Bolqarıstanın baş nazirindən şəffaflıq örnəyi

18.01.2018 - 09:39

Borisov Bakı səfərindən facebookda canlı video, səmimi fotolar paylaşdı və…. bizimkilərə də nümunə oldu

Xəbər verdiyimiz kimi, Bolqarıstan Respublikasının baş naziri Boyko Borisovun Azərbaycan Respublikasına işgüzar səfəri yanvarın 16-da başa çatıb.

Bolqarıstanın baş naziri Boyko Borisovu hava limanında Azərbaycanın baş naziri Artur Rasi-zadə və digər rəsmi şəxslər yola salıblar.

Amma baş nazir ölkəmizdə olduğu müddətdə xeyli maraqlı xəbər və görüntülərə səbəb olub. O, facebook sosial şəbəkəsində aktiv olduğu üçün demək olar ki, görüşün hər bir məqamı ilə bağlı xəbərlər paylaşıb. İlginc foto və videoların müşayiəti ilə edilən paylaşımlar isə Azərbaycan mediasına da xeyli mövzu verib.

Onlardan birincisi Boyko Borisovun azərbaycanlı həmkarı Artur Rasi-zadə ilə Bakıdan Sofiyaya uçan ilk birbaşa aviareysin açılışında iştirak etməsi ilə bağlı yayılan videoda özünü göstərib. Çox güman ki, B.Borisovun köməkçilərindən birinin çəkib paylaşdığı canlı videoda  baş nazirlər görüş zamanı bir-biri ilə zarafatlaşıblar. Borisov uçuşun nə zaman başlayacağını soruşub. Rasi-zadə isə cavabında “bilmirəm, mən özüm də burada qonağam” deyib. Videoda eyni zamanda A.Rəsizadənin görüşü bitirmək üçün tələsdiyi, yardımçılarından bu haqda səbirsizliklə soruşduğu da öz əksini tapıb. Amma bu məqamda bolqar jurnalistlərdən birinin baş nazirlərlə selfi çəkdirmək istəyi onları orada bir qədər də ləngidib.

Daha bir maraqlı foto isə Azərbaycan prezidenti İlham Əliyevlə baş nazir B.Borisovun maşında çəkilən fotosudur. Prezident sükan arxasındadır, baş nazir isə onun yanında, qabaq oturacaqda əyləşib və ikisi də gülümsünürlər. Bu fotonu da bolqar baş nazir özünün facebook səhifəsində paylaşıb.

Yeri gəlmişkən, Azərbaycan prezidenti İlham Əliyevin də facebook səhifəsi var və orada onun da səmimi fotolar paylaşması ənənəsi mövcuddur.

B.Borisov eyni zamanda facebook səhifəsində Azərbaycan prezidenti ilə işgüzar bir fotosunu da paylaşaraq aşağıdakıları yazıb: “Sofiya ilə Bakı arasında birbaşa əlaqə biznesin, turizmin inkişafına və Bolqarıstanla Azərbaycan arasında əlaqələrin genişləndirməsinə dəstək olacaq. Xalqlarımız arasında sevgi çoxdur”.

Bu, bu günə qədər azərbaycanlı jurnalistlərin nadir hallarda gördüyü hallardandır. Baş nazir səviyyəsində bir şəxsin işgüzar görüşün bəzi detallarını foto və videoların müşayiəti ilə sosial şəbəkədən paylaşması, ictimaiyyətə bu formada açıq olması müsbət tendensiyadır. Hətta azərbaycanlı həmkarı Artur Rasi-zadənin də zarafatlarının, zaman-zaman pərdəarxası replikalarının, jestlərinin öz əksini tapdığı videoların anındaca ictimaiyyətlə paylaşılması xüsusən media nümayəndələri üçün ələdüşməz bir fürsətdir.

Ümid edirik ki, bolqar baş nazirin bu nümunəsi Azərbaycan məmurlarına da örnək olar və onlar ictimaiyyətin xəbər tutmaq istədiyi məqamları sosial şəbəkə vasitəsilə paylaşarlar. Bu hal göstərdi ki, əslində mediadan çəkinəcək hər hansı bir səbəb yoxdur. İşgüzar və ya qeyri-işgüzar görüşdən mümkün olan foto-videoları paylaşmaqla əslində informasiya buzunu qırmaq olar. Bu isə ancaq və ancaq müsbət təəssürat yaradır.

Sevinc TELMANQIZI

Short URL: http://www.cumhuriyyet.net/?p=110292

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31