Dünya və Azərbaycan mediasının “öldürdüyü” məşhurlar – ilginc siyahı

25.08.2017 - 10:12

Onları əcəl yox, jurnalistlər “haqladı” – Obamanı Baloğlan Əşrəfovla birləşdirən ortaq tale

Bu, mətbuatda tez-tez baş verən hallardan biridir. Bir də görürsən, günün əvvəlində hansısa məşhurun ölümü ilə bağlı bir sayt xəbər yaydı. Cəmi yarım saatın içində bu sayt o birinə istinad edə-edə bütün ölkəyə həmin şəxsin ölməsi ilə bağlı xəbər yayılır. Günün sonunda öldüyü iddia edilən məşhur çıxıb açıqlama verir ki, mən ölməmişəm, sağam və bu xəbəri yayanlar qərəzlidir, qeyri-professionaldır və sair və ilaxır. Necə deyərlər, bu, bir klassikadır. Həm ölkə, həm də dünya mediasında.

“Başı batsın məni öldürənin…”

“Yeni Müsavat” bu günə qədər ölüm xəbəri yayılan məşhurlarla bağlı arayış hazırlayıb. Gəlin, tanış olaq: bu günə qədər jurnalistlər kimləri və niyə “öldürüb”. Bir neçə il öncə mediada məşhur Azərbaycan müğənnisi, əməkdar artist Baloğlan Əşrəfovun dünyasını dəyişməsi haqda yayılan xəbərlər təsdiqini tapmadı. Xatırladaq ki, bu xəbəri dosye.org saytı yaymışdı. Amma üzərindən bir neçə dəqiqə keçdikdən sonra adıçəkilən sayt yaydığı xəbəri təkzib edib. O da dünyasını dəyişməsi barədə xəbəri həmkarı Yusif Mustafayevdən eşitdiyini bildirmişdi: “Maşallah, sağ-salamat evimdə oturmuşam, ölüm xəbərimi yayırlar. Mənə də Yusif Mustafayev dedi, xəbərim yox idi. Yusif zəng vurub hal-əhval tutduqdan sonra dedi ki, məndən sənin ölüm xəbərini soruşurdular. Belə olmaz axı! Başı batsın o xəbəri yazanın. Lənətə gəlsin onu. Bu insan kimdirsə, düşmənçiliklə yayır bu xəbəri. Təxribatdır mənə qarşı. Başqa nə ola bilər ki? Mənim əzizlərim, doğmalarım eşidib narahat olurlar”.

Image result for Baloğlan Əşrəfovun

B.Əşrəfov demişdi ki, onunla bağlı bu xəbəri yayanlar məhkəmə qarşısında cavab verəcəklər: “Hər kimdirsə, onu tapıb məhkəməyə verəcəm. Birinci hansı sayt, hansı jurnalist yazıb onu qanun yolu ilə cəzalandıracam. Belə etməsəm, sabah bir başqası da istədiyini yazar”.

Rikki Martin də “sağkən ölənlər” karvanına qatılıb

Image result for Rikki Marti

2014-cü ilin yanvarında məşhur ulduz Rikki Martinin nümayəndələri müğənninin ölüm xəbəri ilə bağlı şayiələri təkzib ediblər. Müğənninin yaxın adamları Rikki Martinin yaşadığını bildiriblər. “O, bu yalanın qurbanı olmuş məşhurların karvanına qoşulur. O əvvəlki kimi sağ və sağlamdır” deyə, müğənninin nümayəndələrindən biri deyib.

Qeyd edək ki, məşhur ulduz Rikki Martinin ölüm xəbəri ABŞ-ın ABC 10 kanalından verilib. Qısa bir zaman kəsiyində bütün sosial şəbəkələr Martinin ölüb-ölmədiyini müzakirə ediblər. Xəbərdə polis zabiti kameraların qarşısına çıxaraq Martinin Los Ancelesdə keçirdiyi qəza nəticəsində öldüyünü açıqlayır. Onun danışdığından dərhal sonra qəzanın görüntüləri efirə verilib.

