Qazi baş redaktora verilən ittihamla bağlı hüquqi rəy – ARAŞDIRMA

10.02.2019 - 22:14

Yanvar ayının 22-si tarixində Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin Kriminalistika Şöbəsinin prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Elçin Musayev icraatında olan istintaq materiallarını nəzərdən keçirərək müəyyən edib ki, “teref.info” saytının təsisçi və baş redaktoru, 2-ci qrup Qarabağ əlili Nurəddin Xoca Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2, 309.2 və 313-cü maddələrinin tələblərini pozub. Buna görə də, artıq jurnalistə rəsmən ittiham elan olunub. Əgər bu ittihamın iddiasına nəzər salsaq görərik ki, jurnalisti uzun müddətə həbs gözləyir.

Artıq istintaq materialları məhkəməyə təqdim olunub və yaxın günlərdə cəmiyyət növbəti dəfə “jurnalist mühakiməsinin” şahidi olacaq. İndi isə gələk, ittihamın mahiyyətinə… Əslində bu ittihamda diqqəti çəkən yeni bir detal odur ki, bu situasiyada eyni maddələr bir neçə sayta tətbiq olunub, hətta ittiham tərəfi, guya hansısa vətəndaşların, bu məqalələri oxumaqla bərk narahatçılıq keçirdiklərindən, həyəcan və təşvişdən “şikayətçi” olduqlarını əsas götürür. Belə çıxır ki, yayılan informasiyaları oxuyan bəzi vətəndaşlar, oxuduqları xəbərin həyəcanından, möhkəm stress keçirərək, təşvişdən günlərlə özlərinə gələ bilməyiblər. Bundan ötrü də, Azərbaycan hüquq təcrübəsində ilk dəfə olaraq, belə “sarsıdıcı”, “dəhşətli”, “həyəcanlı” xəbər müəllifləri barədə qanuni tədbir görülməsi üçün, dövlət qurumlarına müraciət etmək barədə qərar veriblər. Nə qədər gülməli, təəccüblü olsa da, bir o qədər də faciəvi bir situasiya olsa da, təəssüf ki, hələki, ortada olan “həqiqətlər” rəsmən bundan ibarətdir. Onu da qeyd edək ki, ittiham tərəfi 06.07.2018-ci il tarixdə:
“Etibar Pirverdiyevin kriptovalyuta biznesi ortaya çıxdı – Sumqayıtda milyardlıq Bitkoin Mayninq “ferması” tikdirib” başlığı altında yazılan yazıda “….Azərbaycanda böyük kriptovalyuta ferması olan məmurun kimliyi bilindi. “Azərenerji” prezidenti Etibar Pirverdiyev dəvə fermalarını kriptovalyuta istehsal edən fermalara dəyişib. Sumqayıtdakı sənaye zonasında Etibar Pirverdiyev böyük bir mayninq ferması inşa etdirib. Aylar öncə inşası başa çatan fermanın “Azərenerji” prezidentinə artıq böyük gəlirlər gətirdiyi haqda məlumat da var. Ümumilikdə isə bütün dünyada kriptovalyuta “ehtirası” artan xətt üzrədir. Belə görünür ki, azərbaycanlı məmurlar da virtual pullara çatmaq üçün əllərini sallayıb oturmayıblar, hərəkətə keçiblər. Aylar öncə redaksiyamıza daxil olan məlumatlardan bilinirdi ki, ölkəyə kriptovalyuta istehsalı üçün lazım olan xüsusi avadanlıqlar daşınmağa başlanıb. Belə avadanlıqların bir partiyasını yüksək vəzifə tutan məmurlardan biri ölkəyə gətirmək istəyib.” cümlələri ilə, 09.07.2018- ci il tarixdə isə:
