Qəzada dünyasını dəyişən məktəblinin anası intihar edib?
160 saylı sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində dünyasını dəyişən 13 yaşlı Yusif Tahir oğlu Dadaşzadənin anası Məlahət Dadaşzadənin intihar etməsi ilə bağlı deyilənlər tamamilə yalandır. Qətiyyən elə bir hadisə baş verməyib.
Cumhuriyyət.net xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında dəhşətli qəzanın 13 yaşlı qurbanı Y.Dadaşzadənin təhsil aldığı Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ərazisində yerləşən 218 saylı məktəbdən bildirilib. Qeyd olunub ki, heç bir intihar hadisəsi olmayıb və buna cəhd də edilməyib:
“Məktəb kollektivi də ötən gün orada olub. Biz mütəmadi olaraq ailə ilə əlaqə yaradırıq. Bu məlumat yayılandan sonra da onlarla əlaqə saxlamışıq. Belə bir hadisə baş verməyib”.
Məktəbdən Y.Dadaşzadənin uzun illərdən sonra dünyaya gəlməsi və ailənin tək övladı olmasını təsdiqləyiblər.
“Məktəbimizin sakit və tərbiyəli uşaqlarından idi. Hadisə baş verən zaman evdən harasa gedirmiş, əynində məktəbli forması olmayıb”.
Qeyd edək ki, srağagün Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əlixan Şirəliyev idarə etdiyi 160 saylı xətt avtobusunu qorunan keçiddə hərəkətdə olan qatara vurub. Nəticədə sürücü və 42 sərnişin xəstəxanaya yerləşdirilib, onlardan Şakir Əliyev və 13 yaşlı Yusif Dadaşzadə həyatlarını itiriblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=123266