Azərbaycanda zəlzələ xofu – təkanlar təkrarlana bilərmi…

07.02.2019 - 08:46

Qurban Yetirmişli: “6 baldan yüksək zəlzələnin olacağı gözlənilmir”

Fevralın 5-də Azərbaycanda zəlzələ baş verib. Ən güclü təkanlar Şamaxıda hiss edilib. Nəticədə bir neçə evə və məktəbə  ziyan dəyib. Saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub. Təkanların təkrarlanacağından qorxan bəzi insanlar gecəni küçədə keçirməyə qərar veriblər. Zəlzələ nəticəsində rayonun Şamaxı rayonunun Şəhriyar qəsəbəsində bir yaşayış evində dağıntı baş verib. Dağıntılar zamanı 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Şamaxı rayonunda təbii fəlakət nəticəsində baş vermiş dağıntılarla əlaqədar fövqəladə komissiya yaradılıb. Daha çox dağıntı rayonun Qəleybuğurt, Qızmeydan və Nağaraxana kəndlərində qeydə alınıb.

Həmin kəndlərdə səyyar tibb məntəqələri qurulub. Dağıntılar zamanı xəsarət alanların sayının artdığı və onların əksəriyyətinə ambulator yardım göstərildiyi bildirilir. Təhlükəsizliyə görə dağıntı baş vermiş ərazilərdə qazın verilişi tamam dayandırılıb. Dağıntılarla əlaqədar yaradılan fövqəladə komissiyanın və Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələri icra başçısının rəhbərliyi ilə dağıntılar və fəsadlar olan yerlərə baxış keçiriblər.

Şamaxıda zəlzələ ile ilgili görsel sonucu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov da hadisə yerinə baş çəkib. Onun verdiyi məlumata görə, zəlzələ zamanı ölüm faktı olmayıb: “Yalnız 3 nəfər həyəcanlanıb, hadisə yerindən uzaqlaşmaq istəyərkən xəsarət alıb. Hazırda həmin şəxslərin müalicəsi davam edir. Ümumiyyətlə, belə təbii fəlakət zamanı fəsadların cüzi, itkinin isə olmaması yaxşı haldır. Heç bir evdə böyük uçqun halı qeydə alınmayıb. Yalnız evlərin divarlarında, yəni içəridən və çöldən çatlar və dağıntılar olub”.

Şamaxıda zəlzələ ile ilgili görsel sonucu

Nazirin sözlərinə görə, prezident İlham Əliyev zəlzələnin fəsadlarının araşdırılması və aradan qaldırılması ilə bağlı tapşırıq verib: “Ölkə başçısının tapşırığına əsasən, rayon Fövqəladə Hallar Komissiyası ilə birlikdə Ağsu, İsmayıllı və Şamaxı rayonlarında işlər aparılacaq. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun könüllüləri bu işdə yaxından iştirak edəcəklər. Rayon icra hakimiyyətinin əməkdaşları da sakinlərə vaxtında kömək edib və lazımi yerlərdə yerləşdirməyə şərait yaradıblar”. Qeyd edək ki, qəzalı vəziyyətdə olan evlərin sakinləri başqa evlərdə müvəqqəti yerləşdiriləcək. Evlərin təmir bərpa işlərinin aparılması üçün dövlət tərəfindən yardım olunacaq.

Şamaxıda zəlzələ ile ilgili görsel sonucu

Fevralın 6-da Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli mətbuat konfransı keçirərək, ölkə ərazisində təkrar zəlzələnin baş verə biləcəyindən danışıb: “Dünən 23:21-də İsmayıllı, Şamaxı rayonlarında ard-arda baş verən ərazidə gərginliyin olduğu məlum idi. Həmin ərazidə gərginlik həmişə var. 2018-ci il seysmik xəritəsində həmin bölgə ən aktiv zona kimi müəyyən edilmişdi. Bu zəlzələni orta güclü zəlzələ hesab etmək olar. 23:31-də baş verəcək zəlzələnin maqnitudası, yeri barədə dəqiq məlumat verə bilməzdik. Orta müddətli proqnozu dəfələrlə vermişik. Lakin bunu ictimaiyyətə yaymaq doğru deyil. Dünən insanların hadisə zamanı qaçarkən xəsarət alması əhalinin buna hazır olmadığını göstərir”.