“Azərenerji” yoxlanılır, Pirverdiyev “işıq teroru” üçün dindirilir – “finski” korrupsiya adlı məqalədə isə, “….Ölkəyə iki gün enerji “terroru” yaşatmış “Azərenerji” ASC prezidenti Etibar Pirverdiyevin başı “edam kötüyündədir”. Prezidentin tapşırığı əsasında Hesablama Palatası tərəfindən ASC-də yoxlamalar aparılır. İstefaya göndərilməsinə sayılı zaman qalan Pirverdiyevin mal-mülkü, biznes varidatı, sosial şəbəkələrdə fotosu yayılan villası da dosye şəklində prezidentə məruzə olunub. Müşavirədə dövlət başçısının Pirverdiyevə “utanmalısınız” deməsi, fövqəladə hallar naziri Kamaləddin Heydərovun ASC-yə edilən xəbərdarlıqlara məhəl qoyulmadığını söyləyərək onu “baqaja” qoyması baş energetikin “qələmini qırıb”. Hazırda qeyri-rəsmi istintaqı aparılan Pirverdiyev şələ-şüləsini toplayıb, prezidentin rəsmi sərəncamını gözləyir. “Azərenerji” ASC məmurlarının da arasında həbslər gedəcəyi istisna edilmir. Dövlətin büdcəsindən ayrılan 100 milyonun hara xərcləndiyi soruşulur.Bu 100 milyona elektrik stansiyalarının avadanlıqları modernləşdirilə, qurğular yenilənə bilərdi. Ancaq dəvə fermalarına, şəhərdəki villalarına bu vəsaiti yönəltmiş Pirverdiyev respublikanı rəsmən iki gün enerji blokadasına salıb, Ermənistan üçün strateji fürsət qazandırıb, Qafqazın ən lider dövləti imicini yerlə yeksan edib. Bu müddət ərzində düşmən ordusu müxtəlif təxribatlar, əməliyyatlar həyata keçirə bilərdi ki, faktiki olaraq Yunis Səfərov adlı şəxs Gəncənin icra başçısına həmin saatlarda sui-qəsd edə bildi, fürsətdən istifadə etdi…”
– cümlələrini yazmaqla bilə-bilə yalan məlumatları əsas səhifədə Azərbaycan dilində yerləşdirib, hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edib bu cür məzmunlu məlumatları yaymaqla həmin cinayət əməlini təkrarən törətmiş, bununla da, məlum hadisələrlə bağlı ölkə vətəndaşları arasında mənfi rəyin formalaşmasına, mövcud ictimai-siyasi sabitliyin pozulmasına, dövlətin həyata keçirdiyi tədbirlərə kütləvi inamsızlıq yaradılmasına, cinayətkarlığa qarşı mübarizədə hüquq-mühafizə orqanları tərəfindən aparılan məqsədyönlü tədbirlərin üzərinə kölgə salınmasına yönəlmiş qeyd olunan qanunazidd əməlləri ilə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşmış, habelə sair şəxsi niyyətlə informasiya resurslarına bilə-bilə yuxarıda qeyd edilən məzmunda yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı edib. Buna görə də tanınmış jurnalist Azərbaycan Respublikası CM-nin 281.2, 309.2 və 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törədib. Hər şeydən əvvəl onu qeyd edək ki, hər iki yazı, digər informasiya resurslarının məhsulu olmaqla, heç də Nurəddin Xoca tərəfindən yazılmayıb. Jurnalist sadəcə tanınmış saytların təqdim etdiyi informasiyaları, müəllif hüquqlarına hörmət etməklə, istinad etdiyi mənbələrin adlarını da qeyd etməklə, öz saytında dərc edib. Beləliklə də, məlum olur ki, yazılan bu məqalə heç də təqsirləndirilən jurnalistin “beyninin məhsulu” deyil. Nüfuzlu, adətən hökümətyönümlü materiallar dərc edən bir saytın məqaləsində dövlət və hakimiyyət əleyhinə çağırışların olması isə heç də gözlənilən hal deyil. Məsələnin maraqlı tərəflərindən biri də ondan ibarətdir ki, bu məqalələrin istinad olunan cümlələrində sadalanan problemlər əslində dövlət və ya dövlət qurumunun ünvanına deyil, öz fəaliyyətində qüsur və nöqsanlara görə, “yarıtmaz işlərinə” görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə vəzifəsindən uzaqlaşdırılan, “Azəreneji” SC-in sədri Etibar Pirverdiyevə aiddir. Sadalanan faktların isə, ölkənin ən üst qurumları tərəfindən aparılan araşdırma və yoxlamalarla sübuta yetirildiyinin bariz nümunəsi, məhz ölkə başçısının məlum