“Türkiyə üçün sovuşmayan təhlükə: Hədəf Ərdoğandır! – millət vəkili yazır…

23.07.2016 - 21:07

rr-174Türkiyədəki siyasi situasiya ilə bağlı fikirlər, analizlər heç vaxt indiki qədər haçalanmayıb. Həqiqətən. Yəni, əvvəllər ən azından opponentlərlə hansısa məqamda ortaq nöqtəyə gəlmək olurdu. Hazırda bu mümkünsüzdü. Birmənalı şəkildə.
Əslində “Atatürk”dəki terror anonsundan sonra Qərbin daha şiddətli həmlə ilə hücuma keçəcəyi kimsədə şübhə doğurmurdu. Sadəcə 90 milyonluq Türkiyənin məkan spektrini təxmin etmək olmur. Ki, növbəti zərbə haradan gələ bilər. Bu səbəbdən “ordu qurğusu” hesablana biləcək son variant olmasa belə ilk ehtimal edilən də deyildi. O anlamda ki, Ergenekon davasından üzü bu yana məlum istiqamətdə təmizləmə prosesi səngiməmişdi, daxildəki xəyanətkarlar, “Pensilvaniya kumandası” ilə idarə olunan irz düşmənləri davamlı şəkildə ifşa olunurdu, siyasi süzgəcdə qalsa – qalsa paralelçilərin artıq – urtuğu qalardı.
Amma demək ki, hər kəs yanılıb.
Ərdoğanı son olaylarda qınayanlar heç şübhəsiz fakt defisiti sindromu yaşayır. Ayrıca, adamın müdafiəçiləri də yarıtmazdır. Bu da başqa bir mövzu. Amma sui-qəsdin, vəhşi taranın yarımca addımlığında olan və…son anda bir “skayp” müraciəti ilə müdhiş burulğandan çıxmağı bacaran birisi qamətini düzəldincə heç şübhəsiz, radikal addımlar atmalıydı. Bu bir lider refleksidir, bu bir insani instinktdir. Anlayın, lütfən!
Mövcud beynəlxalq siyasətdə cəllada qarşı susqun qalmaq cəlladın qılıncını itiləmək anlamı daşıyır. Ərdoğan isə çox uzun zamandır nəinki cəllad, hətta qəssab təfəkkürlü qüvvələrin hücumunu dəf etməklə məşğuldur. İllərdir dişi ilə, dırnağı ilə qurub yaratdığı Türkiyəni “lotu” ların ovucuna peşkəş etməmək üçün vuruşur, İstanbulun Qahirə olmaması üçün savaşır, Anadolunun növbəti Qərb vilayətinə çevrilməməsi üçün çalışır…
O, öz qürurundan keçib Türkiyə adına Rusiyadan üzrxahlıq elədi, İsrailin könlünü aldı : 2-ci dünya müharibəsindən sonra Amerikaya qarşı formalaşmış olan ən böyük güclərdən birini – İsrail, Rusiya, Türkiyə İttifaqını həssas nöqtəyə qədər təkbaşına gətirdi. Halbuki, Qərbin hələ də Bjezinski təfəkkürü ilə işləyən “beyin institutları” zamanında Suriya sərhədində Türkiyəyə qarşı xəyanət planı cızmasaydı, üzdə bir daldada ayrı “tərəfdaşlar” miqrant problemi ilə bağlı verdiyi sözlərin arxasından qaçmasaydı, paralelçilərin əli ilə orduya yerləşdirilmiş xəyanətkarlar rus təyyarəsini vurub ortalığa böyük bir nifaq salmasaydı, İranı qazandım deyib o biri tərəfdən İsraili taleyin ümidinə buraxmasaydı, Putinin gücünü hesablamadan, önəmsəmədən Rusiyaya qarşı səlib yürüşünə başlamasaydı indi ortalığa tam başqa bir mənzərə hakim kəsilərdi. Fəqət, qatar artıq gedib və niyəsə hər şeyin günahkarı kimi də məhz Türkiyə hədəfdədir!
Ərdoğanın yükünü isə sadəcə təsəvvür edin. Lütfən:
Anlayır ki, söhbət onun söhbəti deyil, plan Türkiyəni çökdürmək planıdır. Fəqət, bunu abardıb siyasi ritorika halına gətirsə, milliyyətçi kəsim müxtəlif ittihamlarla “minnət damğası” vuracaq. Nüfuzuna zərbə dəyəcək.
Dərin mətləbləri bilir, lakin bu lənətə gəlmiş mətləblər, edilən hədələr, gələn ismarıclar, vurulan zənglər açıqlanası şeylər deyil, açıqlansa gərək “Wikileaks”ın ölənlərinə bütün kainat boyunca rəhmət oxunsun.
Hüquq-mühafizə orqanlarını təmizləyir, ordu ələ alınır, müəllimi təmizləyir, həkim ələ alınır, PPK-nı zərərsizləşdirir, İŞİD qızışır, sağı güdür sol partlayır, qabağını güdür arxadan badalaq atılır…
Terror ardınca terror, zərbə dalınca zərbə. Çevriliş əsgər əli ilə edilir, onu polislə sakitləşdirir. Ölümün cənginə gəlir, gözünü yumub həyatını nəzir edir. Xalqı inandırır, müxalifət qalır. Tankın qabağını kəsir, Qərbin (çevriliş planı baş tutmayacağı halda) “B” planında rol alan 3-4 saqqallının zibilinə keçir, polisə “xalqla bərabər əsgərini də qoru” təlimatını verir, küçənin ortasında həmin əsgəri soyunduran, dövlətə heç bir dəxli olmayan, paralelçilər tərəfindən meydana sızdırılmış 5-6 missioner “debil”in məsuliyyətinə məcburən şərik olur…
Bu yükü TÜRK adına yüz ildən bəri çəkməyi bacaran tək adamdır – Ərdoğan!
Ordu inqilablarını xatırlayın. Məlumatınız yoxdursa, kitab açıb oxuyun. Hər çevriliş Türkiyəni ən az 30 il geri salıb, ölkə iqtisadiyyatını bəs-bəlli tənəzzülə uğradıb + bu inqilabların əksəriyyəti tarixə qətliamlarla, sui-qəsdlərlə, baş kəsimləri ilə, üzərindən qan damlayan hərflərlə gömülüb: Menderes xalqın gözü qarşısında asıldı, Celal Bayar, Süleyman Dəmirəl olmazın təhdidlərin qarşısında duruş gətirə bilmədi, ölkə on ildən bir “refreş” edildi, viran günə qoyuldu. Sonucda isə “marionetka”lar kürsüyə qalxıb, mütləqi-hakim oldu.
Və…16 iyul – çevriliş cəhdi miqyas etibarilə indiyə qədər düzənlənənlərin ən böyüyü idi. Sadəcə Ərdoğan onların devirdiklərindən deyildi. Ərdoğan onların hesabladıqlarından, onların bu günə qədər bacardıqlarından deyildi…
Ərdoğan Menderes deyildi, Celal Bayar deyildi, Süleyman Dəmirəl deyildi…
Ərdoğan Ərdoğandı. RƏCƏB TAYYİB ƏRDOĞAN! Əvvəldən sonacan böyük hərflərlə….
Yerindən duran son çevriliş cəhdinə “şou”, prezidentin “öz oyunu” deyib keçir. Nə şou, nə danışırsınız siz? Ya da mövzuya lap sizin baxış acınızdan, prizmanızdan baxdıq. O zaman sual edirəm: Hətta düşündüyünüz olsa belə, bənzər şouların proses gedişində real çevriliş mərhələsinə keçmə riski yüzə-yüz deyilmi? Hər an dinamika tərs istiqamətə dəyişə bilməzdimi? Plan alt-üst olmazdımı?

