Ayaz Mütəllibov: “Dövlətim, xalqım ehtiyac duyarsa, yenə də…”

17.10.2018 - 10:39

“Dövlətim, xalqım ehtiyac duyarsa, yenə də öz təcrübəmlə ona xidmət etməyə hazıram”

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov ovqat.com saytına geniş müsahibəsində Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması, Dağlıq Qarabağ münaqişəsi və özünün hazırda siyasi komandasının olub-olmadığı ilə bağlı məsələlərdən danışıb.

A.Mütəllibov bildirib ki, Ermənistan hakimiyyətində kimlərin təmsil olunmasından asılı olmayaraq, onların öz iddialarından əl çəkməməsi artıq ənənə halını alıb. İşğalçı ölkənin indiki rəhbərliyinin daxili auditoriyaya hesablanmış çıxışlarında torpaq iddiasından əl çəkməməsi Ermənistanın işğalçılıq siyasətinin davam etdiyindən xəbər verir. Sülh müqaviləsinin imzalanmaması, Ermənistanın nəinki Dağlıq Qarabağı, hətta ətraf rayonları azad etməməsi, olduqca kövrək atəşkəsin hər zaman pozulmasına, regional təhlükəyə çevriləcək lokal hərbi əməliyyatların başlanmasına səbəb ola bilər.

 

Eks-prezident həmçinin deyib ki, Qarabağ məsələsində hazırkı vəziyyətdə hər kəs dövlətin yanında olmalıdır. Qarabağ dərdindən siyasi oyunlar, hakimiyyət mübarizəsi üçün istifadə etmək xalqımıza qarşı böyük cinayətdir.

 

“Maraqlıdır ki, müharibə ritorikasını mənimsəmiş siyasilərin bir çoxu vaxtilə Sizin komandanızda təmsil olunublar. Bu da istər-istəməz bəzi insanlarda ”Ayaz Mütəllibovun komandası” müharibə istəyir” qənaətini formalaşdırır. Doğrudanmı, “Ayaz Mütəllibovun komandası” indi də mövcuddur?” sualına sabiq prezident belə cavab verib: “Fürsətdən istıfadə edərək bir daha bildirirəm ki, mən vətənə qayıtdıqdan sonra siyasətlə məşğul olmuram. Bəli, mən siyasətçiyəm, vaxtilə rəhbərliyim altında minlərlə insan fəaliyyət göstərib, onların bir çoxu indi də aktiv siyasətlə məşğul olur və yaxud da yüksək postlar tuturlar.

Bundan başqa, sadə insanlar içində də  kifayət qədər hörmətimizi saxlayan, ehtiram bəsləyənlər var. Bu şəxslərlə münasibətimiz hazırda qarşılıqlı  ehtiram və hörmət, səmimi dostluq, siyasətdənkənar münasibətlər şəklində davam edir. Hamısına təşəkkürümüzü bildiririk. Amma bir halda ki, siyasətlə məşğul olmuruq, demək, heç bir komandadan söhbət gedə bilməz. Mən heç bir zaman müharibə tərəfdarı olmamışam. Sülh naminə bütün mümkün variantlardan istifadə olunmalıdır. Vaxtilə mənim tərəfdarım olmuş hər hansı bir siyasətçinin indiki  bəyanatlarının mənə heç bir aidiyyəti yoxdur. Bir daha bildirirəm: mən dövlətimin xidmətçisi olmuşam, əgər dövlətim, xalqım ehtiyac duyarsa, yenə də öz təcrübəmlə ona xidmət etməyə hazıram”.

 

A.Mütəllibov onu da bildirib ki, 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının məhz onun hakimiyyəti dövründə qəbul edilməsi həmişə onda sevinc hissləri yaşadır: “O günləri hər dəfə böyük həyəcan və sevinc hissi ilə xatırlayıram. Çoxlarının bu sənədin necə çətinliklə ərsəyə gəldiyindən xəbəri yoxdur. Böyük bir risk və həyəcan dolu zaman kəsiyində yaşayırdıq. Bəziləri deyə bilər ki, o dövrdə respublikalar dalbadal müstəqillik əldə edirdilər. Bəli, bu belə idi, tarixi proses gedirdi. Amma o pespublikalarda 20 Yanvar faciəsi yaşanmamışdı. O xalqlara Azərbaycan xalqı kimi ögey münasibət bəslənmirdi. Kommunist Partiyasının son qurultayında, yüzlərlə deputatın qarşısında mən az qala qışqıraraq SSRİ rəhbərliyinə, o cümlədən xalqımızın başına qətirilən faciələrdə birbaşa təqsiri olan Qorbaçova deyirdim: ”Nə istəyirsiniz bizim xalqdan, nə vermisiniz, ala bilmirsiniz? Siz bir partiya olaraq keçmiş 37-ci il represiya qurbanları qarşısında öz günahlarınızı boynunuza alırsınız. Amma bu gün gözünüzün qarşısında Azərbaycan xalqı qırılır, diri-diri yandırılır, 200 mindən artıq soydaşımız (o vaxt hələ Qarabağdan qaçqınlarımız yox idi) öz dədə-baba torpağından qovulur, bir anda hər şeydən məhrum olur, siz buna göz yumursunuz”.

Mənim bu çıxışım o zamanki müxalifət tərəfindən yüksək qiymətləndirilmişdi. Hər zaman SSRİ-nin mərkəzi rəhbərliyi tərəfindən zərbə ilə qarşılaşmaq ehtimalı yüksək idi. Çünki bizim Qarabağ problemimiz var idi, mənfur düşmənlərimiz hər bir addımı bəhanə edib xalqımıza qarşı növbəti 20 Yanvar, Sumqayıt kimi faciələri yaşada bilərdilər. Bundan heç kim sığortalanmamışdı. Biz bir xalq olaraq o dövrdə, demək olar ki, təklənmişdik. Allahdan və xalqın birliyindən başqa heç bir köməyimiz yox idi…

Əsas məsələ Müstəqillik Aktının qəbul edilməsi idi. Ona da nail olduq. Burada da o zamankı hakimiyyətlə xalq arasında bu aktın qəbul olunması ilə bağlı yaranmış yekdillik mühüm rol oynamışdı”.

“Yeni Müsavat”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=123806

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2018
BE ÇA Ç CA C Ş B
« Okt    
 1234
567891011
12131415161718
19202122232425
2627282930