sərəncamı ilə öz təsdiqini tapıb. Bütün bunlardan əlavə, heç kəsə hüquq dərsi keçmək kimi bir niyyətimizin olmamasını qeyd edərək, bir neçə detallara məhz hüquqi prizmadan aydınlıq gətirək. Təqsirləndirilən jurnalstin ittiham olunduğu maddələrə nəzər saldıqda görürük ki, CM-nin 281- yəni “Dövlət əleyhinə yönələn açıq çağırışlar” maddəsi irəli sürülüb. Halbuki, bu maddədə qeyd olunan cinayətin obyekti Azərbaycan Respublikasının konstitusiya quruluşunun təhlükəsizliyi ilə əlaqədar ictimai münasibətlərdir və bu cinayətin tərkibinin yaranması üçün jurnalist öz yazısında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etməli, bu cür məzmunlu materiallar yaymalı idi. Halbuki, istinad olunan cümlələrdə nəinki bekə faktlar, hətta heç bir açıq çağırış yoxdur, əksinə məmur məsuliyyətsizliyinin nəticəsində, mümkün ola biləcək təxribat və ya xoşagəlməz olaylar barədə adi “jurnalist ehtimalı” var. Bir növ dövlət qurumlarının fəaliyyətinin nüfuzuna xələl gətirə biləcək “amillərin ifşası” ilə bağlı olan bir məqalənin cümlələrinin istintaq orqanı tərəfindən hansı məntiqlə belə şərh olunduğu məlum olmasa da, irəli sürülən maddələrin kommentariyasına əsasən, jurnalistin təqsirinin olmadığı açıq-aydın görünür. Çünki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hakimiyyətin zorla ələ keçirmə dedikdə, qanuni səlahiyyətli hakimiyyət nümayəndəsini, onun iradəsinə zidd olaraq hakimiyyət səlahiyyətlərini həyata keçirməkdən daimi və ya müvəqqəti kənarlaşdırma və onun vəzifə səlahiyyətlərini qanunsuz olaraq, səlahiyyəti olmayan şəxsə həvalə etmə başa düşülür. Təqsirkar, hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş elə hərəkətlərə yol verir ki, bu hərəkətlər hakimiyyətə yiyələnməyin konstitusion metodlarına və prinsiplərinə tamamilə ziddir. Hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş bu hərəkətlər həm fiziki, həm də psixi zorakılıq formasında qanuni səlahiyyətli hakimiyyət nümayəndəsinin həm bilavasitə özünə, həm də onun ailə üzvlərinə, yaxın qohumlarına münasibətdə icra oluna bilər. (bax: Cinayət Məcəlləsinin Kommentariyası- Maddə 278.şərhi.) Görəsən bu yazılarda istinad olunan cümlələr Etibar Pirverdiyi, onun özünün iradəsinə zidd olaraq, hansı addımları atmaqdan daimi və ya müvəqqəti kənarlaşdırıb? Yoxsa bu yazılarla onun hansı bir qohumuna fiziki və ya psixi zorakılıq tətbiq olunub? Axı heç ən yaxın qohumu, qudası, general Nəcməddin Sadıqov da zərərçəkənlər siyahısında yoxdur?! Ümumiyyətlə bu işdə guya “zərərçəkən” olanların Etibar Pirverdiyevlə qohumluq əlaqələri mövcuddurmu? Məsələnin ən ağrılı və əslində qınaq olunan tərəfi də budur ki, doğrudanmı bizim ölkədə bir yazı ilə, bütöv bir hakimiyyət qurumunu zorla mənimsəmək ağlabatandır? Sözsüz ki, bütün bunlar, həyata keçirilməsi mümkün olmayan, heç kəsin ağlının ucundan belə keçməyən cəfəngiyyatdır. Adi jurnalist yazısı ilə, bütün bu ittihamlara tuş gələrək, belə ağır maddələrin tələbini pozmaqda təqsirləndirilə biləcək qədər “ xüsusi istedad sahibi” hansı məmləkətdə ola bilər? Hələ məsələnin bu tərəfi də var ki, əgər təqsirləndirilən şəxs, törətdiyi cinayətlə əhəmiyyətli zərər vurmamışsa – yəni qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının fəaliyyətinin pozulması və