Qərb savad(sızlığ)ına doğru…

22.06.2015 - 21:15

99338_res_01Bu günlərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) növbəti “qara statistika”nı açıqladı. Söhbət Bakı şəhərində yerləşən orta məktəblərin buraxılış siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının nəticələrindən gedir.

Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 55.85.%-i ana dili fənni üzrə, 57.98%-i riyaziyyat fənni üzrə “2” və “3” qiyməti alıb. Həmin bölmədə buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin “uğurları” isə bu cür olub: 45.67.% ana dili fənni üzrə, 35.3 % – riyaziyyat fənni üzrə “2” və “3” qiymətlərinə layiq görülüb.

Bu rəqəmlər az qala təhsil sisteminin mövcudluğunun gərəkliyini sual altına alır. Madam ki vəziyyət bu cürdür, qeyri-rəsmi formada total kommersiyalaşmış təhsil ölkəyə obskurantizmin zəfərini bəxş edibsə, nəticələrdən isə heç kəs narazı görünmürsə və vəziyyəti dəyişmək üçün illər boyu heç bir tədbir görülmürsə (əksinə, vəziyyət ildənilə daha da pisləşir), onda ümumiyyətlə təhsil sistemində nə ilə məşğul olurlar?!

Əlbəttə, ovunmaq olar ki, indi bütün dünya savadsızlıq kursu ilə gedir. Yəni qloballaşmadır, biz niyə başqalarından geridə qalaq (yəni savadda onlardan irəli çıxaq)?! Bir sözlə, klassikin kəlmələrini təkrarlasaq, “düz yolla gedirsiniz, yoldaşlar”.

Habelə bəllidir ki, sinifli cəmiyyətlərdə təhsil də sinfi mahiyyət daşıyır. “Seçilmişlər” üçün bir, “aşağı siniflər” üçün başqa təhsil var. Yalnız sovet dövründə bu, başqa cür olub: SSRİ-də səviyyəli təhsil hamı üçün idi və hamı eyni cür təhsil alırdı.

İllərlə əvvəl “Realnıy Azerbaydjan” qəzetinin səhifəsində o vaxtkı təhsil nazirinin o vaxtkı gənc müavininin orfoqrafik səhvlərlə “zəngin” məktubu dərc olunanda artıq azəri təhsil sisteminə birdəfəlik diaqnoz qoymaq olardı. Xəstəliyin bütün klinik mənzərəsi gözlər önündə idi.

Ancaq görünür, bu tip bədnamlıqlar yalnız sovet təhsili alanların təəccübünə səbəb ola bilərdi. Çünki indi getdiyimiz istiqamət, yəni Qərb üçün bu cür hadisələr adidən adidir. Və necə deyərlər, “niyyətin hara – mənzilin ora”. Qərbə gedəsən və səhvsiz yazasan? Olmaz belə şeylər.

Məsələn, “Savadsız Amerika” kitabının müəllifi Corc Kouzol ABŞ Təhsil Nazirliyinin statistik göstəricilərindən istifadə edərək yazır: ABŞ-da savadsızların sayı hər il daha 2 milyon nəfər artır, hazırda isə bu göstərici 60 milyon nəfərdir.

Yaxud ABC telekanalı Dövlət Təhsil Agentliyinə istinadən məlumat verir ki, ABŞ-da əhalinin 36 faizi savadsızdır. Unutmayaq ki, ABŞ-da savadlılıq kriteriləri də çox bəsitdir: fərd oxumağı bacarırsa, avtobus qrafikindən baş açırsa və işə qəbul üçün özü ərizə yaza bilirsə, o, artıq savadlı sayılır. Yəni Yerin kürə formasında olduğunu, Pifaqor teoremini, hətta vurma cədvəlini bilməsə də olar. Bu bilgisizlik onu savadlı saymağa maneə deyil.

Avropada da vəziyyət kəskin fərqlənmir. Məsələn, Hollandiyada 250 min nəfər savadsız (əhalinin 1,5 faizi) və 1,3 milyon nəfər (əhalinin 7,9 faizi) funksional savadsız var.

Nədir funksional savadsızlıq? Əgər fərd oxuduğu mətni və ya ayrı-ayrı cümlələrin mənasını qavraya bilmirsə, o, funksional savadsız sayılır. Təbii ki, bu cür şəxslər normal əmək fəaliyyəti ilə məşğul ola bilmirlər.

