Prezident seçkiləri oktyabrda keçirilsəydi..

02.10.2018 - 10:49

Zahid Oruc: “Təqvimin hansı günündə seçkilər olsaydı, ölkə rəhbəri qalib gələcəkdi”

1993-cü ildən başlayaraq 5 ildən bir oktyabrın ilk yarısında keçirilən prezident seçkiləri bu il apreldə oldu. Oktyabr ayının gəlişi bu və ya digər məsələləri aktual edib. Əsas müzakirələr seçkilər bu ayda olardısa, nələr baş verə bilərdi yöndədir.

Bütün bunlarla yanaşı, prezident seçkiləri aprelə təyin olunduğu vaxt meydana çıxan bir iddia yenidən gündəmə gəlib. Bu iddia da Azərbaycan hökumətinin payızda hər hansı bir siyasi təxribatların ola biləcəyini ehtimal edib, seçkiləri aprelə təyin etməsi ilə bağlıdır.

6 ayda nələrin dəyişdiyini, seçkilər bu ayda keçirilsəydi nələr baş verərdi kimi suallarla son seçkilərdə prezidentliyə namizəd olmuş şəxslərə müraciət etdik.

Apreldəki seçkilərdə ikinci yeri tutmuş deputat Zahid Oruc bildirdi ki, konstitusiyada prezident seçkilərinin vaxtının dəyişdirə biləcəyi ilə bağlı hər hansı bir müddəa yoxdur: “Məsələ ətrafında polemika quran və ondan hakimiyyət əleyhinə istifadə etməyə çalışanlara zamanında cavab verilib. Bunun dövlət baxımından uyarlı olmasını zamanında gördük. Bu gün də hesab edirəm ki, seçkilərin aprelə salınması Cənubi Qafqazda Ukrayna ssenarisi hazırlayan qüvvələrin planlarının bizdən ötüşməsinə yol açdı. Qafqazda Ukraynalaşma təhlükəsi dedikdə ilk növbədə, Qərblə Rusiya arasındakı savaşı nəzərdə tuturuq. Hazırda iqtisadiyyatlar döyüşür, sən mütləq əlaqələri məhv etməlisən, hər hansı bir tərəfdə yer almalısan. Digər tərəfdən, bunun hərbi təhlükəsizlik tərəfləri də var. Bir səngərdə dayanıb başqasına atəş açmalısan. Zənn edirəm ki, Ermənistandakı vəziyyət Azərbaycanda siyasi təqvimin dəyişikliyi səbəbi ilə çox dərəcədə bağlıdır. Bizim üçün daxildə müxtəlif vətəndaş toqquşmaları üçün düşünülmüş ssenari sanki bir dalğa kimi bizdən ötdü və hadisələrin mərkəzinə İrəvan düşdü. Əslində Rusiya dövlətçiliyini dağıtmaq istəyən qüvvələr, xüsusilə Qərb dairələri bu ölkənin ətrafında demokratiya zolağı yaratmaq niyyəti ilə Qafqazda artıq ikinci bir ölkədə inqilab həyata keçirdilər. Bütün hallarda məxməri proseslər anti-Rusiya rənginə malikdir. Bu bir faktdır. Məsələnin daha bir önəmli tərəfi də ondan ibarətdir ki, ölkə rəhbəri təqvimin hansı günündə seçkilər olsaydı, qalib gələcəkdi. Buna heç kəs şübhə etmir. Onu nəzərə almalıyıq ki, bu gün dünyanın müxtəlif ölkələrində dövlətçilik maraqlarının nəzərə alınması ayrıca bir vacibliyə çevrilib. 90-cı illərdə baş verən hadisələrin qarşısında sanki siyasi sel bizi aparırdı. O dövrdə parlament seçkiləri növbədənkənar keçirilə bilirdi, hökumətlər dəyişirdi. Həmin proseslər dövlətin xeyrinə işləmirdi. 1993-cü ildə ulu öndərin gəlişi ilə bu məsələdə bir sabitlik yarandı. Azərbaycanda bir şəxs amili ölkə həyatının və təhlükəsizliyinin ayrılmaz tərkib hissəsidir. O üzdən prezident seçkilərinin yalnız daxili rəqabət prosesində keçməsi çox önəmlidir. Burada ayrı-ayrı qüvvələr boykotçu mövqe tutdular. Bu onların öz işidir. Guya iştirak etsəydilər, nə olacaqdı ki? Bu ayda seçkilər keçirilsəydi, ayrı bir nəticəyə nail olacaqdılar? Bəlkə bizim xəbərimiz yoxdur, elə bir taktika işlədəcəkdilər ki, bu seçkilərdə mühüm nəticələr qazanacaqdılar? Hətta seçkilər dekabrda olsaydı belə nəticələr dəyişəsi deyildi”.