qurban yetirmişli ile ilgili görsel sonucu

Q.Yetirmişli bildirib ki, fevralın 5-də gecə saatlarında Azərbaycan ərazisində iki hiss olunan zəlzələ oldu: “Ondan əvvəl Lerikdə 3 bala qədər hiss olunmayan zəlzələ olmuşdu. Birincinin maqnitudası 4.4 bal idi, qırılma boyu həmin əraziyə 3 km məsafədə maqnitudası 5.2 idi, bu da 6 bal gücünə uyğun gəlir. Bu zəlzələ cənub qərb bölgəsi üçün xarakterik idi. Bu ərazidə zəlzələ 8, 10, 12 km dərinlikdə baş verib. İkinci təkan insanları təlaşa salmışdı, evlərdə çatlar əmələ gəlmişdi. Biz fevralın 6-da tezdən fövqəladə vəziyyəti nəzərə alaraq vertolyotla zəlzələ bölgəsində olduq. Evlərdə baş verən çatları yerində müşahidə etdik. Çatlar əsasən keyfiyyətsiz tikinti materiallarından istifadə edilən, çay daşlarından tikilən evlərdə müşahidə edilib. Hazırda əməkdaşlarımız hadisə bölgəsində tədqiqat aparır. Zəlzələ ocağındakı prosesləri, ocaqdakı vəziyyəti düzgün araşdırmaq üçün əlavə mobil stansiyalar quraşdırılıb. Afterşokların hansı istiqamətdə miqrasiya etməsini araşdırmaq üçün təqdiqatlar aparırıq. Bir neçə gün əməkdaşlarımız tərəfindən enerjinin miqrasiya etməsi, gərginliyin vəziyyətini müşahidə ediləcək”.

Baş seysmoloqun sözlərinə görə, fevralın 5-də baş verən zəlzələdən sonra təkrar zəlzələlər qeydə alına bilər, lakin 6 bal gücündə təkrar zəlzələnin olması gözlənilmir: “Birinci zəlzələdən sonra 130-dan çox afterşoklar olub, onların bir neçəsinin maqnitudası 3 bal və bir az çox olub. Bu rayon ən aktiv seysmogen zonadır. Həmin ərazidə həm çoxlu təkanlar baş verir, həm də ayrılan enerji daha çox olur. İsmayıllı və  Şamaxıda dağəmələgəlmə prosesi hələ də aktiv mərhələsindədir, proses hələ davam edir. İnsanlar təlaşa düşməsinlər. İki zəlzələdən sonra hiss olunmayan afterşoklar prosesin davam etdiyini göstərir. Bu o deməkdir ki, enerji parçalanması gedir, gərginlik azalır. Hiss olunan zəlzələ təkrar ola bilər. Lakin 6 baldan yüksək zəlzələnin olacağı gözlənilmir. Zəlzələ nəticəsində rəsədxanaya ziyan dəyməyib. Bizim Pirquludakı stansiyamızın binasında çatlar yaranıb”.

Bakıda zəlzələnin hiss edilməsinə gəlincə, seysmoloq vurğulayıb ki, dünən baş verən zəlzələ əsasən Bakının Xətai, Nəsimi, Yasamal rayonlarında hiss olunub: “Paytaxtın bəzi ərazilərində zəlzələnin hiss olunması, bəzilərində hiss olunmaması həmin ərazilərin seysmik aktivliyi ilə bağlıdır. Bakıda bəzi ərazilərdə eyni binada zəlzələyə davamlılıq fərqlidir. Bəzi binaların bir qolunun yerləşdiyi ərazidə maksimum 8, digər hissəsində 9 bal gücündə zəlzələ qeydə alına bilər. Ona görə də tikinti aparılarkən hər bir ərazinin seysmikliyi dəqiqləşdirilməlidir. Bəzən eyni yerdə seysmik aktivlik fərqli ola bilir”.

Seysmoloji Xidmət Mərkəzinin direktoru  onu da diqqətə çatdırıb ki, zəlzələdən sonra Şamaxı, Qobustandakı vulkan ocaqlarında aktivliyin qeydə alınması gözləniləndir: “Bu zəlzələ həm də vulkandakı proseslə bağlıdır. Zəlzələnin palçıq vulkanları ilə əlaqəsi araşdırılır. Əgər vulkanda hazırlıq, sıxılma prosesi baş verirsə, o, partlayışla püskürməlidir. Təcrübə göstərir ki, vulkana yaxın ərazilərdə zəlzələ baş verəndən sonra püskürmə baş verir. Püskürmə əsasən 1-2 gün sonra müşahidə edilir. Bizim əməkdaşlarımız ərazidəki vulkanlardakı gərginliyin hansı səviyyədə olduğunu müşahidə edirlər”.

Nərgiz LİFTİYEVA, “Yeni Müsavat”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=126715

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031