SSRİ-nin xiffətini çəkənlər – səbəb nədir…
Əhməd Qəşəmoğlu: “Elə bilirlər ki, SSRİ bu günə qədər yaşasaydı, həmin şərait bu gün də davam edəcəkdi”
Azərbaycan 1991-ci ildən öz müstəqilliyini qazanmasına baxmayaraq, bu gün də keçmiş SSRİ-nin xiffətini çəkənlər var və onların sayı az deyil. Bu xiffət təkcə ölkəmizdə deyil, digər keçmiş sovet ölkələrində də mövcuddur.
Qeyd edək ki, ümumilikdə keçmiş Sovet İttifaqına daxil olan 15 ölkə artıq 27 ildir ki, müstəqil dövlətdir. Lakin aparılan araşdırmalar onu göstərir ki, həmin ölkələrdə Sovet dövrünün yetirməsi olan yaşlı və müəyyən qədər də orta yaşlı nəslin nümayəndələri SSRİ-ni müsbət xarakterizə edirlər. Hətta bəzi yaşlı nəslin nümayəndələri SSRİ-nin yenidən bərpa olunacağına inanır. Məsələn, “Levada”nın ötən il keçirdiyi sorğu üzə çıxarmışdı ki, rusiyalıların yarıdan çoxu SSRİ-nin dağılmasından məyusluq keçirir. “Reytinq” sorğu mərkəzinin 2016-cı ildə Ukraynada keçirdiyi sorğunun nəticələrinə görə respondentlərin 35 faizi SSRİ-nin süqutundan təəssüfləndiyini bildirib. Bu göstərici 2013-cü illə müqayisədə 4 faiz çoxdur.
Azərbaycanda da SSRİ-nin süqutundan təəssüflənənlər var. Əsas kimi həmin dövrdə daha yaxşı yaşayış, sosial-iqtisadi durum, pulsuz təhsil, tibbin olduğu bildirilir. Lakin bu bir faktdır ki, ümumilikdə insanlar hazırda SSRİ- dövründən daha yaxşı həyat tərzi keçirir.
Bəs SSRİ xiffəti nədən qaynaqlanır? Ondan yaxşı sistem qurulmadığı iddiaları doğrudurmu? Yoxsa insanların azadlıq hüquqları pozulsa da, tibbi, sosial hüquqları daha çox qorunurdu?
Bu günlərdə isə Milli Məclisin iclasında sosial müdafiə nazirinin müavini Natiq Məmmədov ölkəmizdə bir sıra xəstəliklərin cavanlaşması prosesi haqqında danışarkən bildirib: “Azərbaycanda xəstəliklərin cavanlaşması həqiqətdir. Çünki profilaktik tədbirlər görülmür. Sovet dövründə insanların ildə iki dəfə poliklinikalarda dispanserizasiyadan keməsi mütləq idi. Bu, xəstəliklərin vaxtında aşkar edilməsinə və müalicə olunmasına kömək olurdu”…
Nazir müavinin bu sözləri bir daha bu mövzunu aktuallaşdırmış oldu.
Sosioloq Əhməd Qəşəmoğlu mövzuya bu cür şərh bildirdi: “Bu məsələyə fərqli yanaşmaq lazımdır. Yəni insanların hamısını o cür SSRİ-ni tərifləyənlərin siyahısına aid etmək olmaz. Elə insanlar var ki, müxtəlif səbəblərdən SSRİ-nin müsbət tərəflərini tərifləyirlər. Təbii ki, həmin insanların əksəriyyəti yaşlı nəslin nümayəndələridir. Onlar hər iki dövrdə yaşadıqlarından tez-tez sosial məsələləri müzakirə edirlər. Onların fikirlərində çox zaman yanlışlıqlar olur. Onlar elə bilirlər ki, SSRİ bu günə qədər yaşasaydı, həmin şərait bu gün də davam edəcəkdi. Nəzərə almırlar ki, indi dünyada çox böyük sürətlə qloballaşma prosesi gedir, aləm qarışıb bir-birinə. Nə Avropa həmin Avropa deyil, nə də oradakı gərginlik. Rusiya da həmin ölkə deyil.
SSRİ-dövründə bir çox müsbət tərəflər var idi, bunu danmaq olmaz. Burada sosial müdafiə, təhsil, əhalinin səhiyyə məsələləri yaxşı idi, yaradıcılıq məsələləri, alimə, yazıçıya qayğı çox idi. Amma bu yaxşıları saxlamaq mümkün idimi? Digər tərəfdən kadrlar, yəni məmurlar bunu saxlamağa nə qədər maraqlıdır?
Beləliklə, ümumən bəzi insanlar bu məsələyə primitiv yanaşaraq müqayisə edəndə görürlər ki, vəziyyət onda yaxşı idi. Təbii ki, ölkədə bəzi qüvvələr var ki, onlar öz məqsədlərini həyata keçirməyə çalışır. Yəni rus imperiyası arzusu ilə yaşayan qüvvələr var ki, onlar bu yöndə iş aparırlar. Təbii ki, onlar hava-su ilə çalışmırlar, onların şəbəkələri var.
Bir hissə adam isə sadəcə küyə düşüb, başqalarının dediklərini təkrarlayır. Digər tərəfdən isə doğrudan da nəticə etibarı ilə elə bir şərait yaradılmalıdır ki, milli müstəqilliyin potensialından daha yaxşı istifadə edək. Məntiqə görə milli müstəqillik daha çox rahatlıq gətirməlidir. Çünki bu insanın keyfiyyətinə təsir edən amillərdir. Amma baxaq görək, bundan lazımi qaydada, gücümüz çatan şəkildə edirikmi? Beləliklə, çalışılmalıdır ki, insanlar öz milli müstəqilliyin potensialından daha yaxşı istifadə edə bilsin, daha çox imkan tapsın. Görünür bu sahəyə diqqəti artırmağa ehtiyac var”.
Tanınmış psixoloq Azad İsazadə isə məsələyə bu cür yanaşdı: “Yaşlı nəsildə SSRİ-ni nostalji ilə yada salanlar var. Bu da öz təsirini göstərir. Onlar heç də həmin dövrdə istər iqtisadi, istərsə də siyasi, sosial hüquqlarının pozulmasından narazı deyillər. Həmin dövrü daha ədalətli hesab edirlər, halbuki bu, belə deyildi. Keçmişimiz reallıqdan həmişə daha yaxı olub. Bircə psixoloji fərq edən arqument odur ki, o zaman varlı ilə kasıb arasında fərq indiki kimi böyük olmadığından, insanlarda aldadıcı ədalətli cəmiyyətin qurulması kimi qəbul olunurdu. Halbuki biz başa düşürük ki, həmin dövrdə hamı ədalətsiz yaşayırdı, sadəcə arada fərq yox idi”.
Xalidə GƏRAY,
Musavat.com
Short URL: http://www.cumhuriyyet.net/?p=111174