də çox vacibdir: “Yalnız daxili imkanlar hesabına bu məsələlərin həll olunması Azərbaycan üçün o qədər də asan deyil, həm də risklidir. Ona görə də xarici investorların, şirkətlərin bu sahəyə cəlb olunması çox vacibdir. Yəqin ki, hökumət də bu istiqamətdə iş görəcək, bildiyim qədərilə artıq müəyyən addımlar atılmaqdadır. Xarici investorların bu sahəyə cəlb olunması mütləqdir. Bu həm  gələcəkdə regional təhlükəsizliyin təmin olunması baxımından önəmlidir, həm də bölgəyə xaricdən pul axınlarının artımı baxımından. Xarici şirkət əgər Azərbaycan ərazisinə gəlib hər hansı iş görürsə, o özü ilə təbii ki, maliyyə vəsaiti də gətirəcək. Həmin maliyyə vəsaitinin böyük hissəsi dövlət büdcəsinə ödəmələr, əmək haqqı ödəmələri və sair formada gələcək”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158000

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930