Image result for Ağaxan Abdullayevin

Muğam ustası Ağaxan Abdullayevin dünyasını dəyişməsi barədə xəbər də bir neçə il öncə interpress.az saytı tərəfindən yayılmışdı. Lakin Ağaxan Abdullayevin oğlu məlumatı təkzib edib. O bildirib ki, atası sağdır və facebookda atası ilə fotosunu paylaşıb.

2013-cü ildə isə “Univision” mahnı müsabiqəsinin iştirakçısı olmuş Samir Mustafayevin ölüm xəbəri yalan çıxdı. Ölüm xəbərini mətbuatdan oxuyan Samir Mustafayevin dostları şoka düşüblər. Əslində isə ölən şəxs müğənni olmayıb. Sadəcə, adı və soyadı müğənni ilə eyni olub. Gənc müğənni hadisə ilə bağlı şəxsi facebook səhifəsində bunları yazıb: “Bir portal məni az əvvəl öldürdü, utanın!”

Onu da qeyd edək ki, Bakıda qətlə yetirilmiş 26 yaşlı Tərtər sakini Samir Mustafayevin, ümumiyyətlə, şou-bizneslə əlaqəsi yoxdur.

Yerli mətbuatda uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Xanım Qafarovanın ölüm xəbəri də bir neçə dəfə yayılıb. Artıq haqqın rəhmətinə qovuşan sənətçinin ölməzdən əvvəl bir neçə dəfə belə ölüm xəbəri yayılıb.
“Yəqin məni istədikləri üçün belə şayiə yayıblar”

2014-cü ilin mayında sosial şəbəkələrdə xalq artisti Arif Quliyevin ölüm xəbəri yayılıb. Artist jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Şamaxıdan kino çəkilişindən qayıdır: “Yəqin məni istədiklərindən belə şayiələr yayırlar”.

2012-ci ilin sentyabrında sabiq səhiyyə naziri, hazırda həbsdə olan Əli İnsanovun dünyasını dəyişməsi barədə xəbər yayılıb. Keçmiş nazirin gecə saatlarında 13 saylı cəzaçəkmə müəssisəsində vəfat etdiyi deyilirdi. Eks-nazirin vəkili Toğrul Babayev açıqlamasında Əli İnsanovla bağlı bu xəbərin yalan olduğunu bildirmişdi. Vəkil: “Mən də bunu mətbuatda oxudum. Yalan xəbərdir. Əli İnsanov hazırda həbsxanadadır, sağdır və deyilənlər yalnız şayiədən ibarətdir”.

Ölüm xəbəri yalan çıxan məşhurlardan biri də tanınmış şair, tərcüməçi Məmməd Aslandır. Xəbər yayılandan sonra jurnalistlərə açıqlama verən şair bu xəbərin onu istəməyən şəxslər tərəfindən bilərəkdən yayıldığını söyləyib. O qeyd edib ki, hazırda telekanallardan birində canlı yayıma hazırlaşır: “Mən hazırda Sumqayıtdan Bakıya gəlirəm. Televiziyada canlı yayımda xalqımız görəcək ki, mən ölməmişəm, yaşayıram”.

Məmməd Aslan onu da bildirib ki, əvvəllər də onun ölümü barədə şayiə yayılmışdı: “Amma görürsünüz ki, mən indi də sağam və öz işimlə məşğulam”.