ya kəskin şəkildə məhdudlaşdırılması, nəqliyyatın, rabitənin, müəssisələrin işinin dayandırılması baş verməyibsə, onda cinayət məsuliyyətindən azad olunur. Görəsən adi jurnalist yazısı, bu sadalanan əhəmiyyətli zərərlərin hansı birinin törədilməsinə səbəb olub? Etibar Pirverdiyev iki yazı ilə fəaliyyəti pozulacaq qədər zəif bir idarə qurubsa, buna görə qanun qarşısında məsuliyyət daşımırmı? Regionun ən güclü dövləti iddiasında olan bir ölkənin ən starteji idarələrindən birinin, iki yazı ilə iflic olması gülünc səslənmir? Əslində bunu qeyd etmək vacibdir ki, Milli Məclisin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bəzi normalarının tətbiqi haqqında”, 11 aprel, 1995-ci il tarixli qərarının 2-ci bəndinə əsasən, 281-ci maddəsində çağırışlar dedikdə, insanların iradəsinə təsir edərək, onları bu maddədə göstərilən əməllərin törədilməsinə cəlb etməyə yönələn fəal hərəkərlər başa düşülməlidir. Həmçinin Cinayət Məcəlləsinin Kommentariyasına görə, çağırışların açıqlığı, təqsirkar şəxslərin bu cinayəti törədərkən, kütləni aşkar surətdə insanlarda mövcud hakimiyyətə və konstitusiya quruluşuna nifrət yaradan, onları hakimiyyət əleyhinə qiyama, kütləvi iğtişaşa çağıran, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamağa və sairə qanunsuz hərəkətlər etməyə sövq edən yazılı və yaxud şifahi müraciətlərində ifadə olunur. Adıçəkilən məqalələrin heç birində, hətta başqa saytlara istinad edərək, yayılmasına baxmayaraq, belə çağırışlar yoxdur. Əksinə, hansısa bir məmurun artıq dövlət başçısı səviyyəsində cavablandırılan məsuliyyətsizliyi barəsində xəbərdarlıq tipli ehtimallar var. Həmçinin qüvvədə olan Cinayət Məcəllləsinin kommentariyasına görə, CM-nin 281-ci maddəsinə görə, istənilən məzmunda deyil, yalnız hakimiyyətin zorla ələ keçirilməsinə, saxlanılmasına və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönəlmiş açıq çağırışlar cinayət hesab edilir. Hətta hakimiyyət, konstitusiya quruluşu və ərazi bütövlüyü haqqında məhdud şəxslərin dairəsində fikirlərin, mövqelərin açıqlanması və ya zorakı xarakterli müəyyən konkret hərəkətlərin edilməsinə yönəlmiş çağırış olmadan, təsadüfən toplanmış şəxslərin öz aralarında belə bir fikir mübadiləsi aparmaları göstərilən cinayətin tərkibini yaratmır. Bu cinayət işində isə, söhbət adi jurnalist yazısında səslənən fikirlərdən gedir. Yazıların heç birində,heç bir kəlmə ilə hakimiyyətin zorla ələ keçirilməsinə, saxlanılmasına və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönəlmiş açıq çağırışlar olmadığı isə aşkar görünür. Bu zaman ittiham tərəfin, nəyə və niyə istinad edərək belə bir cinayətdə jurnalisti təqsirləndirilən şəxs kimi görmək istədiyi başa düşülən deyil. Təqsirləndirilən jurnalistə həm də Cinayət Məcəlləsinin 309-cu maddəsi ilə, daha dəqiq desək, bu maddənin 2-ci bəndi ilə ittiham elan olunub. Halbuki, jurnalist, qeyd etdiyimiz kimi, ancaq öz peşə borcunu yerinə yetirərək, digər informasiya vasitələrində yayılan və təkzib olunmayan məlumatları, istinadını göstərməklə, heç bir dəyişiklik etmədən, hazır mətnləri yayıb. Əvvəla onu qeyd edək ki, adıçəkilən maddə, yəni 309-cu maddə Vəzifə səlahiyyətlərini aşmaqla bağlıdır. Maddənin tələblərinə görə, (309.1) vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Jurnalistə qarşı irəli sürülən bu maddənin, hətta daha dəqiqi, bu maddənin ağırlaşdırıcı bəndi olan, ikinci bəndinin tələblərinə görə, maddənin birinci bəndində nəzərdə tutulan əməllər zor tətbiq etməklə (?) və ya zor tətbiq etmə hədəsi (?) ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququqndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır
