Bütün dinlərə sitayiş edən, dilənçilikdən milyonçuluğa qədər qalxan azərbaycanlı – FOTOLAR

18.01.2018 - 17:32

Bütün SSRİ-nın ilk rəsmi milyonçusu olan Cənnət Əliyevin nəinki azərbaycanlıların, hətta bütün insanların belə diqqətini çəkəcək həyat hekayəsi olub.

Cənnət Əliyev çətin bir dönəmdən keçərək böyük yüksəliş əldə edib. O, keçməkeçli, enişli-yoxuşlu həyatında həm kasıb, həm varlı ömür yaşayıb. Eyni zamanda Cənnət Əliyev həbsxanaya salınıb və ruhi xəstəxanada müalicə alıb.

Minval.info xəbər verir ki, Cənnət Salman oğlu Əliyev 17 aprel 1954-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Keçili kəndində dünyaya gəlib. O, 9 yaşında atasını itirib və ondan sonra Ordubadda, Araz çayının sahilində yerləşən M.Füzuli adına Ordubad İnternat Məktəbində böyüyüb.

İnternatda yaşadığı illərdən danışar Cənnət Əliyev orada daha da aclıq içərisində yaşadığını bildirib: “Gəldim burada ondan da artıq aclıq keçirdim. Mənim ən böyük arzum burada doyunca yemək olub. O pəncərədən düşüb çörək oğurladığıma görə, dəfələrlə döyülmüşəm”.

Cənnət Əliyev ali təhsil almaq üçün əvvəlcə Naxçıvan Dövlət Pedaqoji İnstitutuna qəbul olunub. Daha sonra Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. Oranı bitirdikdən sonra Sverdlovski Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub.

1982-ci ildən Sibir, Ural, Moskva, Sverdlovski və.s əyalətlərdə Polis orqanlarında işləyib, bir müddət sonra isə orqandan xaric edilib. Cənnət Əliyev orada haqsızlıqla mübarizə apardığı üçün işindən qovulduğunu bildirib.

O, 1987-ci ildə Sverdlovsk əyalətinin Yuxarı Puşma şəhərində, uzaq Uralda “Təbriz” kooperativini qurub və SSRİ -nin ilk rəsmi milyonçusu kimi məşhurlaşıb.

Cənnət Əliyev bu səviyyəyə gəlib çıxmasını isə belə izah edib: “1986-cı ildə qayıtmışdım Sverdlovskiyə. İlin sonlarında şəhərin dilənçilərinə qoşularaq dilənçiliklə məşğul olurdum, əsasən, vağzalda. Elə vağzalın özündə də qalırdım. Bir neçə ay bu cür yaşadım. Daha sonra 1987-ci ilin əvvəllərində SSRİ-də “Yenidənqurma” ortaya çıxdı. Mən bu vəziyyətdən istifadə etdim. O zamanlar heç kəs biznesin nə olduğunu bilmirdi. İxtisasca İqtisadiyyatçı və Hüquqşünas olmağım məni irəli apardı. “Təbriz” adlı kooperativ qurdum və çox qısa zaman ərzində ölü pulları, ölü kapitalı, ölü istedadları və ölü zamanları diriltməklə SSRİ İmperiyasının İlk Rəsmi Milyonçusu oldum. Dövrü mətbuatda rəsmi şəkildə SSRİ-də milyonçu anlayışnın və bir milyonçunun peyda olması İmperiyada hay-küyə səbəb oldu. Rəsmən İmperiyanın və Kommunist təfəkkürünün çöküşü idi bu. Və inanılmaz olan bir ay əvvəl vağzalda dilənən bir insanın SSRİ-də mümkünsüz olan bir pilləyə gəlməsi idi”.

Cənnət Əliyev 1990-cı il 20 Yanvar faciəsində güllə-borana düşdüyü üçün ciddi psixoloji zədələr alıb. O, 1 həftə sonra Vilnus şəhərinə gedərək qəzetlərdə 20 Yanvar faciəsinin beynəlxalq aləmə çatdırılması üçün müsahibələr verib. Müharibə illərində orduya külli miqdarda vəsait ayırıb.

