“Rəsul Quliyevdən bir manat da yardım olmayıb” – Müsahibə

24.10.2018 - 09:39

Eks-spiker Rəsul Quliyevin səlahiyyətli nümayəndəsi, Gələcək Azərbaycan Partiyası (GAP) sədri Ağasif Şakiroğlu müsahibimizdir.

Gənc partiya sədri AzEuroNews.com-a hər şeydən danışıb: partiyanın Rəsul Quliyevlə əlaqələri, maliyyələşməsi, təmsil olunuğu Qarabağ Komitəsinin mitinqi, müxalifətin vəziyyəti, Dövlət Təhlükəsizlik Xidməti rəisi Mədət Quliyevə 60 illik yubiley təbriki yazması və gələcək planlardan…

 –  Ağasif bəy, əksəriyyəti partiyanı Rəsul Quliyevin təşkilatı kimi qəbul edir. Bu belədir yoxsa GAP-ın lideri sizsiniz?

– Cəmiyyətin nə deməyindən asılı olmayaraq, 2011-ci ildən Azərbaycanda Rəsul Quliyevin səlahiyyətli nümayəndəsiyəm. Ona görə Rəsul bəyin adıyla çəkirlər. Amma partiyanı tərəfdarlarımla birlikdə 2013-cü ildə təsis etmişəm.

Bu gün də sədriyəm və Rəsul bəy GAP-ın fəxri üzvüdür. Onun kimi kinorejissor Erkin Məmmədov, AMEA-da Əlyazmalar İnstitutunun professoru Ağa Abdullaoğlu və başqa fəxri üzvlər var.

Lakin heç biri fəxri üzvlərin partiya ilə adını çəkmirlər, Rəsul bəylə əlaqələndirirlər. Rəsul Quliyevə təbii ki, böyük hörmətim var. Partiyanın qərarlarını İdarə Heyəti verir. Kollegial idarə olunan qurumdur və siyasi xəttini mən müəyyənləşdirirəm.

 

  – Rəsul Quliyevin partiyanın verdiyi qərarlarda rolu olmur?  

– Tövsiyyə xarakterli fikirləri olur. Bu da çox yaxşı haldır. Mən demokratik düşərgənin ümumi mənafeyinə görə Mirmahmud Mirəlioğlu, Pənah Hüseynlə, İsgəndər Həmidovla, dostumuz Tural Abbaslı ilə də məsləhətləşirəm.

Eləcə də Rəsul Quliyev dövlətçilik təcrübəsi olan, hakimiyyətin mətbəxinə bələd siyasətçidir. Ən azından 20 ilə yaxındır Amerikada yaşayır və Qərb demokratiyasının incəliklərini bilir. Onun təcrübəsindən hər bir partiya yararlanmalıdır, eləcə də biz.


Rəsul Quliyevdən heç bir maliyyə yoxdur


 

 – Bəs onun partiyaya maliyyə dəstəyi varmı?

– Səmimiyyətimə inanın ki, Rəsul Quliyevin bu günə kimi partiyaya 1 manat da yardımı olmayıb. Biz fərasətsiz adamlar da deyilik ki, maliyyə əldə edə bilməyək. Bizə 11 iş adamı köməklik edirlər.

Eləcə də Türkiyədə yaşayan və bizə dəstək verən biznes adamları var. Onlarla görüşlərimiz olur, siz də şənbə günləri gəlib tanış ola bilərsiniz. Eyni zamanda partiyada üzvlük haqqı yığılır. Yəni, Rəsul Quliyevdən heç bir maliyyə yoxdur.

 – GAP-ın nə qədər üzvü var?

– Respublikada rəsmi rəqəmlərlə 11 min nəfərdir. Amma artır, azalır. Bu da təbii prosesdir. Kimisi ölkədən xaricə gedir, işləməyə, təhsil almağa gedənlər olur.

İclaslarda mütəmadi iştirak etməyənlər olur ki, xaricdən gələ bilmirlər, onlar da xaric olunurlar. Biz Gələcək Azərbaycan Partiyasını təsis edəndə 500 nəfər idik.

Qərargahda həmişə dinamika var, bir institut kimi işləyir. Siz il ərzində müxalifət partiyalarının qərargahlarında monitorinqlər apara bilərsiniz.

Onlara nə qədər adam gəlir, bizə nə qədər…Yəni, hansı partiyanın fəallarının olduğunu müəyyənləşdirə bilərsiniz.