Azərbaycan Respubliksının Cinayət Məcəlləsinin Kommentariyasına istinad edərək, onu qeyd edək ki, vəzifə səlahiyyətləri aşmanın obyektiv cəhəti üç zəruri əlaməti özündə əks etdirir: 1) Vəzifə səlahiyyətlərini aşmada ifadə olunan hərəkətlər; 2) Vətəndaşların və ya təşkilatların hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticə; 3) əməllə nəticə arasında səbəbli əlaqənin olması; Vəzifə səlahiyyətini aşma, vəzifəli şəxsin öz səlahiyyətlərindən kənara çıxan hərəkətlər etməsində ifadə olunur. Hətta SSRİ Ali Məhkəməsi Plenumunun 30 mart 1990-cı il tarixli 4 saylı qərarının 11-ci bəndində vəzifə səlahiyyətlərini aşmanın aşağıdakı əsas növləri göstərilir. 1) Vəzifəli şəxsin, başqa vəzifəli şəxsin səlahiyyətinə aid olan hərəkətləri etməsi; 2) Vəzifəli şəxsin yalnız xüsusi hallarda , qanunda və ya qanun qüvvəli aktlarda göstərilən hallarda etməli olduğu hərəkətləri adi halda etməsi; 3) Kollegial orqanın etməli olduğu hərəkətləri vəzifəli şəxsin təkbaşına etməsi; 4) Vəzifəli şəxsin heç kimin və heç bir halda etmək hüququ olmayan, hərəkətləri etmək; Göstərilən bütün hallar üçün ümumi olan cəhət ondan ibarətdir ki, vəzifəli şəxs ona verilmiş hüquq və səlahiyyətlərdən kənara çıxan davranışa yol verir. Bir jurnalist, başqa bir informasiya portalında dərc olunmuş, təkzib olunmayan məlumatı dərc etməklə hansı hüquq və səlahiyyətlərdən kənara çıxan davranışa yol vermiş sayıla bilər ki? Göründüyü kimi, ittiham elan olunan maddənin tələbləri ilə, yaxından uzaqdan bir əlaqəsi olmayan insanlara, bu maddə ilə ittihamın irəli sürülməsi, əsassızdır. Çünki,jurnalist ancaq hansısa bir saytda gedən informasiyanı istinadla yayıb, bu isə birbaşa onun vəzifə borcudur. İndi isə, maddənin ikinci hissəsinə, daha doğrusu ittihamın irəli sürdüyü maddənin tələblərinə diqqət edək. İttiham tərəfin iddiasına görə, adı gedən yazılarda sayt (yenə də qeyd edirəm, ki, istinadla) bir yerdə – “….Azərbaycanda böyük kriptovalyuta ferması olan məmurun kimliyi bilindi. “Azərenerji” prezidenti Etibar Pirverdiyev dəvə fermalarını kriptovalyuta istehsal edən fermalara dəyişib. Sumqayıtdakı sənaye zonasında Etibar Pirverdiyev böyük bir mayninq ferması inşa etdirib. Aylar öncə inşası başa çatan fermanın “Azərenerji” prezidentinə artıq böyük gəlirlər gətirdiyi haqda məlumat da var. Ümumilikdə isə bütün dünyada kriptovalyuta “ehtirası” artan xətt üzrədir. Belə görünür ki, azərbaycanlı məmurlar da virtual pullara çatmaq üçün əllərini sallayıb oturmayıblar, hərəkətə keçiblər. Aylar öncə redaksiyamıza daxil olan məlumatlardan bilinirdi ki, ölkəyə kriptovalyuta istehsalı üçün lazım olan xüsusi avadanlıqlar daşınmağa başlanıb. Belə avadanlıqların bir partiyasını yüksək vəzifə tutan məmurlardan biri ölkəyə gətirmək istəyib…”, Ikinci yerdə isə “….