Sabiq prezidentliyə namizəd seçkilərdən keçən yarım ili bu cür dəyərləndirdi: “Son illər ərzində Azərbaycanın neft və qaz sərvətlərini xarici aləmlə qarşılıqlı maraq çərçivəsində, faydalı çərçivədə əməkdaşlığı kim aparıbsa, ölkənin gələcək liderliyində o yer tutmalıdır. Cəmiyyət üçün xeyli dərəcədə narahatlıqlar doğuran, suallar yaradan, müxtəlif sahələrdə problemlərə səbəb olan şəxslərdən müəyyən qədər qurtulmaq mümkün oldu. Hökumətdə yeniləşmə daha geniş səviyyədə reallaşdı. Təkcə sentyabr ayına diqqət yetirəndə görürük ki, ölkə başçısı regional və beynəlxalq çərçivəli tədbirləri, görüşləri reallaşdırmaqdadır. Bu tədbirlərin, görüşlərin hər birində Azərbaycanın milli maraqları ortadadır. Qarabağ məsələsində daha sərt addımlar atmaq, həmçinin öz müttəfiqlərimizi daha çox artırmaq, türk hərbiçiləri ilə birlikdə rus, İsrail silahları ilə digər şəraitdə öz gücümüzü nümayiş etdirmək, dövlətimizin müstəqilliyi üçün əlamətdar tədbirləri keçirmək imkanına gəlib çatdıq. Mənə elə gəlir ki, bütün bunlar 11 aprelin nəticəsidir. Bütün təhlükələr seçkilər bu ayda olsaydı belə dövlət tərəfindən neytrallaşdırılacaqdı. Amma sizləri əmin edirəm ki, müxtəlif beynəlxalq qüvvələr qəfil yaxalandılar. Onların ssenarisi boşa çıxdı, toparlanma imkanları əllərindən alındı. Bir neçə gün öncə ”Taliban” təfəkkürü ilə açıq-aşkar terror fəaliyyəti aparan qüvvələrin bir yığıncaqlarına baxdım. Onlar söyləyirlər ki, biz öz aramızda birləşə bilmirik, bir-birimizə qarşı olan nifrətimiz yaxınlaşmağımıza mane olur, əks halda, daha sistemli şəkildə Azərbaycan hakimiyyətinə qarşı mübarizə aparardılar. Bu sözdən çıxış edib deyirəm ki, əgər oktyabr seçkiləri konstitusion təqvim üzrə qalardısa, mütləq həmin qüvvələri bir araya gətirən dairələr mövcud olacaqdır. Azərbaycan iqtisadiyyatından, neftindən, qazından pay qoparmaq istəyən dairələr cəmi 1-2 milyon həmin şəxslərə ayırır ki, onların maraqları lobbiləşdirilsin, nəticədə onlar gəlib müxtəlif müqavilələrdən daha güzəştli pay qoparsınlar. Necə ki, vaxtilə Soros Azərbaycanın xaricdə saxlanan valyutasının müəyyən bir hissəsini idarə etmək, onları öz aktivlərinə cəlb edərək müxtəlif şərtlər altında ondan yararlanmaq niyyətini güdürdü. Bunlar baş tutmayan kimi dövlət əleyhinə məlum  çirkli kampaniya yönəldildi. Yekun olaraq deyirəm ki, 11 aprel Azərbaycan tarixinin çox mühüm bir hissəsidir”.

11 aprel seçkilərində üçüncü yeri tutan ADP sədri Sərdar Cəlaloğlu bunları dedi: “”Bu ay seçkilər keçirilsəydi, biz maksimum uğur qazana bilərdikmi” sualına konkret cavab vermək çətindir. İndiki vaxtda ölkədə elə bir aktivlik yoxdur ki, nəticələrin bu aktivliyə görə fərqli olacağını deyək. Mənə elə gəlir ki, o vaxt seçkilər keçirildiyi üçün uğur qazandıq. 6 ay öncə yığdığım səs faizini indi yığmaya bilərdim. Çünki o vaxt seçkilərin növbədənkənar keçirilməsi cəmiyyətdə də müəyyən bir qeyri-müəyyənlik yaratmışdı. Ona görə cəmiyyət seçkiyə bir qədər həssas yanaşırdı”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=123195

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2018
BE ÇA Ç CA C Ş B
« Sen    
1234567
891011121314
15161718192021
22232425262728
293031