Vaksinlərlə bağlı ekspertlərdən ilginc açıqlamalar

10.02.2021 - 10:46

Azərbaycan “Sputnik V” və “AstraZeneca” vaksinlərinin birgə tətbiqinə icazə verdi

 

Son günlər dünya mediasında vaksinlərlə bağlı bir-birinin əksi olan məlumatlar yayılmaqdadır, bu isə insanlarda çaşqınlıq yaradıb. Almaniyada yanvarın sonunda  Pfizer/BioNTech vaksininin hər iki dozasının vurulduğu 14 nəfər qocalar evi sakini koronavirusun “Britaniya” variantına yoluxub. ABŞ prezidenti Co Bayden isə deyib ki, ölkədə sentyabradək kütləvi immunitet əldə etmək “çox çətin olacaq”. Bununla da COVİD-19 vaksinlərinin pandemiyanı tezliklə nəzarətə alacağına ümidlər azalıb. “Bu yayın sonuna kütləvi immunitetə nail olacağımız ideyası çox çətin görünür”, – Cozef Bayden deyib.

Bu arada Rusiya vaksini olan “Sputnik V”dünyada ən effektiv vaksin elan olunub. Bu barədə məşhur “The Lancet” jurnalı məlumat yayıb. Yeri gəlmişkən, ötən gün İranda Rusiya istehsalı olan “Sputnik V”  peyvəndi ilə vaksinasiya proqramına başlanılıb. Artıq bir çox suallar  meydana çıxıb. Əgər Rusiya vaksini effektli idisə, nəyə görə ölkəmiz əvvəldən bu peyvəndi  almadı?

“Sputnik V” və “AstraZeneca” ile ilgili görsel sonucu

Yada salaq ki, Azərbaycanda fevralın 8-də 65 yaşdan yuxarı şəxslərin və digər risk qruplarının vaksinasiyasına başlandı. Azərbaycanda vaksin olunanların  yenidən yoluxduğu haqda iddiaları isə TƏBİB  təkzib edib. Nə baş verir, bu narahatlıqlar haradan qaynaqlanır, hansı vaksinə inanaq?  Narahatlıq doğuran bütün bu suallara mütəxəssislərdən cavab almağa çalışdıq.

“Yeni Müsavat”a danışan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə bəzi məqamlara aydınlıq gətirib: “Şəxsin vaksin olunması hələ o demək deyil ki, o yoluxmayacaq. Vaksinasiya olunan şəxslərdə immunitet ikinci həftədən etibarən formalaşmağa başlayır. Təqribən 21-28 gün müddətində ilkin olaraq immunitet formalaşır. Yəni bu müddətdə həmin şəxs yoluxsa, xəstələnəcək. Çünki hələ bizə lazım olan səviyyədə immunitet formalaşmır. Bütün vaksinlər ikinci dəfə təkrarlanır, buna revaksinasiya deyilir. İkinci dəfə də vaksinasiya olunandan sonra immunitetin formalaşması üçün 21- 28 gün vaxt lazımdır. Ümumi olaraq insan birinci və ikinci dəfə vaksin olunandan sonra təqribən 40-42 gün müddətində immunitet formalaşır. Yəni insanlar hər iki doza peyvəndi alandan sonra özünü gözləməlidir, çünki bu müddətdə yoluxma baş verə bilər. Bu gün vaksin olundum, sabah yoluxmaram fikri olmamalıdır. Bu gün vaksin olunan insan 10 gün sonra yoluxa bilər. O ki qaldı vaksin olunanların Britaniya ştammına yoluxması məsələsinə, bu, mutasiya olmuş formadır. Biz əvvəllər də  deyirdik ki, törədicilər mutasiya olursa, vaksinin effekti olmaya da bilər. Mutasiya olanda virusun quruluşunda çoxsaylı zülallar var. Onun hamısı mutasiya olmur, hansısa hədəqəsi mutasiya olur. Onun üçün effektli olmaya da bilər. Amma bu tam sübut olunub-olunmayıb onu deyə bilmərəm”.

Vüqar Cavadzadə ile ilgili görsel sonucu

 Vüqar Cavadzadə 

İnfeksionist Rusiya vaksini ilə bağlı sualı da cavablandırıb: “Bu, dövlətin verdiyi qərardır. Amma fikrimcə,  qardaş ölkə Türkiyə Çin vaksini aldı, onlarda vaksinin tərkibini, effektivliyini, qoruyuculuğunu, təhlükəsizliyini yoxlamaq üçün laboratoriya var. Bizdə isə yoxdur. Türkiyə onu aldı, yoxladı, öz vətəndaşlarına tətbiq elədi, sonra biz aldıq. Əslində çox güvənilən bir addımdır. Çünki türk qardaşlarımıza güvənirik. Əgər biz Rusiyanın vaksinini alsaydıq, onu harada yoxlayacaqdıq? Vaksin təhlükəsiz olmalıdır. Çünki bu geniş əhali kütləsinə vurulur. Onun  üçün biz Çin vaksinlərini aldıq. Qaldı ki, Rusiya istehsalı olan vaksinlərə, heç yerdə rast gəlməmişəm ki, bu peyvəndlər yüz faiz effekt verib. Çünki bir ay əvvəl də internetdə yayımlandı ki, ”Sputnik V” vaksini vurulan şəxslərdə də yoluxmalar var”.

