İntiqam Əliyevin yazılı qeydləri müsadirə olunub
Avropa Məhkəməsinə dair qeydlər türmə rəhbərliyini təşvişə salıb
Prokurorluq suvenir xəncərdən hüquq müdafiəçisinə qarşı yeni ittiham üçün istifadə etmək niyyətindədir
“Gərək həyətimizdəki toyuq-cücə, qaz-ördəklə bağlı da ekspertiza təyin edəsiniz, bəlkə iş üçün əhəmiyyətli nəsə oldu”
Hazırda Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında
saxlanılan Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri Intiqam Əliyevin
vəkilinə vermək istədiyi yazılı qeydlər əlindən alınıb. Hələ bu azmış
kimi, üstəlik, hüquq müdafiəçisinə töhmət də verilib. Bu səbəbdən hüquq
müdafiəçisi təcridxana rəhbərliyini məhkəməyə vermək niyyətindədir. Bu
barədə “Azadlıq”a Intiqam Əliyevin vəkili Anar Qasımlı məlumat verib.
Vəkil bildirib ki, əvvəlcə məsələ ilə əlaqədar təcridxana
rəhbərliyinə sorğu göndərib onlardan rəsmi cavab alacaqlar: “Intiqam
müəllimlə bu mövzuda müzakirə aparmışıq, sabah (bu gün-red.) yenidən
görüşüb, bir daha müəyyən məsələləri dəqiqləşdirəcəyik. Intiqam müəllim
təcridxanada mənimlə görüşməyə gələndə, sonradan tərcüməyə vaxt getməsin
deyə, rus dilində yazdığı qeydləri olub. Qeydləri götürən nəzarətçilər
rus dilində bilmədiklərindən, orada nə yazıldığını başa düşməyiblər. Elə
həyəcanlanıblar ki, sanki bomba tapıblar. Biz bildirdik ki, bu addım
qanunsuzdur. Qeydlər Intiqam müəllimin özünə qaytarılmalı, ən pis halda,
cırılıb atılmalıdır. Nəzarətçilər bildirdi ki, rəhbərliyin göstərişi
belədir. Tələb elədik ki, rəhbərlik məsələyə aydınlıq gətirsin. Bir
nəfəri çağırdılar, o da heç özünü təqdim eləmədi. Sonradan akt tərtib
ediblər ki, guya, Intiqam müəllim sənədi gizli keçirmək istəyirmiş.
Əlbəttə ki, həqiqətə uyğun deyil. Üstəlik, nəzarətçilər iddia ediblər
ki, guya, Intiqam müəllim kobudluq edib. Məlum məsələdir ki, bu da
yalandır. Məsələ ilə bağlı təcridxana rəhbərliyindən sorğumuza cavab
alandan sonra məhkəməyə müraciət edəcəyik”.
Müsadirə olunmuş qeydlərin məzmununa gəlincə, Anar Qasımlı bildirib
ki, Intiqam Əliyevin vəkil kimi Avropa Məhkəməsinə ünvanladığı və
hazırda kommunikasiya mərhələsində olan şikayətlərlə bağlı olub:
“Intiqam müəllim Avropa Məhkəməsindəki işlərinin taleyindən çox
narahatdır. Qeydlərin məzmunu da Avropa Məhkəməsinin ekspertlərilə
məsləhətləşmələrdən ibarət idi ki, həmin işlərin taleyilə bağlı indiki
halda neyləmək olar? Elə təəccüb doğuran da budur ki, niyə bu qeydlər
müsadirə olunmalıdır? Siyasi bəyanat deyil, hansısa təhlükəli haldan
söhbət getmir. Sadəcə, Intiqam müəllim vəkilinə görməli olduğu iş barədə
tapşırıq verir. Əgər şəxsin vəkililə bu cür ünsiyyətinin qarşısı
alınırsa, bu, çox kobud qanun pozuntusudur”.
Intiqam Əliyevin işi üzrə istintaqda başqa bir maraqlı yenilik də
var. Hüquq müdafiəçisinin evində axtarış aparılan zaman suvenir xəncərin
götürülməsi bir yana, indi həmin əşyanın soyuq silah olub-olmadığının
müəyyənləşdirilməsi üçün müstəntiq ekspertiza təyin edib. Müstəntiq
Elviz Salayev xəncərə dair ekspertiza təyin edilməsi barədə qərarı
Intiqam Əliyev və vəkilinə təqdim edərkən hüquq müdafiəçisi buna
orijinal şəkildə cavab verib. Intiqam Əliyevin qərar barədə protokola
maraqlı bir qeydi olub. Yazıb ki, “bu məntiqlə, gərək həyətimizdəki
toyuq-cücə, qaz-ördəklə bağlı da ekspertiza təyin edəsiniz, bəlkə iş
üçün əhəmiyyətli nəsə oldu”.
“Ümumiyyətlə, hələ axtarış zamanı evdən suvenir xəncərin götürülməsi
absurd idi. Əgər axtarış zamanı qadağan olunmuş hər hansı əşya, sənədsiz
silah və s. tapılsaydı, bu başqa məsələ. Mən əminəm ki, istintaqçıların
bir çoxunun evində o suvenir xəncərdən var”, – deyə Anar Qasımlı
bildirib.
Vəkil bütün suvenir mağazalarında satlan dekorativ əşyalar üzrə ekspertizanı qeyri-ciddi hesab edir.
Xatırladaq ki, avqustun 8-də həbs olunan Intiqam Əliyevə qarşı
vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma və qanunsuz sahibkarlıq
kimi ittihamlar irəli sürülüb. Lakin yerli və beynəlxalq ictimaiyyət bu
ittihamları əsassız hesab edir, həbsini isə sırf Intiqam Əliyevin
hüquq-müdafiə sahəsindəki fəaliyyəti, o cümlədən Avropa Məhkəməsinə
göndərdiyi çoxsaylı şikayətlərlə əlaqələndirir. Məhz bu səbəbdən
“Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı Intiqam
Əliyevi “vicdan məhbusu” elan edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=10876