“Bu xəstəlik cəmiyyəti təhdid edir” – Yadigar Məmmədli

O, “Reallıq.info” saytının baş redaktoru İkram Rəhimovun reket fəaliyyətinə görə həbs edilməsini şərh edərək bildirdi ki, mediada reketlik yeni bir şey deyil, bu, neçə illərdir ki, Azərbaycan mətbuatını sarıyan bir xəstəlikdir:
“Bu xəstəlik cəmiyyəti təhdid edir. Ona görə də biz Mətbuat Şurasında Şikayətlər Komissiyasının təklifi ilə müəyyənləşdirmişik ki, bu kimi məramlara, müxtəlif qrupların maraqlarına xidmət edən media vasitələrini və jurnalistləri qara siyahıya salaq. Bu insanlar və ya dırnaqarası jurnalistika ilə məşğul olan qurumların, saytlaın jurnalistikaya heç bir aidiyyəti yoxdur. Bu gün jurnalistika qapalı fəaliyyət sahəsi deyil, hər bir kəs bu sahədə çalışa bilər. Amma bu şərtlə ki, “Kütləvi İnformasiyalar” haqqında Azərbaycan Respublikasının Qanununa, Mətbuat Şurasının qəbul etdiyi müvafiq qaydalara əməl etsinlər. Yəni müəyyən edilmiş etik çərçivədən çıxmasınlar. Çox təəssüf ki, bu gün bir qrup insanlar var ki, jurnalist adından istifadə edib öz korporativ maraqlarına xidmət edirlər. Bu kimi şəxslər təbii ki, qanun qarşısında məsuliyyət daşıyır. Çünki insanların şəxsi həyatına qarışmaq, təhdid etməklə onlardan pul tələb eləmək qanunla qadağandır. Bununla bağlı cinayət Məcəlləsində müvafiq maddələr təsbit olunub”.
Y.Məmmədli qeyd etdi ki, “reallıq.info” saytı ilə bağlı məsələ də son hadisələrdən biridir. Mətbuat Şurası daim bu kimi hallarla mübarizə aparır. Bu məsələ təkcə Mətbuat Şurasının deyil, həm də cəmiyyətin məsələsidir:
“Çox yaxşı haldır ki, cəmiyyətin müxtəlif üzvləri bu məsələdə Şuraya yaxından köməklik göstərdilər. Belə “jurnalistlər”in fəaliyyəti ilə bağlı Mətbuat Şurasına konkret şikayətlərlə müraciət elədilər. Mətbuat Şurası da həmin müraciətlər əsasında məsələni araşdırıb onların kimliyi barədə cəmiyyətə informasiya verdi. Bu hadisə artıq hər kəsə dərs olmalıdır ki, qanundan kənar fəaliyyət, insanların həyatına müdaxilə, onları təhdid edən hər bir şəxsin aqibəti belə olacaq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=124102