Bakının gecə klubunda erməni-daşnakın mahnıları səslənir

16.08.2014 - 13:21

“Daşnaksütyun” partiyasının üzvü Sebu Simonyan Azərbaycan paytaxtına necə “ayaq açıb”…

Son illərdə dünya musiqisinin əsas hadisələrindən biri “Capital
Cities” rok qrupunun kəşf olunmasıdır. Los-Ancelesli 2 gənc oğlanın
yaradıcılıq dueti olan pop qrup 2011-ci il iyunu 7-də buraxdığı ilk
“sinql” – “Safe and Sound” (Bütöv və Toxunulmaz) mahnısı ilə əsas musiqi
çartlarının zirvəsinə qalxdı. Dünya musiqi bazarının bir hissəsi olan
Azərbaycanda da mahnı populyarlıq qazandı. Xüsusən 2013-cü il “Safe and
Sound”a çəkilən obraz və vizual effektlər baxımından zəngin klip bu
populyarlıq maniyasını daha da artırdı.

2013-cü ildə keçirilən “MTV Music Awards” illik musiqi
mükafatlandırma mərasimində həmin mahnı “Ən yaxşı vizual effektlər”
nominasiyasında qalib gəldi. Bu gün də Bakıda gənclərin kütləvi
istirahət etdikləri əyləncə mərkəzlərində, gecə klublarında, “pab”larda,
restoranlarda “Capital Cities”in repertuarından olan mahnılara rast
gəlmək mümkündür. Musiqidən həzz almağa çalışan müasir Azərbaycan
gəncliyinin rezonans doğurmuş qrupun mahnılarını dinləməsində heç bir
qəbahət yoxdur. Lakin müəyyən faktlar var ki, onları bilmək qayğısız
gənclərimiz üçün önəmli ola bilər.

Bu mənada modern.az saytı “Capital Cities” qrupu barədə ölkə
sakinlərinin, xüsusilə də gənclərimizin bilməli olduqları bəzi faktları
diqqətə çatdırmağı vacib hesab edir. Əvvəlcə qpun 2 nəfərlik
kollektivinə – Rayan Merçant və Sebu Simonyana nəzər salaq.

Sonuncunun erməni millətindən olması da millətçilik, irqçilik və
bütövlükdə, ksenofobiyanı qəbul etməyən musiqi həvəskarları üçün önəmsiz
bir detal ola bilər. Təbii ki, istedad və yaradıcılıq millətçi
stereotiplərdən azad olmalıdır. Lakin Sebu Simonyanın şəxsiyyətinə
ətraflı nəzər saldıqda onun sadə bir Amerika ermənisi olmadığı, əksinə
türk düşməni radikal “Daşnaksütyun” partiyasının üzvü olduğu üzə çıxır.
Eyni zamanda onun erməni diasporunun mətbu orqanlarında çalışdığı və
dünya gəncləri arasında qazanılan populyarlıqdan 1915-ci il
hadisələrinin “soyqırımı” kimi tanınmasında təbliğat vasitəsi kimi
istifadə etdiyinin şahidi olarıq.

Sebu Simonyan Suriyada anadan olan və sonradan Amerikaya köç edən
erməni immiqrantlarının ailəsində anadan olub. Lakin musiqi jurnallarına
və radio efirlərdə verdiyi çoxsaylı müsahibələrdə özünü ilk növbədə
erməni hiss etdiyini bildirir: “Mən Suriyada doğulmuşam. 5 ya da 6
yaşımda ailəmlə Livana köçdük. Orada vətəndaş müharibəsi başlayanda
(1975-1990 – red.) biz ölkəni tərk etdik. Mən müharibə ilə əhatə
olunmuşdum və yaşamaq çətin idi. Sonra Los-Ancelesə köçdük və mənim
həyatım dəyişdi”.

Amerikada yeni həyata başlayan Simonyan fortepiano təhsili alır və
Kaliforniya Universitetində musiqi ixtisası üzrə bakalavr dərəcəsi əldə
edir. Paralel olaraq öz tanışları ilə birlikdə rok qrupu yaratmağa
çalışır. Onun həyatının azərbaycanlı oxucu üçün diqqət çəkən
məqamlarından biri ABŞ-da fəaliyyət göstərən “Daşnaksütyun” partiyasının
üzvü olması və bu siyasi təşkilatın rəsmi orqanolan “Asbarez” qəzetinə
işə düzəlməyi olur. Uşaq yaşlarından erməni dilini təmiz bilən musiqiçi
yeni işində ingilisdilli xəbərlər üzrə redaktor müavini kimi çalışır. O,
qəzetdə çalışdığı 2 il müddətində “erməni gerçəkliklərinin” Amerika
cəmiyyətinə daha yaxşı çatdırılmasına çalışır. Sonradan erməni icmasının
aktiv olduğu digər Kaliforniya şəhəri olan Berbanka köçür və musiqi
karyerası üzərində cəmləşir.

Səhnəyə atılmaq üçün fürsət gözləyən Simonyan 2008-ci ildə öz
arzusuna çatır. Reklam çarxlarını müşayiət etmək üçün musiqi parçaları
yaradan Rayan Merçant özünə yardımçı axtardığı ilə bağlı internet elanı
verir. İlk olaraq bu təklifə reaksiyanı Sebu Simonyan göstərir. Reklam
sferası tezliklə yaradıcı duet üçün darlıq edir və onlar müstəqil musiqi
layihələri olan “Capital Cities”i yaradırlar. Yazının əvvəlində qeyd
olunduğu kimi “Safe and Sound” “sinql”ı qrupun beynəlxalq aləmdə
populyarlıq qazanmasına yol açır. Daim müsahibələrində erməni olduğunu
vurğulayan Simonyan Suriyadakı vətəndaş müharibəsini də diqqətində
saxlayır.

“Mən suriyalı deyiləm, erməniyəm. Amma Suriyada baş verənlər məni
narahat edir. İnsanlar silahlı konfliktləri danışıqlarla əvəz edə bilər.
Suriya ermənilərinin vəziyyəti məni xüsusilə narahat edir”- deyə o
müsahibələrində tez-tez vurğulayır.

Bu səbəbdəndir ki, daşnak Simonyan Amerikada bu konfliktlə bağlı
keçirilən tədbirlərdə aktiv iştirak edir. Bundan başqa o, həmkarı Rayan
Merçantla birlikdə 2015-ci ildə qeyd ediləcək “erməni soyqırımı”nın 100
illiyi ilə bağlı geniş konsert proqramları da hazırlayır.

Qeyd etmək lazımdır ki, bu gün İrəvandakı klubların birində Sebu
Simonyanın konsert proqramı keçiriləcək. Qastrol turu çərçivəsində o,
həmçinin Moskva və Peterburqda da çıxış edəcək.

Nə olsun ki, “Capital Cities” qrupu keyfiyyətli məhsul ortaya qoyur,
musiqidən həzz almağa çalışan Azərbaycan gəncləri kimə və nəyə qulaq
asdıqlarının fərqində olmalıdırlar…

Short URL: http://www.cumhuriyyet.net/?p=10874

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31