Şagird məktəbə gözyaşardıcı qaz buraxıb, 9 nəfər zəhərlənib – Bakıda
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə şagirdlər bibər qazından zəhərlənib.
Open.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov “Report”a açıqlamasında məlumatı təsdiqləyib.
O bildirib ki, hadisə ilə əlaqədar məktəbə Təcili Tibbi Yardım Stansiyasının 4 həkim briqadası göndərilib. Təcili Tibbi Yardım avtomobilləri məktəbdən 9 şagirdi götürərək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirib: “Uşaqlar 10-12 yaş arasındadırlar. Onların vəziyyətləri sabitdir”.
Bakı şəhəri üzrə Təhsil idarəsindən Open.az-a verilən məlumata görə, oktyabrın 10-da saat 10:30 radələrində tənəffüs vaxtı 6-ci sinif şagirdlərindən biri digər sinif yoldaşı ilə birgə (müvafiq səbəblərə görə şagirdlərin adı qeyd olunmur) məktəbin dəhlizində gözyaşardıcı qaz buraxıb: “Tənəffüs vaxtı olduğu üçün digər şagirdlər də gözyaşardıcı qazdan təsirləniblər. Dərhal uşaqlar təxliyyə olunublar. Şagirdlərə ilkin tibbi yardım göstərilib”.
***
Səhiyyə Nazirliyindən Open.az-a verilən məlumata görə, bibər qazından zəhərlənən şagirdlərin 2-i oğlan, 7-i qızdır: “Şagirdlərin vəziyyəti yaxşıdır. Onlar üz-gözləri yuyulduqdan sonra evə buraxılıblar”.
Short URL: http://www.cumhuriyyet.net/?p=123599