ƏSRƏ BƏRABƏR 16 İL…

12.04.2019 - 10:15

Bəlkə də bu sərlövhə bir qədər qəribə  görünəcək. Ancaq mən əminəm ki, bizim 10 milyonluq vətəndaşımızın hər biri könül rahatlığı ilə bu sözlərin altına öz imzasını ata bilər. Çünki, son 16 ildə Azərbaycanı dünyaya, dünyanı da Azərbaycana yaxınlaşıdıran və tanıdan elə bir vüsətə, elə bir yüksəlişə nail olmuşuq ki, bu uğurları dostlarımız da etiraf edir, düşmənlərimiz də. Mən təkcə iqtisadiyatımızdakı irəliləyişi, ölkəmizin  infrastrukturundakı inkişafı, əhalinin sosial rifahının yaxılaşdırılması üçün görülən tədbirləri, kənd təsərrüfatının yenidən qurulmasını, şəhər və kəndlərimizin simasının dəyişməsini, yolların, körpülərin inşasını və sadalamağı vaxt aparacaq onlarla ölkə əhəmiyyətli məsələni deyil, həm də elmdə, təhsildə, mədəniyyətdə, tarixi dəyərlərimizin təbliğində, hər bir ailənin, hər bir vətəndaşın maddi rifah halının qayğısına qalmaq kimi çoxşaxəli və çətin missiyanı nəzərdə tuturam ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev  16 illik hakimiyyəti dövründə  hər gün, hər an öz şərəfli əməlləri, hər bir problemə müasir yanaşma tərzi, hadisələrə anında müdaxilə etmə qabiliyyəti, çevik və fərqli yanaşma bacarığı ilə bütün bunları sübut etdi. Ötən illərdə o, hər kəsi belə bir həqiqətə inandırdı ki, İnsan ömrünün mənası onun illərinin sayında deyil, bu ömrü necə yaşamasında, ölkəsi, milləti, xalqı üçün nələr etməsi ilə dəyərlidir.

Vətəni sevmək İmandandır, – deyirlər. Vətəni sevmək bəşəri idealları öz ölkəsində həyata keçirməyə çalışmaq, insanların hər birinin firəvan həyatının  təminatçısı olmaq deməkdir ki, Cənab Prezidentimiz ötən illər ərzində bu missiyanı dönə-dönə gözlər önündə sərgiləyib. Şəhid Anasının əlindən, Şəhid övladının üzündən öpüb, təbii fəlakətlərdən ziyan dəyənlərin yanında olub, xəstə qazisinin ziyarətinə gedib, dara düşənə əl uzadıb. Özü də bütün bunları bədxah qonşularımızın, bir vaxtlar yaşamağa torpaq, güvənməyə paytaxt “verdiyimiz” soysuz ermənilərlərin hər gün üstümüzə yağdırdığı top mərmilərinin gurultusu, ölüm təhdidləri altında  həyata keçirməyə nail olub. Bu boyda ölkənin daxili problemlərindən silkinib bir də dünyaya Qarabağ  həqiqətlərini anlatmaq qayğısı var ki, bu 16 ildə ölkə başçının qət elədiyi minlərlə kilometr yolun o başındakı ölkələrin  rəhbərlərinə, həm də dünya xəritəsini yenidən cızmağa çalışan, gizlində “xristian-müsəlman” davasına rəvac verən ölkə liderlərinə – əsl məramını gizlədib üzəvari gülümsəyən “siyasət  nəhənglərinə” anlatmağa çalışarkən onların qarşısında şax dayanmaq, onlarla əsil azərbaycanlı kişisi vüqarı ilə üz-üzə gəlməyi bacarmaq da asan məsələ deyil. Bu görüşlərin hamısında cənab İlham Əliyev yetkin bir Siyasi lider olduğunu, Qarabağ kimi böyük bir problemi də  sülh yolu ilə çözməyin ən optimal yol olduğunu dəfələrlə dilə gətirib. Hər yerdə Azərbacanın tolerant bir ölkə olduğunu söyləyib, bu müstəqil dövlətin  ərazisində yaşayan hər bir insanın –milliyyətindən, dilindən, dinindən, siyasi baxış və düşüncələrindən asılı olmayaraq, hər kəsin  təhlükəsizliyinə zəmanət verməklə yanaşı, yenə də son sözünü deyib: “Biz öz torpaqlarımızın bir qarışını da düşmənə verməyəcəyik!”

Cənab Prezident bu qədər qlobal problemlərin arasında söz, sənət adamlarının qayğısına qalmağa da vaxt tapır. Onların uğuruna sevinir, qayğısına qalır, problemlərinin həllinə qiqqət yetirir. Rəhbəri olduğum Azərbaycan Dövlət Akademik Musiqili Teatrın kollektivi də digər həmkarlarımız kimi, ölkə başçısının qayığısını hər addımda hiss edir. Şəhərimizin memarlıq baxımından unikal mədəniyyət ocaqlarından biri sayılan teatrımız son illər yenidən əsaslı təmir edilib, daxili interyeri zənginləşdirilib, səhnəsi, tamaşa salonu, məşq otaqları yeni, daha müasir avadanlıqlarla təhciz olunub. Yardıcı insanlara göstərilən diqqətin ən bariz nümunəsi isə ötən ay ölkə başçısı İlham Əliyev və Azərbaycanın birinci Vitse Prezidenti Mehriban xanım Əliyeva ilə görüşdə qaldırılan problemlərə anında reaksiya vermələri oldu. Həm bizim teatra, həm Dövlət Rus Dram Teatrına Akademik teatr statusu verildi, teatr işçilərinin əmək haqqı 50 % artırıldı, ümumiyyətlə,  mədəniyyət sahəsində çalışan hər bir şəxs dövlətin qayğısın hiss etdi,  digər yardıcılıq təşkilatlarına ayrılmış  vəsaitin miqdarı artırıldı.

