“Türk qardaşlarımızla birlikdə döyüşə hazırıq: Bu gün Afrində, sabah Qarabağda!” -MÜSAHİBƏ

01.03.2018 - 00:10
Namiq Talıbov: “Odessada yaşamaq hüququnu qanımızla, canımızla qazanmışıq”
“Krım olaylarından sonra Ukrayna Azərbaycanın Qarabağ dərdini daha aydın dərk etdi”
“Natiq Nağıyevin dövlət və millət uğrunda sərgilədiyi fədakarlıq digər məmurlara nümunədir”
 “Biz yalnız Qarabağı deyil, İrəvanı da, Göyçəni də azad edəcəyik”

Çağdaş dünyamızda diaspor təşkilatlarının rolunun sürətlə artdığı, bu təşkilatların ictimai sferada milli maraqlar konteksində mühüm layihələr reallaşdırdığı, bəzi hallarda hətta dövlətlərin rəsmi siyasətinə belə ciddi şəkildə təsir göstərdiyi günümüzün bəlli həqiqətlərindən biridir. Bu baxımdan Azərbaycanın xarıcdəki diaspor təşkilatlarının üzərinə böyük missiyanın düşdüyü, onların ölkə xaricindəki aktiv fəaliyyətinin dövlət və milli maraqlar baxımından müstəsna əhəmiyyət kəsb etdiyi şübhəsizdir. Bu baxımdan Ukraynanın Odessa şəhərində fəaliyyət göstərən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Odessa vilayəti təşkilatının fəaliyyəti də müstəsna əhəmiyyət kəsb edir. Odur ki, adıçəkilən təşkilatın sədr müavini Namiq Talıbovla söhbətimizdə təşkilatın tarixi, fəaliyyəti, gələcək hədəfləri və s. kimi məsələlərə aydınlıq gətirməyə çalışdıq.

Namiq bəy, öncə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Odessa vilayəti təşkilatının tarixi haqqında məlumat almaq istərdik. Bu təşkilat nə zaman, hansı zərurətdən meydana çıxdı?

-İlk nöbədə qeyd edim ki, Odessa şəhərində bir çox təşkilat olub. İlk yaranan təşkilat isə “Dostluq” təşkilatı olub. Mən bu təşkilatı yaradanların hamısına öz təşəkkürümü bildirirəm. 2001-ci ildə isə konqresin təməli qoyulub. Konqres 2009-cu ilə qədər fəaliyyət göstərdi. Mənim konqresdəki fəaliyyətim isə 2005-2009-cu illəri əhatə edir. 2009-cu ildə müəyyən səbəblərdən təşkilat öz fəaliyyətini dayandırmalı oldu. Il yarım bundan əvvəl isə biz konqresin yenidən fəaliyyətinə başlamasına nail olduq.

Təşkilatın yenidən fəaliyyətinə situmul verən kim və ya nə oldu? Necə oldu ki, 2009-cu ildə fəaliyyətini dayandıran Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Odessa vilayəti təşkilatını yenidən bərpa etməyə qərar verdiniz?

-Mən əminliklə deyə bilərəm ki, təşkilatın bərpa edilməsində “Azərbaycan Dəmir Yolları” QSC-nin İpək yolu üzrə nümayəndəsi kimi Odessaya göndərilən hörmətli Natiq Nağıyev həlledici rol oynadı. Natiq bəy təşkilat, onun fəaliyyətsizliyinin səbəbləri ilə maraqlandı. Qərara gəldik ki, təşkilatı bərpa edək. Odessada çoxlu azərbaycanlı yaşayır. Burda yaşayan 137-yə qədər millətin arasında, bu mürəkkəb mozaikada bizim öz yerimiz var. Onların hüquqi və s. müstəvidə problemləri olur. Qərara gəldik ki, biz bu müxtəlifliyin içərisində itib-batmamalıyıq. Burada bizim böyük ziyalılarımız, müxtəlif sahələr üzrə mütəxəssizlərimiz yaşayır. Odessada inanclı azərbaycanlıların da sayı çoxdur.