15 dekabr 2014-ci ildə tənqidçi Cavanşir Yusiflinin ölüm xəbəri yalan çıxdı. Cavanşır Yusifli mediaya açıqlamasında qəzəbli danışıb və bildirib ki, bu, saytlardan birinin oyunur: “Adamı öldürən Allahdır. Əks təqdirdə, bu şərəfsizlərin əlində qalardıq”.
Xatırladaq ki, tənqidçinin ölüm xəbərini yazıçı Əlabbas vermiş, C.Yusiflinin ürək çatışmazlığından öldüyünü bildirmişdi.
Yalandan ölüm xəbəri yayılan məşhurlardan biri də Azərbaycanın tanınmış şoumeni və teleaparıcısı Kamran Həsənli olub. Bu məlumat şoumenin qonşusu olduğu iddia edilən şəxs tərəfindən mediaya ötürülmüşdü. Amma aparıcı bu xəbəri belə təkzib edib: “Dünyamı dəyişməmişəm, yaxşıyam. Bilmirəm, mənim ölüm xəbərimi yaymaqla nə əldə etmək istəyirlər? Bayaqdan telefonum susmur. Bütün qohumlarım mənə görə narahatdır. Onu da deyim ki, nə vaxtsa rəhmətə gedəcəyik. Allahın işinə qarışa bilmərik. Ancaq hələ ki cavanam (gülür)”.

Müğənni Səyyad Əlizadənin ölüm xəbəri isə 2012-ci ilin noyabrında yayılmışdı. O, açıqlamasında haqqında yayılan məlumatlardan xəbərdar olduğunu bildirib: “Qəzaya düşməmişəm. Belə xəbəri niyə yayıblar, bilmirəm”.

Qorbaçovu da sağ olanda öldürüblər,

Barak Obamanı da

Düşünməyin ki, belə yalançı xəbərlər ancaq şou-biznes nümayəndələrinin başına gəlir. SSRİ-nin birinci və sonuncu prezidenti, Azərbaycan xalqına qarşı erməni soyqırımının təşkilatçılığını etmiş Mixail Qorbaçovun da bir neçə dəfə ölüm xəbərləri yalan çıxıb. Qorboçov ölməsi barədə xəbərləri özü təkzib edərək yaşadığını və fəaliyyət göstərdiyini bildirmişdi. Qorbaçov bu şayiələrə belə reaksiya verib: “Mənim ölüm xəbərimlə yüksək qonorarlar almaq istəyənlər məyus olublar. Onlar bunu görməyəcəklər”.

ABŞ-ın eks prezidenti Barak Obamanı düz iki dəfə “öldürüblər”. 2011-ci ilin iyulunda naməlum şəxs ABŞ-ın “Fox Nevs” telekanalının siyasət şöbəsinin rəsmi twitter səhifəsini ələ keçirərək orada sabiq prezident Barak Obamanın öldürüldüyü barədə məlumat yerləşdirib. Gecə saatlarında telekanalın foxnevspolitics səhifəsi özünün 33 minlik oxucularına Barak Obanın öldürülməsinin təfərrüatlarını məlumat verməyə başlayıb.

“Barak Obama indicə aramızdan getdi. Prezident qətlə yetirilib. İyulun 4-ü üçün bu çox kədərli məlumatdır” – deyə yazılarda deyilib. Daha sonra məlumatda deyilib ki, odlu silahdan yaralanan prezident çoxlu qan itirdiyinə görə vəfat edib. Guya naməlum şəxs “Ross” restoranında prezidentə iki dəfə silahdan atəş açıb.

Bundan sonra rəsmi twitter səhifəsini ələ keçirən naməlum şəxs Obamanın ailəsinə başsağlığı verib. Qeyd edək ki, dünyada minlərlə mikrobloq istifadəçisi bu provokasiyaya uyaraq məlumatı paylaşıblar.

8 noyabr 2014-cü ildə də ABŞ prezidentinin ölüm xəbəri yayılıb. Birləşmiş Ştatların CNN telekanalı efirdə səhvən Obamanın öldüyünü bildirib. Məlumata görə, “OutFront” televiziya proqramı “əl-Qaidə” terror qrupunun liderlərindən biri Üsəma bin Ladenin ölümü ilə bağlı xəbərdə “Osama” əvəzinə “Obama” yazıb. “Obamanı öldürən hərbçi əhalinin tənqidinə məruz qaldığını bildirib” – CNN efirdə qeyd edib.

