Son vaxtlar ölkəmizdə çəkilən kino və seriallarda ara sözlərindən, küçə ifadələrindən istifadə edilməsi cəmiyyətdə, xüsusilə də onun ziyalı təbəqəsində narahatlıq doğurmaqdadır. Bəzi mütəxəssislər hesab edir ki, kinoda yer alan bu cür ifadələr bütövlükdə Azərbaycan dilinin təmizliyinə, aliliyinə kölgə salır, gənc nəslin bu dili lazımi səviyyədə qavramasına mane olur.
Moderator.az-a açıqlama verən Ayna.az saytının baş redaktoru Elçin Şıxlı isə hesab edir ki, bu məsələdə dil üçün ciddi təhlükə yoxdur:
“Dünyanın hər yerində film çəkiləndə canlı dildə danışırlar. Hər hansı bir əsər yazılanda onun yazıçıya aid mətn hissəsində bədii dildən istifadə olunur. Lakin personajın dilində bu fərqlənir. Personaj ləhcə ilə də, ara sözləri ilə də danışa bilər. Hətta kiminsə xoşuna gəlməyən ifadələr də ola bilər. Bu personajın danışığıdır. Təbii, bu ifadələrin harada, hansı miqdarda, necə işlədilməsi də mühüm məsələdir. Təsəvvür edin ki, kino gedir və bir xuliqan orada akademik dildə, bədii ifadələrlə danışımağa başlayır. Bu danışıq süni alınacaq. Bu bizdə gülüş doğuracaq. Belə bir filmə kimsə baxmaz. Xuliqan personajının Şekspir dilində danışması mümkünsüzdür. Istər Hollivud filmləri olsun, istərsə də digər filmlər – orada canlı danışıq dilindən istifadə olunur. Ona görə də mən bu filmləri dilimiz üçün iddi təhlükə mənbəyi saymıram.
Əgər millət öz dilini məktəbdən yaxşı öyrənirsə, qəzetlər savadlı dildə yazırsa, institutlarda bu dilə lazımi səviyyədə diqqət göstərilirsə, bu filmlərlə baxmaqla onun dili korlana bilməz”.