 


Tüpürdüyünü yalayan siyasətçilər çoxdur


 

–   Yeri gəlmişkən, müxalifət təşkilatlarını müqayisə etməyə toxundunuz. Sizin digər müxalif partiyalardan fərqiniz nədir, yəni kimsə məhz GAP-a üzvlüyü niyə seçməlidir?

 – Biz bu günə qədər hakimiyyətlə heç bir siyasi bazarlığa getməmişik, iqtidarla bir masada oturmamışıq.

İkincisi, hakimiyyəti tənqid etdiyimiz halda Milli Məclisdə təmsil olunmamışıq. Yəni, iqtidarı legitim hesab eləməmişik. Azərbaycanda tüpürdüyünü yalayan siyasətçilər çoxdur.

Təsəvvür edin ki, 2013-cü il prezident seçkilərində Milli Şura iştirak edir və nəticələri tanımır. O zaman Açıq Cəmiyyət Partiyası olaraq fəaliyyətdəydik və biz də bu qurumdaydıq, eyni bəyanatı vermişdik.

2013-cü ildə GAP-ın qurultayını keçirəndən sonra qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə bir dəfə müraciət etməmişik.

Çünki nəticələrini tanınmayan seçkidən seçilən prezidentin təyin etdiyi nazirə müraciət etmək elə seçkinin nəticələrini tanımaq deməkdir. 2018-ci il prezident seçkilərinin nəticələrini də tanımamışıq.

2014-cü ildə isə AXCP Əmircanda qurultay keçirir və sonra Ədliyyə Nazirliyinə qeydiyyat üçün müraciət edirlər, sonra nazirliyi məhkəməyə verirlər. Seçkini tanımırsansa, məhkəmələrin hansı qərarı verəcəyini bilirsənsə niyə müraciət edirsən?!

Azərbaycan siyasətində belə abstraktlar var. Müxalifət adını qoyan partiyalar xalqın gözündən qaçaraq hakimiyyəti legitimləşdirirlər.


Müxalifəti satıb hökumətlə separat danışıqlara getməmişik


 

Biz hökumətlə separat danışıqlara getməmişik, parlamentdə deputatımız olmayıb, müxalifəti satıb parlamentə getməmişik. Xalq seçəcəksə, demokratik nəticələr olacaqsa gedə bilərik.

Bizi səriştəsizlikdə, Qarabağı satmaqda, 92-93 hadisələrinə görə ittiham edə bilməzlər, xaricdən qrant almamışıq, siyasi məhbus ailələrinə ayrılan yardımlar hesabına bacı-qardaşımızı xaricdə oxutmamışıq.

Xalq bunu bilir. Bir müxalifət liderinin uşağının əsgərlik çəkdiyini göstərin. Deyə bilərsiniz ki, hakimiyyətdən də göstərin. Amma sən niyə onlara oxşamalısan?

Ona görə sualınıza gəlirəm, bizim kimi şəffaf partiyanı qoyub, niyə insanlar başqa partiyalara qoşulmalıdırlar ki?

Hakimiyyətin əsas rəqibinin Əli Kərimli olduğunu yazırlar. Özü deyir ki, çöldə müavinim yoxdur, blokadaya alınmışam. Bəs blokadaya alınan şəxsin övladı 4 il həbsdən necə yayınıb?

Sən 3 ay əsgərlikdən yayın, cinayət işi açıb tutacaqlar. Bu adam bakalavrı qurtarıb, 2014-dən Londondadır və rahat Bakıya gəlib-gedir. Bunun izahı yoxdur.

Burda bir məsələ var – İngiltərə vətəndaşıdır və yalnız prezidentin sərəncamı ilə vətəndaşlıqdan çıxarıla bilər, yaxud hərbi xidmətə yararsızdır. Mən hərbi xidmətə sənədi gec verdiyim üçün cinayət işi açıb həbs etdilər.

Sonra apelyasiya məhkəməsində sübut etdim ki, sənədi gecikdirmişəm və Naxçıvanda dəniz səviyyəsindən 3093 metr hündürlükdə xidmət etdim, dostumuz Seymur Həzi də mənimlə eyni yerdə xidmət edirdi.

Allah qapısını açsın. Sənin partiyanın Rəyasət Heyəti üzvü hərbi xidmət keçir, oğlun isə yox. Cəmiyyət də bütün bunları araşdırır və cəmiyyətin qaragüruh olmayanları bizi seçirlər.

 – Əgər müxalifətin bu tərəflərini bilirsinizsə, niyə 2013-də onlarla birlikdə Milli Şurada təmsil olundunuz?