Bəlkə Kılıcdaroğlunun, Bahçelinin bəyanatları da öncədən hazırlanmışdı? Yoxsa xəyanətkar generalların istintaqa verdiyi ifadələr, əsir götürülən ordu komandirinin boynundakı ip izi, Ərdoğanın son anda sui-qəsddən qurtulması, Baş Nazirin kaymakam evində gecələməsi, müxalif medianın gözlənilmədən iqtidara müdhiş dəstəyi də şou idi? Allah xətrinə, bir az məntiqlə düşünün…
Çevriliş estafetinin niyə bütün ölkə deyil də, məhz İstanbul və Ankara üzərindən start götürməsi axı alibi sayıla bilməz. Niyə israr edirsiz? Zatən bütün çevrilişlər bu cür olur, əzizlərim. Paytaxt, strateji obyektlər, dövlət televiziyası nəzarətə keçdisə, bu artıq görüləsi işin 50 faizi deməkdir. Hər halda inqilabçı gedib ət dükanında qəssabı girov götürəsi deyildi. Ya da məktəbdə hansısa müəllimi. Bütün çevrilişlər lokalizə olunmuş bəlli xətt üzrə irəliləyir. Elə ancaq Ərdoğana qarşı sui-qəsd planı baş tutsaydı, ( MİT belə informasiya operativliyində gecikmişdi – fiziki məhvin qarşısı saniyə etibarilə alınıb) ya da 3-4 nazir dabanına tüpürüb qaçsaydı nə indiki Türkiyədən əsər – əlamət olacaqdı, nə TRT spikeri ağlaya-ağlaya çıxıb “səhv”ini düzəldəcəkdi, nə AKP ard-arda dəstək mesajları alacaqdı, nə də bir beynəlxalq təşkilatın yetkilisi Konstitusion quruluşa qarşı bu dəhşətli cinayəti pisləyəcəkdi…
Dərd odur ki, bu şöğərib dünyada qaliblər hətta baş kəsəndirsə belə, müzakirə olunmur….
Bəli, Ərdoğanı sevməyə, onu bəyənməyə məcbur deyilsiniz. Bu sizin ən doğal haqqınız. Amma bir həqiqətə hörmətlə yanaşmağa mütləq şəkildə borclusunuz: Haqqında bəhs etdiyiniz insan Türk xalqının seçimi və ən az 40 milyon səslə son 15 ildə keçirilən bütün seçkilərin qalibidir. Yəni, absurd bir illüziazm üzərindən “molla rejimi” dediyinizdə də SÖZ 40 milyon ünvana haçalanır, demokrat dediyinizdə də.
Və…tarix boyunca Türkiyənin Baş Naziri, Prezidenti qismində Ərdoğan qədər Azərbaycan üçün, Qarabağ üçün ürəkdən can yandıran ikinci bir liderin, dostun, həmfikirin olmadığını da unutmayın….
Elşən Musayev, Milli Məclisin deputatı

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=70964

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930