Cənnət Əliyev əvvəlcə bir neçə din qəbul edib. O, Qarabağ müharibəsini araşdırdıqda müxtəlif dinlərə üz tutduğunu deyib. Belə ki, müharibənin haradan qaynaqlandığı haqqında bilgi toplayarkən dünya tarixini araşdırıb. Daha sonra bəşəriyyətin necə yarandığını araşdırıb və materialistlərin izahı onu qane etməyib. Bununla Cənnət Əliyev səmavi dinlərə üz tutub. O, xristianlığı qəbul etməklə yanaşı, Krişnaya  da sitayiş edib.

“Mən başımı qırxıb monax oldum. 13 ay gecə-gündüz bu fəlsəfəni öyrəndim və bunları kitablar vasitəsilə başqalarına yaydım. 11 otaqdan ibarət ikimərtəbəli böyük bir imarətimi onlara ibadətgah, həmçinin 3 avtomobilimi verdim” – Cənnət Əliyev belə deyib.

O, daha sonra İslam dinini qəbul edib. Üzərində Quran ayələri yazılmış bayrağı Bakıdakı teleqüllədə dalğalandırıb.  1997-ci ildə Əli ibn Əbu Talibin qılıncı “Zülfüqar”ın rəmzi istehsalına başlayıb, hər birini təmənnasız olaraq insanlara, səfərə getdiyi ölkələrin rəhbərlərinə bağışlayıb.

C.Əliyev həmçinin 12 metrlik “Zülfüqar” qılıncını hazırladaraq Azərbaycan Ordusuna hədiyyə edib.

O, 1994-cü ildə Kalmıkiya Respublikasının prezidenti Kisrsan İlyumcinovun yaxın dostu kimi Yaxın Şərq və Ərəb ölkələri üzrə səfiri təyin edilib. Bir çox ərəb ölkələrində səfərdə olub və Səddam Hüseyn, Bəşər Əsədlə görüşlər keçirib.

1989-cu ildə Rusiyada 4 nəfər gənc, lakin təhsilsiz müğənnilərdən ibarət “Təbriz” adlı musiqi qrupu yaradıb. Qrup elə Cənnət Əliyevin bəstəkarı olduğu “Təbriz” mahnısı ilə məşhurlaşıb.

Həmin zamanda SSRİ-nin mərkəzi vilayətlərindən birində oturub Təbriz haqqında, Cənub həsrəti haqqında bu cür işə cəhd etmək çox təhlükəli olur, SSRİ KQB-si tərəfindən təqiblərə məruz qalan Cənnət Əliyev öz məqsədindən dönmür. “Təbriz” mahnısı üçün klip çəkiminə başlanır, Sverdlovskidə İset çayının sahilində klip üçün 2 km uzunluğunda saxta sərhəd çəkilir, külli miqdarda vəsait klipin çəkilişinə ayrılır. Həmin klip efirə getdikdən sonra, çəkilən saxta sərhəd yandırılıb həqiqi Araz sərhədinə calanıb. Bundan 10 gün sonra isə Azərbaycan xalqı ayağa qalxaraq SSRİ imperiyasının sərhədini yarmağa müvəffəq olur. Həmin hadisə 1989-cu il 31 Dekabr “Dünya Azərbaycanlılarının həmrəyliyi günü” kimi tarixə düşüb.

Etdiyi xeyriyyə əməllərinə görə tanınan C.Əliyev bir müddət mənəvi rahatlığı vəhşi heyvanları saxlamaqda, kəndir üzərində gəzməkdə axtarıb. O deyir ki, iş həyatında müxtəlif təzyiqlərlə qarşılaşıb. İstər rəsmi, istər qeyri-rəsmi şəxslər tərəfindən basqı alması özünəməxsus tərzdə istirahətə vaxt ayırmasına səbəb olub.

Bir müddət sonra Cənnət Əliyev var-dövlətini itirib. O, bunu mafioz qruplar tərəfindən qarət olunması ilə izah edib. Daha sonra isə onun fəaliyyətində yoxlamalar aparılıb və nəticədə Cənnət Əliyev həbs olunub. O, həbsi barədə danışarkən bildirib ki, yoxlamalar icazəsiz aparılıb və əsassız səbəblərlə tutulub. Daha sonra isə Cənnət Əliyev ruhi xəstəxanada müalicə alıb.

Son günlərini ibadətlə keçirən, xalq təbabəti ilə insanları müalicə edən Cənnət Əliyev 30 oktyabr 2014-cü ildə yüksək təzyiq səbəbindən Bakıda  dünyasını dəyişib.

Samir Mirzə

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=110356

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31