Nardaran mayakı – “Yol əhvalatı”, Fransa istehsallı fənər – FOTO,VİDEO

19.03.2018 - 09:56

Əksəriyyətimiz məşhur “Yol əhvalatı”na baxmışıq və hələ də sevə-sevə seyr edirik

Amma bu filmdə bir çoxlarımızın bəlkə də əhəmiyyət vermədiyi və ya nəzərdən qaçırdığı bir epizod var.

Bu epizodda görünən ikimərtəbəli bina Abşeron yarımadasındakı üç mayakdan biri – Nardaran mayakıdır.

Mayakın binası Nardaran qəsəbəsində yüksək qayalıq ərazidə inşa olunub. Binanın daxilində, mayakın işığının quraşdırıldığı hissədə yerləşdirilmiş lövhədən aydın olur ki, mayakın fənəri 1882-ci ildə Parisdə “Barbier & Fenestre” şirkəti tərəfindən konstruksiya olunub. İki il sonra, yəni 1884-cü ildə isə fənər Bakıya gətirilərək bu binada quraşdırılıb.

Mayak əvvəllər konkret istiqamətə, 1983-cü ildə aparılan yenidənqurma işlərindən sonra isə dənizə dairəvi şəkildə işıq salmağa başlayıb.

Bu mayaka bəzi hallarda Amburan mayakı da deyirlər. Lakin maraqlıdır ki, Nardaran mayakı Amburanda (və ya köhnə Bilgəh burnu) deyil, Qalagah burnunda yerləşir. Bəzən də bu mayakın səhvən Mərdəkanda yerləşdiyini bildirirlər.

Mayakın binasının qeyri-ənənəvi olaraq hündür olmamasını yəqin ki, bu ərazinin çox yüksəkdə yerləşməsi ilə izah etmək olar. Buradan böyük bir sahil zonası görünür. Mənzərə möhtəşəmdir, lakin qəfil gələn sıx duman bu mənzərəni oxucularla paylaşmağa imkan vermədi.

Nardaran mayakı həm binasının mayaklara xas olmayan quruluşu, həm də işıqlarının ağ-qırmızı rəngi ilə Abşeronun digər mayaklarından fərqlənir. İlk baxışdan yaşayış binasını xatırladan bu tikilidə elə indi də yaşayış var. Təəssüf ki, binanın sakinlərindən kimisə tapa bilmədik. Bəlkə də daha ətraflı məlumat ala, həmçinin binanın içərisindən maraqlı görüntülər əldə edə bilərdik.

Short URL: http://www.cumhuriyyet.net/?p=115829

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31