İlkin mərhələdə təşkilatın bərpası məsələsində ciddi çətinliklər oldu. Lakin bəzi soydaşlarımızın, xüsusilə də İlham Məmmədovun köməyi sayəsində təşkilatın bərpasına nail olduq. Bunu da qeyd edim ki, İlham Məmmədov “Lukoyl”un buradakı sabiq təmsilçisi olmaqla yanaşı, həm də olduqca vətənpərvər bir insandır. O hüquq sahəsində çalışıb. Odessa kimi bir şəhərdə cinayət-axtarış şöbəsinin rəisi olub. Bu günün özündə də konqresə maddi və mənəvi dəstək göstərir.  Professor Mətin Hacıyev, iş adamı Cəlil Astanov, iş adamı Asif Məmmədov, ağsaqqal Müsəllim Əliyev də təşkilatımızın bərpa prosesində yaxından iştirak edib. İş adamı Nəzər Hacıyev də təşkilatımıza hər cür dəstək göstərir.

Odessada çoxlu elm adamlarımız da var. Hüquq universitetinin professoru Mehman Dəmirli, professor Mətin Hacıyev və onlarla insanımız bu şəhərdə yaşayır. İnanclı qardaşlarımızın təmsilçiləri Elxan bəy, Namiq bəy, Hacı Pərviz, Hacı Malik və s. insanlarla da təşkilatımızın bərpası istiqamətində söhbətlər apardıq. Dövlətçiliyimiz, milli maraqlarımız naminə birləşməyə qərar verdik. Baxmayaraq ki, bu işin ağırlığını, məsuliyyətini dərk edirdik. Bilirdik ki, məhdud maliyyə imkanları – üzvilik haqqları, ianələr hesabına fəaliyyət göstərəcəyik. Ancaq bununla belə təşkilatın fəaliyyətini bərpa etməyə qərar verdik. Bu məsələdə əsas ağırlıq həm maddi, həm də mənəvi baxımdan Natiq Nağıyevin üzərinə düşdü. Mən fürsətdən istifadə edərək Natiq müəllimə öz təşəkkürümü bildirirəm. Əminliklə deyirəm ki, Natiq Nağıyevin Azərbaycan dövləti, milləti üçün etdiyi fədakarlıq digər məmurlarımıza örnəkdir.

-Odessadakı azərbaycanlıların vahid təşkilat ətrafında birləşdirilməsi yolunda ən böyük çətinlik nə oldu?

-Çətinliklər kifayət qədər çox idi. İnsanlarda müəyyən küskünlük, inciklik, ümidsizlik var idi. Bundan başqa, insanlarımız regionlar üzrə qruplaşmışdı. Biz insanlarımızın bu cür bölgüsünün aradan qaldırılmasına, onların azərbaycanlı adı altında, milli maraqlar konteksində birləşməsinə əhəmiyyətli dərəcədə nail olduq. Bu gün biz dörd prinsip ətrafında birləşmişik. Bu prisiplər vətən, millət, dövlətçilik və azərbaycançılıqdır.

Namiq bəy, təşkilat Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği istiqamətində də hansısa iş aparırmı?

 -Bəli. Nəzərinizə çatdırım ki, bizim təşkilatda milli dəyərlər şöbəsi var. Orada bizim dini dəyərləmiz də təbliğ olunur. Bizdə qadınlar şöbəsi də mövcuddur. Burada ziyalı, aktiv qadınlarımız birləşib. Bizim Ağsaqqallar Şuramız da, hüquqi yardım şöbəsi də var. Insanlarımızın çoxu qanunları bilmədiyindən, müəyyən maneələri dəf edə bilmədiyindən burada sənədsiz yaşayıb. Təsəvvür edin 26 yaşlı gənc var ki, burada orta məktəbi bitirib, lakin əlində bir sənədi yoxdur. Nə Azərbaycan, nə də Ukrayna vətəndaşıdır. Nə də bir yerdə işləyə bilir. Bundan başqa bizdə mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsi var. Gənclər və idman şöbəsi də öz işini uğurla davam etdirir. Ramil Hacıyev boks üzrə olimpiya və dünya çempionudur. Azər Mustafayev Ukraynanın əməkdar məşqçisidir və bizim idmançılarımızın hazırlığı ilə məşğul olur. Nurəddin Əlibəylinin də əməyi böyükdür. Onlar yüksək hazırlıqlı idmançılar hazırlayırlar. Yəni təşkilatımızın fəaliyyət dairəsi kifayət qədər genşdir.

Namiq bəy, Ukraynadakı Azərbaycan səfirliyi fəaliyyətinizə hansısa formada dəstək verirmi?

-Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bundan öncəki səfirlərin fəaliyyəti arzuladığmz səviyyədə olmadı. Mən onları qınamaq niyyətində deyiləm. Görünür, onların bacardıqları bu qədərdir. Lakin hazırkı səfirimiz bu sahədə daha istəkli görünür. Biz hətta hər hansı bir problemlə bağlı Azər müəllimlə əlaqə saxlayıb onu Odesaya dəvət edəndə, o, imkan daxilində bu dəvəti qəbul edib gəlir, probhlemimizlə maraqlanır. Biz konsulluq fəaliyyətindən də çox narazı idik. Bizi narazı salan məqamlardan ən başlıcası süründürməçiliklə bağlı idi. Biz həm sözdə, həm də işdə birlik prinsipinə əməl etməyi bacarmalıyıq. Cümhuriyyət quranlar, ondan əvvəlki ideoloqlar sözdə, fikirdə, işdə birlik ideyasını əldə rəhbər tutmuşdular. Güc olmaq üçün bir olmaq şərtdir. Bizim nail olmaq istədiyimiz də elə budur.

Odessa şəhərinin faşist işğalından azad edilməsində Azərbaycanın bir çox milli diviziyaları iştirak edib. Həmin diviziyların, yaxud Odessa uğrunda döyüşlərdə həlak olan azərbaycanlıların xatirəsinə hər hansı bir abidə, yaxud park, xiyaban və  s. varmı?

-Odessa şəhərinin faşist hücumundan azad edilməsində Azərbaycan diviziyları mühüm rol oynayıb. Odessa şəhərinin rəhbərliyi bundan xəbərsiz olsa da, biz bununla bağlı onları məlumatlandırdıq. Nikolayev şəhərində ağsaqqalımız Yunis Əliyev öz vəsaiti hesabına böyük bir abidə inşa etdirib. 416-cı diviziyanın keçdiyi döyüş yolu ilə bağlı orada zəngin məlumatlar mövcuddur. Ancaq təəsssüflər olsun ki, Odessada bununla bağlı bu günə qədər heç bir  iş görülməyib. Odessa uğrunda gedən döyüşlərdə 27 nəfər azərbaycanlı həlak olub. Iki nəfər Sovet İttifaqı Qəhrəmanı adı alıb. Bu gün Odessanın azad edilməsində iştirak edən bir azərbaycanlı hələ də sağdır. Bu, Lerik rayonundan olan Ataxan babadır. O, bu gün 97 yaşındadır. Ataxan baba bizim Novruz bayramı ilə bağlı təşkil etdiyimiz tədbirdə iştirak etdi. Odessanın azad edilməsinə görə sonradan verilən orden və medallar da var. Odessanın azad edilməsinin 70 illiyi münasibəti ilə 33 ədəd orden və medal verilib. Azərbaycan Hərbi Komissarlığı və Azərbaycan Veteranlar Şurası bu məsələ ilə bağlı bura siyahılar göndərib. Lakin siyahılar arasında ziddiyyətlər olduğu üçün meriya bu medalların təqdim edilməsini dayandırıb. Biz bu işlə əlaqədar olaraq bir komissiya yaratdıq. Meriya ilə görüşdük. O siyahıları onlardan aldıq və müəyyən araşdırmalar apardıq. Bizim araşdırmamız nəticəsində bəlli oldu ki, Naxçıvanda Odessa uğrunda döyüşlərdə iştirak etmiş və bu gün də sağ olan insan var. O, Babək rayonunun Şıxmahmud kəndindəndir. Biz çox istərdik ki, Odessa uğrunda döyüşən və bu gün həyatda olmayan insanların övladlarına, nəvələrinə bu medal təqdim edilsin. Biz öz siyahımızı konsulluğa təqdim etdik. Konsulluq isə bildiyimiz qədəri ilə səfirliyə təqdim etdi. Lakin hələ də bu medalların təqdimatı ləngiyir.

Ötən il olduğu kimi bu il də Xocalı soyqırımının növbəti ildönümü təşkilatınız tərəfindən qeyd olundu. Sizcə Azərbaycanın istər Xocalı soyqırımı, istərsə də Qarabağ dərdi Ukrayna ictimaiyyəti tərəfindən yetərincə dərk olunurmu?