Turanə Rəsulova i ile ilgili görsel sonucu

Turanə Rəsulova 

“Yeni Müsavat”a danışan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) konsultant həkimi, Türkiyənin “Hacettepe” xəstəxanasının azərbaycanlı həkimi Turanə Rəsulova isə bildirib ki, dünyanı koronavirusdan vaksinasiya ilə yanaşı  qorunma tədbirləri – karantin, əl gigiyenası, tənəffüs gigiyenası, fiziki məsafə və maska istifadəsi xilas edəcək: “Doğrudur, Almaniyada qocalar evində xəstələnmə halları, Norveçdə vaksinasiya sonrası yaşlılar arasında ölüm halları qeydə alınıb.  Lakin Almaniyada, Skandinaviya ölkələrində çoxsaylı xəstəlikləri olan yaşlılar var və vaksinin yaratdığı xəfif qızdırma, halsızlıq, əzələ-sümük ağrısı onlarda ağır xəstələnmə və ölümü sürətləndirə bilər və heç vaksinasiya olmasa da, qocalar evindəki ahıllar dünyasını dəyişir. Qısaca olaraq, vaksinasiya sonrası yaşlı populasiyada ölümlərin olmağı Qərbi Avropa ölkələrinin səhiyyə sistemlərini təşvişə salmayıb. Təəssüf ki, virusda baş verən güclü mutasiya onun varlığını sonlandıracaq şəkildə olmadı, tam tərsinə, yoluxuculuğunun, dolayısıyla da xəstələnmə və ölüm hallarının artmasına səbəb oldu”.

ÜST nümayəndəsi Azərbaycanda vaksin sonrası yoluxma ilə bağlı şayiələrə də münasibət bildirdi: “”SinoVac” vaksininin ümumi qoruyuculuğu Braziliya Faz- 3 tədqiqatlarının nəticələrinə görə təxminən 51/100 faiz təşkil edir. Amma orta ağır,  ağır xəstələnmə hallarından 100 faiz qoruduğu təsdiq olunub. Faz 1, Faz 2 araşdırmalarının da nəticəsi çox yaxşıdır.  Yəni vaksin olunan şəxslərin yenidən yoluxma ehtimalı var. Mən də vaksin olunmuşam və yenidən yoluxa bilərəm. Sadəcə olaraq, vaksin olunandan sonra yoluxub xəstəliyi daha yüngül, ayaqüstü və ya simptomsuz keçirmək olar. Bu, məncə, yetərli göstəricidir. Yəni vaksinasiya edilən hər iki nəfərdən biri xəstəliyə yoluxub, onu yüngül keçirmək ehtimalı böyükdür. Faz 3 tədqiqatının nəticələri bunu deyir. Qaldı ki, Rusiyanın “ Sputnik V” peyvəndi ilə bağlı, Türkiyədə bununla bağlı əldə olunan nəticələrin şəffaf olmadığı düşünüldü. Dünyada heç bir dərgidə yayımlanmadı,  peyvəndlər neçə nəfərdə sınaqdan keçdi, neçə nəfərdə pozitiv oldu, neçə nəfər vaksinasiyadan sonra xəstələnmədi. Bunlar hamısı qapalı qaldı, açıqlanmadı. Sonra aidiyyəti olmayan 3-cü şəxs tərəfindən nəticələr açıqlandı. Və dünyanın “The Lancet” kimi böyük tibbi dərgisində bu açıqlamalar rəsmi şəkildə dərc olunur və dünya ona inanmağa başlayır. “Sputnik V” peyvəndi ilə bağlı sübut olunmuş elmi araşdırma nəticəsi görmədik.

Türkiyə praktikasında necə oldu?  “Sputnik V” Türkiyəyə gətirildi, amma mikrobioloji sınaqlardan keçə bilmədi. Laboratoriyada istənilən nəticəni vermədi deyə kütləvi istifadəsinə başlanmadı. Yoxsa alacağı ilk peyvəndlərdən biri olacaqdı. Rusiyanın nəticələrini şəffaf görmədiyimiz üçün, bu gün də Avropa, Qərb ölkələri də bu fikirdədir. Ona görə də o peyvəndin alınması məqsədəuyğun olmazdı. Şəxsən mən Azərbaycanda “Sputnik V” alınsaydı, insanlara könül rahatlığı ilə vaksin olunmağı deyə bilməzdim. “SinoVac”ın nəticələri isə şəffafdır, üç ölkədə fərqli nəticələr əldə olundu. Bunun da obyektiv səbəbləri var. “Sinovac” uzun illərdir istifadəsini, əlavə təsir profilini, təhlükəsizliyini yaxşı bildiyimiz innaktiv üsulla hazırlanmış vaksindir. Bu o deməkdir ki, öldürülmüş virusdan hazırlanıb və orqanizm onu yad maddə kimi tanıyıb ona qarşı immunitet yaradır. Odur ki, hər kəsə könüllü müraciət etməyi tövsiyə edirəm”.

Yazını hazırladığımız zaman vaksinlərlə bağlı yeni bir xəbər də aldıq. Səhiyyə Nazirliyi “Sputnik V” vaksininin və “AstraZeneca” şirkətinin Oksford Universiteti ilə birgə işləyib hazırladığı vaksinin birgə tətbiqi üçün Azərbaycan Respublikasında kliniki tədqiqatların aparılması üçün icazə verib. Nazirlikdən aldığımız xəbərə görə, bu tədqiqatların cari ilin fevral ayının sonuna qədər başlanılması nəzərdə tutulur. Tədqiqatlar “Sputnik V” vaksininin və Oksford Universiteti ilə birgə “AstraZeneca” şirkəti tərəfindən işlənib hazırlanmış vaksinin kombinasiya edilmiş tətbiqinin immunogenliyini və təhlükəsizliyinin qiymətləndirilməsini nəzərdə tutur. Tədqiqat proqramı bir neçə ölkənin ərazisində 6 ay davam edəcək. Bu tədqiqatların aparılmasına hər bir ölkədən 100 könüllünün cəlb edilməsi planlaşdırılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161024

XƏBƏR LENTİ

virtual_roadi

05.05.2021Sevgi Ünvanı
Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31