Sumqayıtda dəm qazı bir ailəni məhv etdi – 6 nəfər ölü tapıldı

06.03.2018 - 11:48

Çıxış yolu nədir; ekspert: “Əgər otağa 0.1 faiz dəm qazı yığılarsa, 7 dəqiqə ərzində ölüm hadisəsi başlayır”

Ölkədə yenə də dəm qazı faciəsi yaşandı. Sumqayıt şəhərində baş verən dəm qazı “terrorunda”  bir ailənin 6  üzvü dünyasını dəyişdi. Belə ki, Sumqayıt şəhərində yaşayan bir ailənin üzvləri 1961-ci il təvəllüdlü Rafiq Hüseynov, 1965-ci il təvəllüdlü Yeganə Hüseynova, 1987-ci il təvəllüdlü Sara Rafiq qızı Hüseynova, 2009-cu il təvəllüdlü Fərid Qüdrət oğlu Abbasov, 2010-cu il təvəllüdlü Zenfira Qüdrət qızı Abbasova və 2012-ci il təvəllüdlü Yeganə Qüdrət qızı Abbasova yaşadıqları mənzildə cansız tapılıblar.

İlkin ehtimallara görə hadisənin başvermə səbəbi ailənin məskunlaşdığı zirzəminin hamamında quraşdırılan suqızdırıcıdan sızan dəm qazı olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Qış aylarında dəm qazından boğulma  artıq ənənəvi hala çevrilib. Ötən ilin mart ayının 15-də Xırdalanda da oxşar hadisə baş vermiş, dəm qazı səbəbindən bir evdə 5 nəfər dünyasını dəyişmişdi. Təbii qazdan istifadə edənlərə dəfələrlə müvafiq qurumlar, ekspertlər tərəfindən maarifləndirici tövsiyələr verilir. Lakin buna baxmayaraq, hadisələr səngimək bilmir. Ekspertlər çıxış yolu kimi Bakıda yerləşən binaların təbii qazla deyil, su, elektriklə işləyən qızdırıcılarla qızdırılmasını tövsiyə edirlər. Ekspertlərin fikrincə, bunun üçün isə ilk növbədə qazanxanalar quraşdırılmalı, əhali həm də isti su ilə təmin olunmalıdır. Lakin müasir dövrdə hələ də paytaxt ərazisində yerləşən binalara isti su verilmir. Hadisələrin də çoxu Sumqayıtda baş verən faciədə olduğu kimi insanların hamamda suqızdırıcı sobalardan istifadə etməsindən qaynaqlanır. Suqızdırıcı sobalar əksər hallarda düzgün quraşdırılmır ki, bunun nəticəsində yarımçıq yanan qaz içəri vurur və insanların ölümünə səbəb olur.

Nüsrət Qasımov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan ekspert Nüsrət Qasımov bildirib ki, Bakıda binalara isti su verilişini həyata keçirmək mümkündür:

“Hər kəs bilir ki, bu gün Bakıda istilik sistemləri normal qaydada işləmir. Moskvada 10-15 dərəcə şaxta olur, ancaq evlər Bakıdakı mənzillərdən isti olur. Çünki soyuq düşdükcə suyun temperaturunu qaldırıb, evlərə daha çox istilik verirlər. Bakıda istilik sistemlərinə nə zaman əl vurursansa görürsən ki, temperatur ilıqdan yuxarı qalxmır. Nəticədə insanlar 4 göz sobaları yandırıb, üstünə dəmir, kərpic qoyub evi qızdırırlar. Bu da doğru deyil. Əvvəla, qazın tərkibindən xüsusi maddə ayrılır və evin divarlarına çökür. Bu da insanlara pis təsir edir. İkincisi də qaz düzgün yanmayanda dəm qazı ayrılır. Əslində dəm qazı ayrılmalı deyil. Bu, qazın natamam yanması zamanı baş verir. Nəinki qazın, hətta kömürün, benzinin, dizelin və digərlərinin natamam yanması dəm qazının ayrılmasına səbəb olur. Cihazlar doğru işləyən zaman isə karbon 4 oksid ayrılır ki, bu da ziyanlı deyil. Karbon 2 oksid isə çox zərərlidir. Əgər otağa 0.1 faiz dəm qazı yığılarsa, 7 dəqiqə ərzində ölüm hadisəsi başlayır. Bu rəqəmlərdən dəm qazının nə qədər güclü zəhərlənmə xassəsinə malik olduğu görünür. İnsanlar bilməlidirlər ki, dəm qazı necə, nə zaman əmələ gəlir. Əgər bir kibriti yandırıb stəkanın içərisinə qoyub, stəkanın ağzını qapatsaq o, sönəcək. Çünki qabdakı oksigen yanıb qurtarır. Qazın yanması da eynilə bu cür baş verir. 1 kubmetr qazın yanması üçün 9.5 kubmetr oksigen lazımdır. Ona görə də vanna otağında qapının aşağısından dəlik açmaq lazımdır. Hava həddindən artıq çox olarsa da dəm qazı əmələ gəlir. Ona görə də hamamın həcmi 7.5 kubmetr, hündürlüyü 2.20 santimetr olmalıdır. Bundan əlavə, təbii işıq mənbəyi, pəncərə gözlüyünün, ventilyasiya kanalının olması da şərtdir. Ventilyasiya kanalı 1 saatda 3 dəfə otağın havasını dəyişmə gücündə olmalıdır”.

Dəm qazı ile ilgili görsel sonucu

Ekspert bildirib ki, tüstü bacası ilə bağlı problemlər də ciddidir və can almağa səbəb olan amillərdəndir:

“Evdə olan 4 göz, suqızdırıcı sobalardan çıxan tüstü baca vasitəsilə dama ötürülməlidir. Tüstü bacası damdan yarımmetr hündürdə olmalıdır. Bir problem də odur ki, camaat özü qaz cihazlarına, borularına müdaxilə edirlər. Əslində isə bu işlə məşğul olan ustaların xüsusi sertifikatı olmalıdır.  Hər usta da qaz borularına müdaxilə edə bilməz. Ancaq buna da əməl edilmir və nəticədə problem yaranır. İşlədicilərin gücündən asılı olaraq tüstülərin ötürülməsi də fərqlidir. Məsələn, kombi deyilən cihazlar 1 saatda 2.5-2.9 kubmetr qaz yandırır. Bu yanan zaman tüstü tam şəkildə bayıra ötürülməlidir. Bunun üçün tüstü borularının diametri 10-15 santimetr olmalıdır. İnsanlar isə baxırsan ki, 50-76-89 millimetr borulardan istifadə edirlər. Ona görə də qaz yanan zaman ayrılan tüstünün yarısı bayıra ötürülür, yarısı isə hamamxanada qalır. Bu isə faciələrə səbəb olur. Bu səbəbdən insanlar gərək qaz idarəsinin xəbəri olmadan heç bir təmir işi görməsin. Sovet dövründə ayda 1 dəfə evlərə gedib, qızdırıcılara baxırdıq, təmizləyirdik. İndi isə bu cür yoxlamalar da yoxdur. Gələnləri də artıq ev yiyələri mənzilə buraxmırlar ki, oğurluq edəcək və sairə. Hansı ki, özümüz onları çağırmalıyıq ki, gəlib evdə təmir işləri aparsınlar, qızdırıcılara nəzarət etsinlər. Əgər bunlar olarsa, faciələrin də qarşısı alınar”.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=114742

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31