– Biz Milli Şurada Rüstəm İbrahimbəyovun adı ətrafında birləşdik və onu müdafiə etdik. Onun namizədliyi qeydə alınmayanda israr edirdik ki, axıra qədər Rüstəm bəyin üzərində dayanaq.

Bir sıra partiyalar da bu mövqedə idilər. Onlarsa ehtiyac namizədi ortaya saldılar və biz dedik ki, Cəmil Həsənlinin ətrafında birləşmirik. Milli Şura Rəsul Quliyevlə Rüstəm İbrahimbəyovun ideyası idi.

Hələ 2012-ci ildə Rəsul bəyin məqaləsi var idi ki, Milli Şura yaranmalıdır. Və bunlar Cəmil Həsənlini, hakimiyyətin asanlıqla namizədliyini qeydə alacağı şəxsi vahid namizəd elan etdilər.


Bu şərtlərlə seçkidə iştirak iqtidarın şousuna dəstək verməkdir


 

 –   İqtidarın qeyri-legitim sayırsınızsa, deməli qarşıdakı parlament seçkilərinə də qatılmayacaqsız?   

 –   İndiki dövrdən baxdıqda iştirak planı yoxdur. Sabah elə situasiya yarana bilər ki, seçkidə iştirak zərurətə çevrilir. Referendumdan sonra parlamentin səlahiyyətləri məhdudlaşıb.

 

Ehtimal olar ki, hakimiyyət proporsional seçki sistemini ləğv edər, mojaritar sistemi bərpa edər, Seçki Məcəlləsinə dəyişikliklər olar, Venessiya Komissiyasının tövsiyələri yerinə yetirilər, seçki komissiyasının tərkibi dəyişsin, yəni 20 faiz seçki mühitinin demokratikliyinə inam olsa, iştirak mümkündür, indiki şərtlərlə isə yox. Hazırkı şərtlərlə seçkidə iştirak etmək hakimiyyətə siyasi şou yaratmağa dəstək verməkdir.

 – Bəs, mübarizə yolu nədədir?

– Təşkilatlanmaq, xalqın etimadını qazanmaq, xalqı hakimiyyətin mənbəyi olmaq prosesinə səfərbər etmək…Sakaaşvili seçkini uduzmuşdu, amma xalqın iradəsi ilə iqtidara gəldi. Paşinyan seçki ilə iqtidara gəldi? – yox. Təşkilatlanmağın tərəfdarıyıq, imitasiya xarakterli mitinqlərin əleyhinəyik.


İqtidardan bizə məlumatlar sızmışdı ki…


 

– Siz Qarabağ Komitəsində də təmsil olunursunuz. Bu mitinqlərin təyin olunması hansı zərurətdən yarandı?

–  Partiyanın mitinqə dəstəyinin səbəbi var. Paşinyan iqtidara gəldi və Rusiyadan uzaq siyasətçidir. O sentyabrda Putinlə iki dəfə, İlham Əliyev üç dəfə görüşüb.

Belə informasiyalar vardı, iqtidar daxilində milli qüvvələrdən məlumatlar da sızırdı ki, Putin Paşinyanı özünə biət etdirmək üçün iki yol seçir: imitasiya xarakterli 4 rayonun Azərbaycana verilməsi kartından istifadə etmək, ikincisi, süni hərbi əməliyyatlarla Azərbaycanı Ermənistanın üzərinə göndərməyə təhrik etməklə Paşinyanı Moskvaya tabe etdirmək.

Sonra sülh sazişini imzalamağa Azərbaycanı məcbur edəcəkdilər. Mitinqlərin təşkili xalqın məhz iradəsini nümayiş etdirmək idi.

Biz göstərdik ki, xalq Qarabağa biganə deyil və siyasi tələblə meydana çıxmasa belə Qarabağ üçün mitinqlərə qoşulacaq.

Məsələn, Müsavat başqanının qardaşı Mustafa Hacıbəyli mitinqə qədər bu tədbiri pisləyirdi, aksiyadan sonra təriflədi. Özləri də etiraf edirlər ki, bizim meydana yığmadığımız qədər adam mitinqə gəlmişdi.

Çoxsaylı insan iştirak etdi. Orda loyal çıxış da oldu, sərt çıxışlar da oldu. Hakimiyyəti qətiyyətli olmağa çağırışlar edildi.

Qarabağ məsələsinə görə mən İlham Əliyevin Ali Baş Komandanlığını qəbul edirəm. Onun komandanlığı altında vətən üçün döyüşə hazıram.

