Onlara qızıl medal vermək cinayətdir – Ekspert

05.12.2018 - 16:16

Orta məktəbi qızıl medalla başa vuranların birbaşa ali məktəblərə qəbul olunması düzgün deyil. Bunu qızıl medal alanların ali məktəblərə keçirilən imtahanlardakı nəticələri də təsdiq edir. Əgər respublika və beynəlxalq olimpiadaların qaliblərinin nəticələrinə baxsaq, daha fərqli mənzərə görərik: onların qəbul imtahanlarında göstərdiyi nəticələr daha yüksəkdir, qızıl medal alanların isə yox.

Bu sözləri Axar.az-a təhsil eksperti Kamran Əsədov orta məktəbi qızıl medalla bitirən məzunların ali məktəbə qəbul imtahanlarından azad olunacaqları ilə bağlı danışarkən bildirib. K.Əsədov bildirib ki, bu cür prosedurlar bir çox hallarda şəffaf keçirilmir:

“Orta təhsilin ən ali mükafatlarını almaq üçün şagird respublika fənn olimpiadalarının yekun mərhələsində, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülməli, eyni zamanda ümumi orta təhsil səviyyəsini 75% əla qiymətlərlə bitirməlidir. Onun tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75% “əla” olmalı, fənlərdən illik qiymətləri “əla” almalıdır.

Şagirdin qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar verilir. Pedaqoji Şuranın qərarı ilə həmin şagirdlərin fərdi siyahısı hər il mayın 20-dən gec olmayaraq yerli təhsil idarəetmə orqanları tərəfindən Təhsil Nazirliyinə təqdim edilir. Qızıl medala attestata yazılan yekun qiymətləri yalnız “əla” olanlar, attestata yazılan yekun qiymətlərdən ən çox ikisi – “Tədris dili” və “Riyaziyyat” istisna edilməklə, yaxşı olanlar isə gümüş medala layiq görülürlər.

Etiraf edək ki, bu prosedurlar bir çox hallarda şəffaf keçirilmir. Belə ki, məktəb direktorunun bu məsələyə yaxından müdaxiləsi, şəxsi marağı qaçılmaz olur. Direktora bu və ya digər formada yaxın olan şəxslər bu adı almaq üçün təqdim olunur, amma istedadlı, bacarıqlı, lakin direktora yaxın olmayan şagirdlər isə bu mükafatlardan kənarda qalır”.

K.Əsədov hazırda ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinə qəbul olmağın digər qanuni yolları barədə də danışıb:

“Ölkədəki bütün ali təhsil müəssisələrinə bir neçə qanuni yolla qəbul olub tələbə adını qazanmaq mümkündür:

a) DİM-in keçirdiyi I-II-III-IV-V ixtisas qruplarından iştirak edib keçid balı toplamaqla

b) Beynəlxalq imtahan – İELTS, SAT, GMAT nəticələri ilə

c) Respublika fənn və beynəlxalq olimpiadaların qalibi olmaqla

d) Beynəlxalq turnirlərin, yarışların, müsabiqələrin, çempionatların qalibi olmaqla.

Siyahıya baxanda qəbulun əlçatımlılığının şahidi oluruq. Yəni ali məktəb qəbul olmaq üçün kifayət qədər yol, üsul var. Nəzərə alsaq ki, qeyd olunanlar kifayət qədər çətin müsabiqələrdir, o zaman buna müsbət baxa bilərik. Amma orta məktəbi qızıl medalla başa vuranların birbaşa ali məktəblərə qəbul olunması doğru deyil”.

Ekspert qızıl medal alan şagirdlərin nəticələri ilə bağlı statistikanı da təqdim edib:

“Məsələn, 2012-2013-cü tədris ilində 248 medalçıdan 3 nəfəri (1%) 700 bal, 145 nəfəri (58%) 600-699 bal, 49 nəfəri (20%) 500-599 bal, 22 nəfəri (9%) 400-499 bal, 12 nəfəri (5%) 200-399 bal, 1 nəfəri 140 bal toplayıb. 16 nəfər (6,5%) isə xarici ölkələrin (ABŞ, Türkiyə və Niderland) nüfuzlu ali məktəblərinin tələbəsi adına layiq görülüb.

Göründüyü kimi, 248 medalçıdan yalnız 3-ü – 700 bal toplayanlar qızıl medala tam layiqdir. 685-700 arası bal yığanları da qızıl medala layiq saymaq olar, çünki ola bilər, 1 və ya 2 suala mexaniki səhv üzündən dürüst cavab verməyiblər. Ancaq 600-dən aşağı bal toplayanlara heç vəchlə qızıl medal vermək olmazdı. Onlara heç gümüş medal da düşmür. 650-700 bal toplayan yüzlərlə abituriyent var ki, onların attestatında aşağı qiymətlər də var.

200-300 bal toplayan “qızıl medal”lılar isə həmin medalı korrupsiya yolu ilə əldə ediblər. 140 bal toplayan medallı abituriyentin sinifdə qalmalı, attestat almamalı olduğu halda qızıl medala layiq görülməsi sırf cinayətdir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=125282

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930