Biz bu böyük etimad və yüksək qayğı üçün ölkə başçısına və mədəniyyətimizin daimi himayədarı olan birinci xanıma öz dərin minnətdarlıq və təşəkkürümüzü bildiririk. Bundan sonra  biz “Akademik teatr” adına layiq işləmək üçün bütün qüvvə və bacarığımızı səfərbər etməliyik. Yeni əsərlərin tamaşaya qoyulması üçün axtarışlar aparmalıyıq, teatrın yüzillik ənənələrini qorumaqla yanaşı, daha müasir, daha aktual tamaşalarla, layihələrlə tamaşaçıların zövqünü və marağını təmin etməyə çalışmalıyıq. Əminəm ki, yazıçılar, bəstəkarlar da bu işdə yaxından iştirak edəcək, repertuarımızı zənginləşdirəcək yeni əsərlər yaradacaqlar, biz də onları sevə-sevə tamaşaçılara təqdim edəcəyik.

Biz gözəl başa düşürük ki, bu gün də Azərbaycanımız dünyanın diqqət mərkəzindədir. Bir vaxtlar Qara qızılın – neftin iyinə buralara üz tutanların xələfləri bu gün Müasir, Qüdrətli, Müstəqil bir ölkənin həm də yaşı minilliklərlə ölçülən tarixi abidələri, müasir tikililəri, əbədiyaşar muğamı, təkrarsız təbiət gözəllikləri ilə tanış olmaq üçün gəlirlər. Onların bir çoxunu həm də bizim mədəniyyətimiz, teatrımız, rəssamlığımız, memarlığımız maraqlandır. Odur ki, biz də teatrımıza gələn əcnəbilərin marağını nəzərə alaraq klassik əsərlərimizin bir çoxunun  xarici dildə tərcüməsini subtitrlə tamaşaçılara çatdırırıq.

Biz gözəl bilirik ki, Azərbaycan mədəniyyətinin beynəlxalq aləmə inteqrasiyasında teatrlar əhəmiyyətli rol oynayır. Son vaxtlar hazırladığımız bir çox tamaşalarda xaricdən dəvət etdiyimiz rejissorlar, baletmeysterlər, rəssamlar və digər yaradıcı insanlar iştirak edir, biz onlardan öyrənirik, onlar da bizdən. Bir neçə il əvvəl gürcü rejissoru Qoça Kapanadze bizim teatrda A.Saqarelinin “Xanuma” əsərinə uğurlu bir quruluş verdi. Rauf Haciyevin “Qafqazlı qardaşqızı” operettasının yeni quruluşunda rəssam Moskvadan dəvət olunmuş Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji idi. İran İslam Respublikasının tanınmış musiqiçilərindən biri, ünlü dirijor Bərdia Kiyarəs bizim teatrda Üzeyir Hacıbəyli Beynəlxalq  Musiqi Festivalı çərçivəsində nümayiş etdirilən  “O olmasın, bu olsun” və “Arşın mal alan” tamaşalarına dirijorluq etdi. Təbrizin tanınmış kino və teatr aktyoru Camal Saqinejad Xalq Artisti, dünya şöhrətli bəstəkar Fikrət Əmirovun “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşasında Şah obrazını canlandırdı. Bu günlərdə premyerası olan Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərinin motivləri əsasında hazırlanan iki hissəli şou-tamaşa ana dilimizdə səslənən ilk müzikldır və onu beynəlxalq bir heyət hazırlayıb. Quruluşçu rejissoru Xalq artisti, Cənnət Səlimova, bəstəkarı ABŞ-da yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, dünya şöhrətli baletmeyster Sergey Gritsaydır. Bu eksperimentləri biz gələcəkdə də davam etdirəcəyik.

Bizim, yəni bütövlükdə həm mədəniyyət sahəsində çalışan minlərlə yaradıcı insanın, həm də vətəndaş və fərd olaraq hər birimizin ölkə başçısı cənab İlham Əliyevlə bərabər yaşadığımız  bu 16 ilin uğurları, nailiyyətləri  göz qabağındadır. Bəlkə də dünyada elə bir ölkə çətin tapılar ki, müharibə şəraitində olduğunu dünya bilsə də, onun siyasi rəhbəri öz xalqının qayğısına qalmağı gündəlik fəaliyyətinin əsas sahəsi hesab etsin. 16 illik hakimiyyəti müddətundə təkcə yüksək liderlik və rəhbərlik qabiliyyəti, sanballı xarici siyasəti ilə bu qədər fərqli ilklərə imza atan, özgələrinin bir əsrdə çata bilmədiyi nailiyyətləri qazanan, bu ölkənin ictimai-siyasi, sosial-iqtisadi, milli-mənəvi inkişfı üçün hər kəsi heyrətə sala biləcək layihələrin həyata keçirilməsinə nail olan məhz bizim Prezidentimizdir!

Həqiqətin və Ədalətin hər şeydən ali olduğu bir cəmiyyətdə yaşamaq xoşbəxtliyinə nail olduğumuzu etiraf edən dostlar da, düşmənlər də yaxşı bilirlər ki, Xalqını sevəni – Xalq da sevir, Vətəndaşının yanında olana Vətəndaşı çox dəyər verirsevir və bu sevgi var olduqca Azərbaycanın qəddini kimsə əyə bilməz!

 

 

Əliqismət Lalayev

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru,

Əməkdar İncəsənət Xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127829

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930