Saakaşvili qayıdarsa…”liberal inqilabçı”nın dönüşü Bakıya nə verə bilər?

31.10.2018 - 13:34

Mixail Saakaşvili prezidentliyi dövründə azərbaycanlı həmkarı İlham Əliyevi yaxşı dost və qardaş adlandırmışdı.
Bu o zaman idi ki, Rusiya Abxaziya və Cənubi Osetiyanı ilhaq eləmiş, gürcülərin ən güclü qonşu ilə siyasi-iqtisadi əlaqələri kəsilmişdi.


Anaxeber.info yazır ki, belə kritik situasiyada Azərbaycan əlini azman daşın altına qoyaraq, Moskvanın qəzəbinə tuş gəlməyi göz önünə alaraq Gürcüstana ciddi şəkildə iqtisadi dəstək göstərdi.
 
Gürcülərin “Yusif Sərracı”
Azərbaycan petrolu və qazı, Bakı-Tbilisi-Ceyhan, Bakı-Qars-Axalkalaki kimi layihələr tranzit ölkə olaraq Gürcüstana çox böyük iqtisadi yardım oldu.
Bu gün də Azərbaycanın Türkiyədən sonra ən çox investisiya qoyduğu ölkələrdən biri qonşu Gürcüstandır. Ona görə də Saakaşvilinin Əliyevə minnətdar olmalıydı.
“Mişa”nın hakimiyyətdən gedişindən sonra da Azərbaycan-Gürcüstan əlaqələri yüksək səviyyədə olub. İndisə onun yenidən iqtidara qayıdış ehtimalı var.
Əgər prezident seçkilərinin ikinci turunda Saakaşvilinin partiyasından olan namizəd Vaşadze qalib gələrsə, gürcülərin “Yusif Sərracı” vətəninə dönə bilər.
Bunun üçün parlament seçkiləri keçiriləcək, “Mişa”nın üzərindən ilk növbədə cinayət işi götürüləcək, onun baş nazir postuna namizədliyi irəli sürüləcək. Lakin əksi də kifayət qədər realdır və Salome Zurabaşvilinin qalib olması istisna deyil.
Sadəcə, ictimai rəy və ümumi siyasi atmosfer Saakaşvilinin qayıdacağına köklənib. Hətta video kadrlar yayıldı ki, “Mişa” Türkiyə-Gürcüstan sərhədində “Sarp” məntəqəsindədir.
Eyni zamanda hazırkı baş nazir Mamuko Baxadzenin açıqlamasından da görünür ki, Gürcüstan yenidən siyasi iqtidar dəyişikliyi istəyir.
Baxadze açıq şəkildə bəyan edə bilərdi ki, seçkidə hazırkı hakim partiya namizədi qalib gələcək, amma demədi.
Görünür ki, Gürcüstan siyasi qanını bir daha dəyişərək öz ətrafına demokratiyanın inkişafında göz dağı verməyə çalışır. Amma unutmaq olmaz ki, Saakaşvilinin iqtidara gəlişi ilə Rusiyanın Gürcüstana təzyiqləri müşayiət olunacaq.
C.Qafqazda iki ölkənin taleyi kimin əlində?
Habelə, Ermənistanda dekabrda keçiriləcək parlament seçkilərindən sonra Cənubi Qafqazın ikinci ölkəsinin də strateji seçimi müəyyənləşəcək.
Əgər Gürcüstanın ardınca Ermənistan da Avroatlantik məkana inteqrasiya siyasətini yürüdərsə və Tiflis kimi Avropa Birliyinə üzvlük üçün fəaliyyətini gücləndirərsə, regionda təkcə Azərbaycan qalacaq.
Bu halda Moskva Azərbaycanı itirməmək üçün çırmanacaq və Bakı ilə yaxınlaşma daha da sıxlaşacaq. Nəticədə Kreml Dağlıq Qarabağla bağlı İrəvana təzyiqlər göstərə bilər.
Bir sözlə, dekabrda həm Gürcüstan, həm Ermənistanın siyasi müqəddəratı həll olunacaq ki, bu da Cənubi Qafqazda iki ölkənin Rusiyanın tamamilə orbitindən çıxması ilə yekunlaşa bilər.
Gürcüstan onsuz da Abxaziya və Osetiyanı itirmək naminə öz yolunu seçib. Hətta Saakaşvili hakimiyyətə gəlməsə belə, yenə də qonşu ölkə Avropa siyasətini davam etdirəcək.
İndi növbə Ermənistanındır. Bu ölkənin strateji seçiminin necə olacağı C.Qafqazda Qərbin yoxsa Rusiyanın qalib gələcəyini müəyyənləşdirəcək.
Əgər Ermənistan da Gürcüstan kimi Qərbpərəstləri hakimiyyətə gətirərsə, bu regionun Rusiyanın nəzarətində çıxmaqda olduğunu söyləmək olar.
Azərbaycanda isə demokratik islahatlar dalğasının gələcəyi hələlik blef olaraq qala bilər və bunun üçün Qərbin də planlarının olmadığı göz qabağındadır.
 
Saakaşvili-Əliyev əlaqələri
O ki qalda Saakaşvilinin hakimiyyətə dönüşündən sonraya – o zaman Azərbaycan-Gürcüstan əlaqələrində yeni səhifə açılacaq. Prezident İ.Əliyev ən çətin vaxtında Saakaşvilinin əlindən tutub. Buna görə sabiq prezidentin Azərbaycana həm də mənəvi borcu var.
Hakimiyyətlər dəyişəndə və ya hər hansısa addım atanda hər zaman bunun xarici siyasətlə əlaqəsi sorğulanır.
Misal üçün, Gürcüstanda 2012-ci ildə Bidzina İvanişvilinin Gürcü Arzusu koalisiyası parlamentdə əksəriyyəti ələ alanda bir çox müşahidəçilər dedi ki, Rusiya geri qayıtdı.
Təbii ki, bu tam olaraq belə deyildi, amma bunun söylənməsi ona işarə edir ki, ictimai fikirdə sanki belə bir gözlənti var ki, daxili siyasi dəyişiklik mütləq kənardan idarə edilməlidir.
Saakaşvili bu dəfə daha kamil və müdrik siyasətçi kimi ölkəsinin başına keçə bilər və vaxtilə Rusiya ilə münasibətlərdə etdiyi səhvləri təkrarlamaz.
O baxımdan Azərbaycan-Gürcüstan əlaqələrinə görə Moskvanın Bakıya təzyiq mexanizmini işə salacağı gözlənilmir.
Anaxeber.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=124132

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031