Rusiyaya gedən azərbaycanlılar niyə kriminallaşır?

29.03.2018 - 10:36

Sosioloq Əhməd Qəşəmoğlu: “Hazırlıq səviyyəsi aşağı olanlar özünə yer tapa bilmir”

Tez-tez ölkə mediasında Rusiyadakı həmyerlilərimizin törətdiyi qətllər, bulaşdığı kriminal hadisələr barədə məlumatlara rast gələrik. Xüsusən də kriminal qruplaşmalar, mafiya ilə əlaqələr baxımdan azərbaycanlıların səsi heç də xoş təəssürat yaratmır. Belə xəbərlər zaman-zaman Türkiyədən də gəlir. Və bu, hər zaman üçün aktual olan bir sualı yenidən gündəmə gətirir: niyə biz xaricdə özümüzü müsbət yöndən realizə edə bilmirik? Uğurlu iş, elm adamların sayı kriminala bulaşmış azərbaycanlılarla müqayisədə azlıq təşkil edir. Ölkənin sərhədlərini adlayan kimi azərbaycanlıların özünüifadə forması neqativ yöndə daha çox inkişaf edir. Bunun səbəbləri nədir? Seçilmək üçün bir qayda olaraq neqativə yönlənməyi yaradan şərtlər nələrdir?

Sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu mənzərənin belə yaranmasına bir neçə amil səbəb olub. Müsahibimizin sözlərinə görə, birinci amil orta məktəblərdə şagirdlərin lazımi səviyyədə həyata hazırlanmamasıdır: “Onların davranışının, dünyagörüşünün, mədəniyyət səviyyəsinin formalaşması üçün orta məktəbdəki təhsil sistemi qaneedici deyil. Çünki şagirdlər orta məktəbdə 10 il ərzində normal formalaşsaydı, özünə bir iş axtarmaqda, hansısa davranışda, hərəkətdə məlumatlı olardı. Bilərdi ki, kriminal aləm nədir, ziyanları nədir. Bu adamlar bizim təhsil müəssisələrimizdə arzu edilən səviyyədə hazırlıq qazanmırlar. Ölkədən kənara gedənlərin də bir çoxu işsiz, burada özünə iş yeri tapa bilməyənlərdir. Ağıllı, savadlı olanlar özlərinə güzəran tapırlar. Amma gedənlərin içərisində hazırlıq səviyyəsi aşağı olanlar özünə yer tapa bilmir”.

Müsahibimizin fikrincə, mənzərənin bu cür yaranmasının bir başqa səbəbi də Rusiyadakı azərbaycanlıların normal şəbəkələr yaratmamasıdır. Sosioloq bildirdi ki, əgər qayğıkeş münasibət olsa, burdan Rusiyaya gedənlər kökləşmiş azərbaycanlıların himayəsi altına girər, davranışların tənzimlənməsi baxımdan onların yardımından istifadə edərlər:“Bir tərəfdən gedənin özü  hazırlıqlı olmur. Digər tərəfdən, yerli təşkilatlar da, azərbaycanlı birlikləri yüksək səviyyədə təşkilatlanmırlar. Bunun nəticəsində Rusiyaya gedənlər özünə cəmiyyətdə yer tapa bilmir. Pul qazanmaq, yaşamaq lazımdır. Kriminal aləmin də özünün hər yerdə marağı var ki, öz dəstələrini çoxaltsın. Onlar da belələrini görən kimi sıralarına cəlb edirlər. Bəzən öz sıralarına cəlb edəndə də sui-istifadə hallarına yol verirlər”.

Ə.Qəşəmoğlu bildirdi ki, kriminal aləm gəncləri özünə cəlb edir və sonuncular özlərini bu sahənin böyüklərinə borclu hesab edir, doğma hiss edirlər. Amma müsahibimiz çıxış yolu olaraq Rusiyada yaşayan azərbaycanlıların təşkilatlanmasına diqqət çəkdi: “Təhsil müəssisələri dərhal düzəlməyəcək. Amma bizim Rusiyadakı müəyyən bölgələrdə, təcrübəsi olan həmvətənlərimiz daha yaxşı təşkilatlanmalıdır. Onların əsas funksiyası da Azərbaycandan gələnlərin daha yaxşı yetişməsinə, kriminal ünsürlərə qoşulmasına mane olmaq olmalıdır”.

Sosioloq eyni zamanda bildirdi ki, biz ailədə, məktəbdə dəyərlər sistemini yaxşı formalaşdırmırıq. Müsahibimizin fikrincə, bu, birbaşa təhsil sisteminin nöqsanıdır: “Ölkədə də televiziya və qəzetlər bunu təbliğ etmirlər ki, insanlar ölkədən kənara çıxanda ölkəni necə təmsil etməlidir. 8 il Moskvada yaşamışam.  70-ci illərdə Moskvada oxumuşam. O vaxtkı azərbaycanlılar özünü daha məsuliyyətli hiss edirdilər. Ölkəni təmsil etmək adına Azərbaycan üçün böyük işlər görürdülər. Amma indi dəyərlər sistemi əvvəlki səviyyədə deyil.  Ailə, məktəb, cəmiyyət – bu üç faktor insanların formalaşmasında mühüm rol oynayır. Ailədə də gərginlik yaranıb. Çünki ailədə 30-40 il əvvəlki kimi münbit şərait yoxdur. Ailə, cəmiyyət əvvəlki yardımı edə bilmir. Məsuliyyət düşür məktəbin üzərinə. Məktəb də bilmir ki, onun məsuliyyəti çoxalıb”.

Sevinc TELMANQIZI

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=116355

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930