Yaxud İrlandiyada orta məktəbi bitirənlərin 25 faizi funksional savadsızdır. Daha 20 faiz irland isə yalnız sadə mətnləri oxuya və yaza bilir. Beləliklə, əhalinin 45 faizi savadsız və funksional savadsızdır.

TQDK-nın son statitik göstəriciləri isə təsdiqləyir ki, Avropaya çatmağımıza bir şey qalmayıb. Əsl “Avropa standartları”na uyğun təhsilimiz var.

***

Savadın da, biliyin də vacib olmadığını təbliğ edən faktlar qar topası kimi çoxalmaqdadır. Bu isə artıq tendensiyadan da yox, yeni normalardan xəbər verir.

Dünyanı savadsızların idarə etdiyinə ən bariz nümunə balaca Buş oldu. Sovet dönəmində maksimum texniki peşə məktəbini bitirə biləcək birisinin ABŞ-ın prezidenti ola bilməsi qlobal savad böhranından xəbər verir. Və bu böhran getdikcə dərinləşməkdədir.

Başqa bir misal: Böyük Britaniyanın keçmiş baş naziri Qordon Braun Əfqanıstan və İraqda həlak olan əsgərlərin ailələrinə təsəlli məktubu yazmaqda vərdişli idi, ancaq hər dəfə də bu kiçicik məktubda xeyli orfoqrafik səhvlər buraxırdı.

Axır ki, oğlunu itirmiş bir ana – Ceki Ceyns buna dözmədi və baş nazirin məktubunu qəzetlərə yolladı. 3 cümləlik mətndə əvvəla, qadının familiyası da, həlak olan əsgərin adı da səhv yazılıb. İkincisi, mətndə daha 18 səhv var!

Təsəvvür edin – bizdə ən pis oxuyan şagird də hələlik bu qədər səhv buraxa bacarmaz (təbii ki, hələlik).

Məktubu “San” qəzeti dərc edir, sonra onun fotonüsxəsi internetə qoyulur. Telekanallarda isə baş nazirin səhvlərini tapmaqla tamaşaçılar məşğul olur. Sonra da məlum olur ki, Braunun indiyədək əsgər valideynlərinə yazdığı bütün məktublarda İSTİSNASIZ olaraq çoxlu səhvlər olub.

Baş nazir baş verənlərdən kədərləndiyini bildirərək Ceki Ceynsdən üzr istəyir. Məntiqlə o, məktub yolladığı bütün valideynləri tapıb üzr istəməlidir.

Baş nazir baş verənləri tələskənliklə bağlayır. Ancaq bəllidir ki, insan bir işi təkrar-təkrar görürsə, onu mexaniki olaraq da görə bilir. Və əgər işi həmişə səhv görürsə, mexaniki olaraq da səhv görəcək. Və həmişə səhv görəcək. Çünki bu, savad problemidir.

Məsələ ondadır ki, Qordon Braun tək deyil. Onun bir çox qərbli həmkarları da onunla eyni savad dərəcəsindədir. Kimi yazanda, kimi danışanda səhv buraxır. Bu da xrestomatik misallar:

Bir dəfə Ronald Reyqan demişdi: “Mən əmr etmişəm ki, ölkədə baş verən istənilən fövqəladə hadisəyə görə məni oyatsınlar. İstənilən vaxt məni yuxudan oyada bilərsiniz, hətta mən hökumətin iclasında olanda da…”

Nə deyəsən, hökumətin iclası yatmaq üçün ən müvafiq yerdir.

Yaxud İspaniyanın keçmiş müdafiə naziri Federiko Trillodan misal. O, 2003-cü ildə Salvadorda olarkən qışqırmışdı: “Yaşasın Honduras!”

Oxşar situasiyada ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyni də olub. Bu da onun Venesuela lideri Uqo Çaves haqda düşüncələrindəndir: “Peru xalqı daha yaxşı liderə layiqdir. Ancaq aydındır ki, bunu onlar müstəqil həll etməlidir”.

Balaca Buş isə bir dəfə demişdi: “Qubernator sənəti, yaxud mənim kimi birinci ledi sənəti heç də çətin iş deyil”.

Qəribə illərə gəlib çıxdıq. Savadsızların, debil və idiotların prezidentliyi də, nazirliyi də qətiyyən çətin iş deyilmiş…(virtualaz.org)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=26942

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728