Ölkəyə iki gün enerji “terroru” yaşatmış “Azərenerji” ASC prezidenti Etibar Pirverdiyevin başı “edam kötüyündədir”. Prezidentin tapşırığı əsasında Hesablama Palatası tərəfindən ASC-də yoxlamalar aparılır. İstefaya göndərilməsinə sayılı zaman qalan Pirverdiyevin mal-mülkü, biznes varidatı, sosial şəbəkələrdə fotosu yayılan villası da dosye şəklində prezidentə məruzə olunub. Müşavirədə dövlət başçısının Pirverdiyevə “utanmalısınız” deməsi, fövqəladə hallar naziri Kamaləddin Heydərovun ASC-yə edilən xəbərdarlıqlara məhəl qoyulmadığını söyləyərək onu “baqaja” qoyması baş energetikin “qələmini qırıb”. Hazırda qeyri-rəsmi istintaqı aparılan Pirverdiyev şələ-şüləsini toplayıb, prezidentin rəsmi sərəncamını gözləyir. “Azərenerji” ASC məmurlarının da arasında həbslər gedəcəyi istisna edilmir. Dövlətin büdcəsindən ayrılan 100 milyonun hara xərcləndiyi soruşulur.Bu 100 milyona elektrik stansiyalarının avadanlıqları modernləşdirilə, qurğular yenilənə bilərdi. Ancaq dəvə fermalarına, şəhərdəki villalarına bu vəsaiti yönəltmiş Pirverdiyev respublikanı rəsmən iki gün enerji blokadasına salıb, Ermənistan üçün strateji fürsət qazandırıb, Qafqazın ən lider dövləti imicini yerlə yeksan edib. Bu müddət ərzində düşmən ordusu müxtəlif təxribatlar, əməliyyatlar həyata keçirə bilərdi ki, faktiki olaraq Yunis Səfərov adlı şəxs Gəncənin icra başçısına həmin saatlarda sui-qəsd edə bildi, fürsətdən istifadə etdi…” cümlələri yazıb. Bu cümlələrin hər hansı birində “…zor tətbiq etməklə (?) və ya zor tətbiq etmə hədəsi (?) ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda…” bəndinin tələbləri əks olunubmu? Və yaxud daha əhatəli izah etsək, bu cümlələrdə ittiham tərəfin iddia etdiyi “zor tətbiq etməklə (?) və ya zor tətbiq etmə hədəsi (?), yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədilməsi faktı və ya ağır nəticələrə səbəb olan” nə baş verib? Bu yazılardan bir müddət sonra dövlət başçısı Etibar Pirverdiyevi tutduğu vəzifəsindən azad edib. Dolayısı ilə, bu yazılarda əks olunan və əks olunmayan bir çox faktlar öz təsdiqini tapdığı üçün, adıçəkilən vəzifəli şəxs məhz dövlət başçısı tərəfindən iişindən azad olunub. Onda belə çıxır ki, bu yazılar Etbar Pirverdiyev üçün ağır nəticələrə səbəb olub. İttiham tərəfi əgər bunu nəzərdə tutaraq bu bəndi irəli sürübsə, dolayısı ilə dövlət başçısının qərarı ilə razılaşmadığını, və ya başqa sözlə desək, dövlət başçısının bu qərarının “ağır nəticələrə” (?) gəlib çıxdığını nəzərdə tutur? Hətta bu belədisə, onda gərək Etibar Pirverdiyev də məhkəmə iclaslarına gələrək, bu yazılardan və dövlət başçısının verdiyi qərardan özünün hansı ağır nəticələrlə üz-üzə qaldığını da isbat etsin. Hələ burası da var ki, Cinayət Məcəlləsinin Kommentariyasına görə, 309.2-ci maddəsində təhlil edilən cinayətin tövsifedici əlamətləri – 309-cu maddəsinin birinci hissəsində nəzərdə tutulan əməlin zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədilməsi, yaxud silah və digər xüsusi vasitələrdən istifadə istifadə etməklə törədilməsi və ya ağır nəticələrə səbəb olması nəzərdə tutulur. Burda da zor tətbiq etmə dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə zərbələr vurması, onun sağlamlığına zərər vurması, ona fiziki ağrılar yetirməsi, onun azadlığını məhdudlaşdırılması ilə müşaiət olunan hərəkətlər