"Bunu İqbal Ağazadə deyirsə, deməli, MTN deyir"

16.08.2014 - 17:15

Hakimiyyət cəmiyyətə yeni yalan sırımaq istəyir; İbrahim İbrahimli bunu Milli Şuraya qarşı təxribat sayır

Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Müsavat” qəzetinə
müsahibəsində qəribə bir uydurma ilə çıxış edib. Ad çəkmədən bildirib
ki, Azərbaycana ictimai-siyasi fiqurların şəxsi həyata müdaxilə ilə
şantaj edilməsi təcrübəsini 1993-cü ildə müxalifət liderlərindən biri
gətirib.

Azərbaycanda ictimai-siyasi proseslərə bələd olan hər kəsə məlumdur
ki, bu üsuldan yalnız İlham Əliyev prezident kürsüsünə oturandan sonra
hökumət öz rəqiblərinə qarşı istifadə etməyə başlayıb. İqbal Ağazadə
bunun məsuliyyətini niyə İlham Əliyevin üzrəindən götürüb, müxalifət
düşərgəsinə atmaq istəyir, səbəbi aydındır. Sadəcə, belə sifariş
verilib.

Amma sifariş görünür, təkcə İqbal Ağazadəyə verilməyib. Hakimiyyət
orqanlarına bağlı olan saytlar Ümid sədrinin uydurmasına konkret böhtan
da əlavə edib, tirajlayıblar. Yazıblar ki, guya araşdırıb tapıblar,
söhbət AXCP sədri Əli Kərimli və Milli Şuranın Koordinasiya Mərkəzinin
üzvü, Xalq Hərəkatının tanınmış simalarından biri İbrahim İbrahimlidən
gedir. Guya, Əli Kərimlinin təşkilatçılığı ilə o zaman Azərbaycan Xalq
Cəbhəsi İcraiyyə Komitəsinin sədri olan İbrahim İbrahimlinin səsi gizlin
yazılıb və bununla o, şantaj olunub. İbrahim İbrahimli də bunun
nəticəsində 1995-ci ildə təşkilatı tərk etmək məcburiyyətində qalıb.

Göründüyü kimi, hədəf də yenə də Əli Kərimli və Milli Şurada onunla
çiyin-çiyinə indiki hakimiyyətə qarşı prinsipial mübarizə
sərgiləyənlərdir. Bəs, sifariş hardan gəlir? Şübhəsiz ki, hakimiyyət
orqanlarından. Konkret bu halda gümanlar müxalifətçiləri güdməyi əsas
işinə çevirmiş Milli Təhlükəsizlik Nazirliyinin üzərində cəmləşir. Çünki
İqbal Ağazadənin o “bulaqdan” su içdiyini Azərbaycanın ictimai-siyasi
çevrəsində bilməyən yoxdur. Hətta təxminən 4 il qabaq Müsavat başqanı
İsa Qəmbər də bunu partiyasının Məclisində bu şəkildə ifadə etməyə
məcbur olmuşdu: “…sən MTN-in bir dənə gədəsinin ixtiyarında olan
adamsan”.

Elə İbrahim İbrahimli də MTN-dən şübhələnir: “Bunu əgər İqbal Ağazadə deyirsə, deməli, MTN deyir”.

Mövzu ilə bağlı müraciət etdiyimiz İbrahim bəy bu uydurma ittihama
çox lakonik cavab verdi: “O qədər qeyri-ciddi söhbətdir ki…”.

İbrahim bəy xatırladır ki, onun 1993-cü ildə Xalq Cəbhəsi İcrayə
Komitəsinə sədr gəlməsinin də, 1995-ci ildə Xalq Cəbhəsindən getməsinin
də səbəbi yaxın siyasi tariximizdən az-çox məlumatlı olan hər kəsə
bəllidir.

O, 1993-cü ildə AXC hakimiyyəti devriləndən sonra təşkilat
rəhbərliyinin və sədr Əbülfəz Elçibəyin təklifi ilə İcrayə Komitəsinə
sədr gəlir. İbrahim ibrahimlə o zaman deputat idi və bu transfer sədri
Bakıda olmayan, rəhbər şəxsləri və fəalları təqib edilən, pərən-pərən
düşən Xalq Cəbhəsini qoruyub-saxlamağa çox kömək edir. Lakin İbrahim bəy
hələ bu təklifi qəbul edərkən açıq bildirir ki, Xalq Cəbhəsi böhrandan
çıxandan sonra istefa verib, fəaliyyətini Müsavat Partiyasında davam
etdirəcək. Xalq Cəbhəsinin 1995-ci ildəki qurultayında çıxışı zamanı isə
İbrahim İbrahimli verdiyi sözü yerinə yetirmək istədiyini deyir: “Mən
Xaql Cəbhəsinin rəhbərliyinə gəldiyim zaman həm cəmiyyətə, həm də
cəbhədaşlarıma məlumat vermişdim ki, təşkilat böhrandan çıxandan sonra
siyasi fəaliyyətimi yenidən Müsavat Partiyasında davam etdirmək
fikrindəyəm. Əziz qurultay nümayəndələri, artıq o ağır günlər arxada
qalıb. Biz sınağa çəkilmiş Xalq Cəbhəsini sizinlə birlikdə böhrandan
çıxara bildik. Mən verdiyim sözün üzərində dayanaraq, Müsavat
Partiyasına qayıtmaq istəyirəm. Bu gün Xalq Cəbhəsi rəhbərliyindəki daha
mübariz, ciddi, ardıcıl mübarizə aparan dostlarımıza uğurlar diləyirəm
və mənim istefamı qəbul etməyinizi xahiş edirəm”.

İbrahim İbrahimli əmindir ki, bu uydurma
ittiham da hakimiyyətin Milli Şuraya, orada təmsil olunan prinsipial
insanlara qarşı təxribat və qarayaxmasıdır. Hədəf kimi Milli Şuranın
rəhbər orqanında təmsil olunan dərin və ciddi siyasi bioqrafiyası
olanlardan iki nəfərin seçilməsi də təsadüfi deyil. Məqsəd Milli Şura
rəhbərliyindəki şəxslər arasında münasibətin sağlam olmadığı
təəssüratını yaratmaqdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=10886

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31