 – Komitədən Milli Şuraya, Müsavata dəvət gəlmişdi?

– Akif Nağı üç dəfə Arif Hacılı ilə, Pənah Hüseyn iki dəfə İsa Qəmbərlə görüşüb, Milli Şuraya dəvət göndərilib. Müsavat Razim Əmiraslanovu komitəyə göndərmişdi, Milli Şura düşünürdü.

Biz Bakının qurtuluş gününü qeyd edəndə Arif Hacılı tribunaya çıxdı və tədbiri Müsavatın tədbiri kimi təqdim etməyə başladı. Biz Qarabağ Komitəsinin tədbirini Müsavatın tədbiri kimi qeyd olunmasına etiraz olaraq oranı tərk elədik.

Akif Nağıya zəng elədik ki, izahat versin – komitənin yoxsa Müsavatın tədbiridir? Dedi ki, bəy, Arif Hacılının vərdişidir, narahat olmayın, komitənin iclasında müzakirə olunacaq. İclasa Müsavatın nümayəndəsi Razim Əmiraslanov gəlmədi.

Biz başa düşdük ki, Müsavatın bazası zəifləyib, Bakının işğaldan azad olunması üçün tədbir keçirə bilməyəcəklər, tədbirə qədər komitəyə qoşulublar.

Sonra mitinqabağı mən Mədət Quliyevi yubiley münasibəti ilə təbrik elədim. Müsavat Pənah Hüseyn vasitəsi ilə ultimatum göndərdi. Dedilər Razim bəy özbaşına komitəyə gəlib, sonra tələb etdilər ki, biz qoşuluruq, amma Ağasif Şakiroğlu istefa versin.

 


Mədət Quliyevi ona görə təbrik eləmişəm ki…


 

– Yəni, Mədət Quliyevə təbrik yazdığınıza görə…

–  Pənah bəy zəng etdi ki, birlik pozulmasın deyə istefa ver. Dedim ki, mən zorla komitəyə üzv olmamışam. Dəvət almışıq və qoşulmuşuq. Dedim ki, təbriki izah edə bilərəm. Qayıtdı ki, təbrik məsələsi deyil, başqaları fürsətdən istifadə edirlər.

Komitənin iclasına getdim və məlum oldu ki, bu günə qədər bizim də, Pənah bəyin də, Razim Əmiraslanovun da oturduğu otaqda divardakı çərçivədən Mədət Quliyevin şəkli asılıb. Onun portreti altında oturub iclas keçirmişik.

Sadəcə, Qarabağ Azadlıq Təşkilatının ofisində Milli Qəhrəmanların şəkli varıydı, sağ qalanlardan üçünün portreti rəngliydi və biri də Mədət Quliyev idi.

Dedim təbrikə görədirsə, onda gərək komitə ləğv oluna, biz üç aydır mitinqə hazırlaşırıq axı?!

Tural Abbaslı dedi ki, Müsavatın nazıyla oynamalı deyilik. Dedim Müsavat açıq mitinqə dəstək versin, mən komitədən çıxıram, sadəcə fərdi qaydada mitinqdə iştirak edəcəyik.  Mənim məsələm iclasda səsverməyə qoyuldu və 39 nəfər komitədə qalmağımızı dəstəklədi.

Əvvəla mən nə 58, nə 59 yaşı münasibəti ilə, nə general rütbəsi verilməsi ilə bağlı onu təbrik eləmişəm. Mən Milli Qəhrəman kimi xidmətlərinə görə təbrik eləmişəm.

Tutaq ki, biz iqtidara gəlsək bu strukturda öz kadrımızı qoya bilərik, amma Mədət Quliyevin Milli Qəhrəmanlığını əlindən almayacağıq. Bu, bizim yanaşmamızdır. Milli Qəhrəman adını almaq olmaz.

Bundan əlavə, Daxili İşlər Nazirliyinin yaranması münasibəti ilə Ramil Usubovu təbrik eləmişəm. Biz indiki hakimiyyətə gəlsək, Azərbaycanın nazirliyinin 100 illiyini qeyd etməyəcəydik? Sadəcə, bunların düşüncəsi dardır və bəhanə gəzirlər.

İndi mitinqə qoşulmayıblar, deyirlər çıxışlar loyal olub. Gəlib mitinqdə iştirak edərdin, sərt danışardın, sənə mikrofon verilməyəcəkdi? Yəni, bunlara bəhanə lazım idi…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=123953

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2018
BE ÇA Ç CA C Ş B
« Okt    
 1234
567891011
12131415161718
19202122232425
2627282930