2014-cü ilin sentyabrında ölüm xəbəri ilə dünyaya səs salan daha bir məşhur isə “Rembo” kimi tanıyıb sevdiyimiz məşhur aktyor Silvester Stallone olub. Qəzaya uyğun təqdim edilən fotonun ötən il baş verən və 53 yaşlı kişinin ölümü ilə nəticələnən qəzaya məxsus olduğu və Silvesterlə heç bir əlaqəsinin olmadığı təsdiqlənib. Silvesterin yaxınları iddia edir ki, insanlar bu xəbərin sayəsində pul yığmağa çalışıblar.

Rusiya estradasının primadonnası Alla Puqaçovanın ölüm xəbəri da Azərbaycan mediasının “üz qarası”dır. Yanlış tərcümə nəticəsində müğənninin verdiyi müsahibə onun ölüm xəbəri kimi sürətlə tirajlanıb. Bəzi Rusiya kütləvi informasiya vasitələri onun ailəsində faciəvi hadisənin baş verdiyini, ifaçının da az qalsın bu səbəbdən öləcəyi haqqında yazıblar. Belə ki, Alla Puqaçova xeyli müddət idi ki, jurnalistlərin qarşısına çıxmırdı. Sonuncu dəfə uzun fasilədən sonra mətbuat konfransı keçirən isə primadonna səhhətindən şikayətlənmişdi.

“Mən yuxumda gördüm ki, oğlum xəstələnib. Bir neçə gün sonra Harri həqiqətən xəstələndi. Bərk qorxdum. Amma həkimlər dedi ki, bu, adi soyuqdəymədir. Doğrudan da belə imiş və bir neçə günə oğlum tamamilə sağaldı”, – deyən Alla Puqaçova oğlundan sonra özünün də səhhətinin pisləşdiyini deyib. “Bir an mənə elə gəldi ki, mən indi elə yerimdəcə öləcəm”, – deyə primadonna etiraf edib.

Aydın olub ki, rus estradasının primadonnasına heç nə olmayıb. Sadəcə olaraq, o, gördüyü yuxuya görə çox narahat olub. Beləliklə, Harri sağalandan sonra Puqaçova da özünü yaxşı hiss edib. Yerli jurnalistlər isə “az qaldı ölüm” cümləsini “öldü” kimi tərcümə edərək, yanlışlığa yol veriblər.

2014-cü ilin noyabrında isə Ramzan Kadırovun İŞİD Tarxan Batiraşvalinin (Ömər əş Şişani) ölməsi ilə bağlı verdiyi xəbər yalan çıxıb. Bu haqda Gürcüstanın “Rezonansi” qəzeti yazıb. Pankisi dərəsinin ağsaqqalları qəzetə müsahibə veriblər. Ağsaqqallar Şurasının sədri Xaso Xanqoşvili bildirib ki, Tarxanın dostları onlara zəng edərək, hər şeyin yaxşı olduğunu bildiriblər. Şişani ölsəydi, ailə üzvlərinə mütləq xəbər verilərdi.

Pankisi dərəsi kənd sakini Ayuf Borçaşvili adında sakin də səhra komandirinin sağ olduğunu təsdiq edib.

İŞİD qüvvələrinə komandalıq edən Ömər əş Şişani təxəllüslü Gürcüstan vətəndaşının 2013-cü ildən bu yana çıxan beşinci ölüm xəbəridir.

Tarkanı jurnalistlər yox, virus “öldürüb”

2014-cü ilin iyulunda facebook sosial şəbəkəsində türkiyəli məşhur müğənni Tarkanın avtomobil qəzasında həlak olması ilə bağlı xəbər linkləri paylaşılıb. Az sonra məlum olub ki, bu, sadəcə, virusdur. Xəbər cəlbedici olduğundan minlərlə istifadəçinin hesabı bu virusa yoluxub. Bu tipli linkləri gördüyünüz zaman onları açmamağınız məsləhətdir.
Qeyd edək ki, bu, meqastarla bağlı ilk belə xəbər deyil. Belə ki, 2011-ci ildə də onun ölüm xəbəri yayılmışdı.

musavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=98659

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31