İctimai nəqliyyatdan istifadə edən tanınmışlar
Həmid Herisçi: “Metroda bütün xalqı görürsən”
Milli Şuranın sədri Cəmil Həsənli bu günlərdə “Meydan TV”-yə verdiyi müsahibəsində ictimai nəqliyyatdan istifadə etdiyini açıqlayıb. Qeyd edək ki, ölkəmizdə daim ictimai nəqliyyatdan istifadə edən bir neçə tanınmış müxalif siyasətçilər var. Onlardan biri də sabiq baş nazir Pənah Hüseyndir.
Siyasətçi məsələ ilə bağlı müsahibələrinin birində qeyd edib: “Çağdaş dünyada ağıllı siyasi texnoloqlar bəzən bundan istifadə edir. Bəzilərində isə bu xarakterikdir. Elçibəyin hakimiyyəti dövründə prezident, Ali Sovetin sədri, daxili işlər naziri, baş nazir olaraq digər vəzifəli şəxslər ictimai nəqliyyatdan istifadə edirdi. Mən Yeni Günəşlidə yaşayırdım. Olub ki, həmin vaxt azyaşlı uşaqlarımın əlindən tutub ”alabaş” avtobusa minərək metroya və işə gəlmişəm. O cümlədən prezident və digərləri. Cəmiyyətin buna müsbət reaksiyası olur.
Bu, mənim həyat tərzimdir. Kimsə maşından istifadə edir, bunu qəbahət saymıram. Yüksək vəzifəli şəxslərin şəxsi maşın və mühafizədən istifadə etməsi təbii məsələdir. Sadəcə, mən sadə insanlar arasında olanda müsbət enerji alıram, əhval-ruhiyyəm yaxşılaşır. Bəzən mənimlə şəkil də çəkdirirlər. İnsanların reaksiyasından razıyam”.
Telejurnalist Həmid Herisçi də dam ictimai nəqliyyatdan istifadə edənlər siyahısındadır. O “Yeni Müsavat”a açıqlamasında qeyd edib ki, peşəsi ilə əlaqədar olaraq özünə rahat bir nəqliyyat növü-metronu seçib: “Bildiyiniz kimi, Bakını avtomobil tıxacları bürüyüb. Buna görə də mən yolda ləngimək, yubanmaq istəmirəm. Həm də metroda zaman daha iti axır. Metrodakı zaman imperiya zamanıdır. Xalqı bir arada görürsən, zaman, məkan tamam başqadır. Düşünürəm ki, orada kosmik qanunlar mövcuddur. Özümü metroda kosmik məkanda hiss edirəm. Bəlkə də başqalarına bu gülməli gəlir. Oradakı dayanmayan sürətdən xoşum gəlir. O sürətə inanıb yatırlar. İnsanlar bunu başqa yerdə edə bilməz. Bu, azadlıq rəmzidir və bunu yaşamaq lazımdır.
Düşünürəm ki, Bakı Metropoliteni dünyada olan ən yaxşı metropolitenlərdən biridir. Metroda bütün xalqı görürsən. Digər ictimai nəqliyyat vasitələrində dairə məhduddur. Beləliklə, mənim metroya sevgim var. Mən həmçinin Sovet insanıyam. Sovet insanı metronu çox sevir”.
Telejurnalist dünyaca məşhur siyasətçilərin də ictimai nəqliyyatdan istifadə etməsindən danışıb: “Dünya siyasətçiləri də dərk edib ki, fərdi nəqliyyatla məcazi mənada heç yerə gedib çıxa bilməyəcəklər. Onun üçün də bir çoxları kütləvi şəkildə fərdi nəqliyyatdan imtina edir. Bəziləri metro ilə, bəziləri isə ayaq roliki ilə gəlir. Məsələn, bildiyim qədər Yunanıstanın xarici işlər naziri kiçik motosikletlə işə gedib-gəlirdi. Bu bir trend alıb, əxlaq məsələsinə çevrilib. Eləcə də Britaniyanın xarici işlər naziri Con London hər gün işlə velosipedlə gedib-gəlir. Doğrudur, bəzi siyasətçilər bunu piar xətrinə edir. Amma bildiyiniz kimi piar həyatımızın tərkib hissəsidir. Siyasətçilərin piar etməsi heç də pis məna daşımır. Piar siyasətçinin estetik ölçüsüdür”.
Tele-aparıcının da qeyd etdiyi kimi bəzən dünya siyasətçiləri arasında piar, bəzən isə xalqın nüfuzunu qazanmaq xətrinə ictimai nəqliyyata çıxanlar var. Lakin sadəcə həyat tərzləri bu cür olan siyasətçilər də var. Kimisi velosipedlə, kimisi metro ilə işə gedib-gəlir, gəzintiyə çıxır və sairə. Məsələn, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili, Böyük Britaniyanın sabiq baş naziri Devid Kemeronun adı ictimai nəqliyyat sərnişinləri arasındadır. 2015-ci ilin yanvarında isə İran prezidenti Həsən Ruhani də metrodan istifadə etmişdi. Onun bu addımı ölkəsində böyük maraqla qarşılandı. İran mətbuatında yayılan məlumata görə, Ruhani təmiz hava günü ilə əlaqədar şəxsi maşınından imtina edərək işə metro ilə gedib. Bir neçə il öncə Hindistanda səfərdə olan Fransa prezidenti də Dehli metrosuna minmişdi.
Maraqlıdır ki, son illərdə dünyaca məşhur ulduzlar da artıq ictimai nəqliyyatdan istifadə etməyə çalışır. Məsələn, pərəstişkarları tez-tez Rihanna ilə metroda qarşılaşır. Məşhur aktrisa Keti Holms da vaxtaşırı metroda istifadə edir. Metrodan istifadə edən məşhur ulduzlar siyahısında aktrisa Dru Berrimo, Dakota Fanninq, Cenifer Lopez, Maykl Duqlas, Ceyk Gilenbol, Ann Hateve və digərləri var.
Short URL: http://www.cumhuriyyet.net/?p=114525