etməsi başa düşülür. Zor tətbiq etmə zərərçəkmişin sağlamlığına az ağır zərər vurmanı, yüngül zərər vurmanı, döymə və işgəncə verməni nəzərdə tutur. Zor tətbiq etməklə hədələmə dedikdə, zərərçəkmiş şəxsə vəzifəli şəxs tərəfindən istənilən formada psixi təsir göstərmə (öldürməklə, sağlamlığa zərər vurmaqla, əmlakını məhv etməklə və s. hədələmə) başa düşülür. Hədə real və həyata keçirilə bilən olmalıdır. Göründüyü kimi, sözügedən məqalələrdə movzu Etibar Pirverdiyevdir və istintaq heç əslində onu zərərçəkən kimi tanımayıb. Ancaq lap tutuaq ki, istintaq onu zərərçəkən kimi tanısaydı belə, hansı ki, belə absurd ittihamı irəli sürən vəzifəli şəxsdən, bunu da gözləmək təbiidir, bir yazı ilə hansısa jurnalistin Etibar Pirverdiyevə qarşı zor tətbiq etməsi və ya zor tətbiq eməklə hədəsi necə real və həyata keçirilə bilən sayıla bilər? İşlədiyi dövrdə şikayətçiləri belə zorla qəbul edən, əslində heç kəsi heç oturduğu mərtəbəyə yaxın buraxmayan bu sabiq məmura zor hədəsini tətbiq etmək, bunu həyata keçirmək hədəsi ola bilərmi? Ümumiyyətlə görəsən belə absurd ittiham dünyada hardasa ola bilərmi? Adi, sıradan, istinadla dərc olunmuş iki yazıya görə, hansısa bir jurnalistə dövlət adından belə ağır ittihamlar irəli sürməklə hansı nəticəni gözləmək olar? Həmçinin təhlil edilən maddənin dispozisiyasında ağır nəticələr dedikdə, hakimiyyət və yerli özünüidarə orqanlarının fəaliyyətini pozma , nəqliyyatın işinin uzun müddətə dayanması, külli miqdarda maddi ziyan vurma və s.başa düşülə bilər. Halbuki bu yazılarda məhz Etibar Pirverdiyevin məsuliyyətsizliyi, onun səhlənkarlığına görə baş vermiş və ya baş verə biləcək ağır nəticələrdən söz açılır. Bu yazılara görə, hər hansı jurnalisti bu ittihamlarla məhkəmə qarşısına çıxarmağın adı nədir? Axı bu yazılara görə hansı hakimiyyət və ya yerli özünü idarə orqanının fəaliyyəti pozulub, hansı iş uzun müddətə dayanıb, kimə külli miqdarda ziyan dəyib? Ümumiyyətlə belə absurd bir ittiham kimə və niyə lazımdır? İstənilən halda pespektivi sual altında olan bu ittihamlar dövlətin beynəlxalq aləmdəki nüfuzuna zərbədən başqa, hansı nəticələri doğurmağa hesablanıb? Ortada cinayət olmayan, əksinə peşə borcundan irəli gələn əməllərə görə kiminsə belə ağır ittihamlarla məhkəmə qarşısına çıxarılması kimə və niyə lazımdır? Jurnalistə qarşı irəli sürülən ittihamlıardan biri də Cinayət Məcəlləsinin 313-cü maddəsi – vəzifə saxtakarlığı ilə bağlıdır. Həmin maddənin tələblərinə görə, vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs, eləcə də vəzifəli şəxs olmayan dövlət qulluqçusu və ya yerli özünüidarə orqanı qulluqçusu tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə – beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Əvvəla onu qeyd edək ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin kommentariyasına görə, bu maddənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu maddədə nəzərdə tutulan əməllərin törədilməsi nəticəsində dövlət hakimiyyət və idarəetmə orqanlarının normal fəaliyyəti pozulur, dövlət xidmətinin və ya bələdiyyə xidmətinin mənafeyinə qəsd edilir. Başqa sözlə ifadə etsək, bu maddədə nəzərdə tutulan cinayətin obyekti dövlət və bələdiyyə orqanlarının normal fəaliyyətidir. Vəzifə