– Biz ötən il Xocalı soyqırımı ilə bağlı böyük bir tədbir hazırlamışdıq. Bu il də Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirdik. Biz fərqli cəmiyyətləri, dövlət orqanlarını bura dəvət edirik. Biz öz faciələrimizi, eləcə də Xocalı soyqırımını yaşadığımız dövlətin, ictimaiyyətin diqqətinə faktlar, sənədlər əsasında çatdırmaq üçün həmişə iş aparmışıq. Nə qədər acınacaqlı da olsa deməliyəm ki, Azərbaycanın Xocalı ağrısı, Qarabağ yarası Ukraynadakı bəzi insanlara çatmırdı. Onlar bu ağrını dərk edə bilmirdilər. Lakin Krımın Rusiya tərəfindən ilhaqından, Donbasdakı qarşıdurmalardan sonra Ukrayna xalqı bizim ağrılarımızı daha dərindən dərk etdi. Bunu da qeyd edim ki, Donbas uğrundakı döyüşlərdə Ukrayna vətəndaşı olan azərbaycanlılar fəal iştirak edib, onların bir qismi şəhid olub. Xocalı yalnız bizim deyil, bütün türk və müsəlman dünyasının faciəsidir. Hətta Xatın, Serebrenitsa faciəsi belə Xocalı faciəsi qədər dəhşətli olmayıb. Ermənilərin özləri Xocalıda törətdikləri dəhşətləri yazdıqları kitablarda, çıxışlarında etiraf ediblər. Xocalı bizim qanayan yaramızdır. Bu günkü Ermənistan rəhbərliyi bu soyqırımının törədilməsində şəxsən iştirak edib. Onların hamısı mühakimə edilməli, layiqli cəzalarını almalıdırlar. Ancaq onu da qeyd edim ki, biz sadəcə ildönümlərini qeyd etməklə heç nəyə nail ola bilmərik. Bir bir millət və dövlət olaraq birləşməli, Qarabağı azad etməliyik. Qarabağdan son erməni çıxana qədər biz düşmənlə mübarizə aparmalıyıq. Əgər hansısa erməni Qarabağda yaşamaq istəyirsə, Azərbaycan qanunlarını qəbul edərək, Azərbaycan bayrağı altında yaşamalıdır. Bu gün Azərbaycanda 120 minə yaxın erməni yaşayır. Biz heç vaxt heç kimin hüquqlarını tapdalamadıq, kimsənin torpağına əl uzatmadıq. Biz ancaq öz hüquqlarımızı, torpaqlarımızı qoruduq. Bu gün 60 yaşında olsam da, keçmiş döyüşçü və bir azərbaycanlı olaraq Qarabağ uğrunda döyüşməyə hazıram. Biz ali baş komandandan bu əmri gözləyirik. Prezident İlham Əliyevin dediyi kimi, İrəvanı da, Göyçəni də azad edəcəyik.

Azərbaycan və türk ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanan addımlardan biri də təşkilatınız tərəfindən Türkiyənin Suriyada keçirdiyi anti-terror əməliyyatlarına verdiyiniz dəstək aksiyası oldu. Ümumtürk maraqları aspektində reallaşdırılan bu aksiya ilə bağlı nə deyə bilərsiniz? Gələcəkdə də bu cür aksiyaların keçirilməsi gözləniləndirmi?

-Azərbaycan və Türkiyə hər kəsə bəlli olduğu kimi, bir millət iki dövlətik. Necə ola birər ki, Türkiyənin dərdi olsun, amma biz orda iştirak etməyək, onunla həmrəylik sərgiləməyək? Başqa cür hərəkət etsək, onda gərək Osmanlı dönəmində ölkəmizə edilən yardımları unudaq. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun bolşevik-daşnak ordusunu Bakıdan necə vurub çıxartdığını unudaq. Biz eyni ananın övladlarıyıq. Biz bunu necə unuda, necə gözardı edə bilərik? Həmin aksiyadan əvvəl də, sonra da bizim burdakı bəzi soydaşlarımız, eləcə də mən ərizə ilə müraciət edərək türk ordusunun tərkibində terrorçulara qarşı vuruşmaq istədiyimizi bildirdik. Hamımız türk ordusunun əsgəriyik. Bizim üçün heç bir fərqi yoxdur: bu gün Afrində, sabah Qarabağda! Lazımdırsa növbəti gün Kərkükdə, o birsi gün Doğu Türküstanda olacayıq. Dövlətimiz və millətimiz üçün hara gərəkdirsə ora gedəcək, dövlətimizin və millətimizin maraqları nəyi diktə edirsə, onu edəcəyik. Buna kimsənin şübhəsi olmasın.

Seymur Əliyev

Short URL: http://www.cumhuriyyet.net/?p=114284

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31