saxtakarlığının predmetini rəsmi sənədlər təşkil edir. Rəsmi sənədlər dedikdə isə, hüquqi əhəmiyyəti olan faktları və məlumatları təsdiq etmək üçün dövlət və ya yerli özünü idarə orqanları , habelə dövlət və ya bələdiyyə idarə, müəssisə və təşkilatları tərəfindən verilən yazılı aktlar nəzərdə tutulur. Rəsmi sənədlər bir qayda olaraq, özünəməxsus rekvizitlərə, (təşkilatın möhürü, ştampı, sənədin nömrəsi, tarixi) malik olur və müvafiq şəxs tərəfindən imzalanır. Dövlət və ya yerli özünü idarə orqanı, yaxud dövlət və ya bələdiyyə müəssisəsi hesab edilməyən kommersiya və ya qeyri kommersiya strukturlarıə tərəfindən verilən rəsmi sənədlər bu cinayətin predmeti ola bilməz. Obyektiv cəhətdən bu cinayət rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilməsində, habelə göstərilən sənədlərdə onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsində ifadə olunur. Göründüyü kimi, ortada hansısa bir rəsmi sənəd filan deyil, ancaq jurnalist yazısından söhbət getdiyi üçün, bu maddənin də tələbləri pozulmuş sayılmır. Adi jurnalist yazısını, onu ittiham etmək üçün bu maddə ilə tövsif edərək, ittiham elan etmək gülünc göründüyü qədər də absurd səslənir. Başqa saytlara istinad olunan hansısa məlumatın, həmin saytlara heç nə demədən, ancaq istinadla dərc etmiş bir jurnalistə qarşı belə ittihamlar, qərəzli hesab olunması üçün kifayət qədər əsas doğurmuş sayıla bilər. Çünki, jurnalist yuxarıda da qeyd etdiyimiz kimi, qarşı tərəfin reaksiyası, münasibəti ilə təkzib olunmayan, əslində müəllif hüququnu qorumaqla, yazının əsl müəllifini də göstərməklə, məqalələri təkrar dərc edib. Bu isə o deməkdir ki, əslində əgər ortada bir cinayət var idisə, ən əvvəl bu yazını ilkin olaraq paylaşmış informasiya resursunu ittiham etmək lazım idi. Görünən budur ki, yazıların ilikn mənbələrinə heç bir söz demədən, heç bir ittiham irəli sürmədən, yalnız onların materialını istinadla paylaşan saytlara qarşı ittiham irəli sürülür ki, bu da olduqca biyabırçı bir mənzərə yaradır. Nəticədən asılı olmayaraq, bu ittihamın Avropa Məhkəməsinə qədər uzana biləcək məhkəmə proseslərinin sonunda isə, kimin uduzacağını görmək üçün xüsusi eynəyə ehtiyac yoxdur. Beləliklə də, prosesi təhlil edərkən, yalnız belə bir qənaətə gəlmək olur ki, dövlətin içərisində, dövlətin beynəlxalq nüfuzunu hədəfə alaraq, onun aşağılanmasına səy göstərən maraqlı şəxslər var. Çünki, ortada olmayan bir cinayətə görə, çoxlu sayda jurnalisti belə absurd ittihamla məhkəmə qarşısına çıxarmağı başqa cür adlandırmaq olmaz. Ortada istinadla verilən yazılar, bu yazıların dolayısı ilə təsdiqini göstərən dövlət başçısının sərəncamı ilə işdən çıxarılan Etibar Pirverdiyev və bunu əvvəlcədən ehtimal edərək, ictimaiyyətin bilmə hüququnu həyata keçirən sıravi jurnalistlərdən başqa tərəf yoxdur.
P.S. Sorğuya baxan Konstitusiya Məhkəməsi qərar qəbul edərək “vəzifəli şəxs” anlayışına izah vermişdir.
Qərarda qeyd olunur ki, Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə:
– qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar;
– dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar.

Teref.az, C.Məmmədli

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=126748

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930