Paytaxtın taksi sistemində xaos

03.06.2019 - 09:00

“189” və “9933” paytaxt sakinlərində narazılıq yaradır; Mirvari Qəhrəmanlı: “Deyir, naviqatorum belə göstərir, sən evinin adresini bilmirsən…”

Bakıda yerindən duran taksi sürücüsü işləyir. Şəhərin az qala yarısı “taksovatlıq” eləyir. Paytaxtda taksi şirkətlərinin çoxalması, onlayn sifariş xidmətlərinin artması ənənəvi taksi biznesini sıradan çıxarmaqdadır. İndi içkili olan “ayıq sürücü”yə arxayındır, gecə metroya marşruta çata bilməyən istənilən saatda taksi şirkətlərindən birinə zəng edərək sifariş verəcəyinə əmindir.

Çünki Bakıda dövlət qulluğunda işləyən də, hansısa firmada vəzifə tutan da gecələr benzin pulunu çıxarmaq üçün evdə boş oturmur, hansısa şirkətlə əməkdaşlıq edərək müştəri daşıyır. Ona görə taksi sistemində qeyri-peşəkarlıq, nizamsızlıq, nasaz maşınlar, bir xaos hökm sürməkdədir. Əksəriyyəti heç taksi fəaliyyəti göstərmək üçün fərqlənmə nişanı almır. Kimisi yolu tanımır, kimisi ünvanı qarışdırır, kimisinin avtomobili səliqəsiz, zir-zibil içindədir və s. ilaxır.

Hüquq müdafiəçisi: “Dirəşdi ki, sənin evin elə buradır…”

Elə bu günlərdə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı üzləşdiyi absurd əhvalatı feysbuk hesabında nəql eləmişdi. Onun sözlərinə görə, “189″ taksi xidmətindən daha istifadə etməməyi düşünür:  ”189″ taksi sifarişi vermişdim. Ağ rəngli, “Opel Astra” markalı, 409 nömrəli maşın gəlmişdi. Evə çataçatda başqa səmtə yönəltdi. Deyir, mənim naviqatorum belə göstərir, sən evinin adresini bilmirsən. Bu adama başa salmağa çalışdım ki, evimizi tanıyıram, amma həyasızcasına bir binanın qabağında saxladı. Dirəşdi ki, naviqator bu binanı göstərir, sənin evin elə buradır. Bir az da üstümə yerisə idi, inanacaqdım”.

Hüquq müdafiəçisi şirkətə şikayət etsə də, faydası olmayıb. Lakin bu da son deyil. Şəhərin taksi bazarında ad qazanmış “189″ artıq imicini, reputasiyasını itirməkdədir. Son dövrlərdə şirkətin çoxlu ili köhnə, nasaz, salonu səliqə-sahmansız maşınlarına rast gəlinir. Bu da müştərilərdə narazılıq yaradır. Onlar məhz bu xidməti ona görə seçirdilər ki, avtomobilləri təmiz, yeni, sürücüləri peşəkardır, yolları yaxşı tanıyırlar.

Bir müddət əvvəl maliyyə saytı olan fins.az-ın apardığı sorğu da ən çox şikayətin “189″ taksi xidmətindən olduğunu üzə çıxarmışdı. ”Reklamları güclü oldu, amma müştəriləri artandan sonra tamamilə pisləşdi. Vaxtında gəlmirlər, qiymətlər uyğun deyil. Ən əsası sınıq-salxaq maşınları çoxalıb. Adam elə bil at arabasında gedir. Mən son vaxtlar başqa xidmətlərə üstünlük verirəm”, – deyə söhbətləşdiyimiz şəhər sakinlərindən biri Nihad belə deyir.

Ən pisi odur ki, gecikmə halları barədə operator tərəfindən müştəriyə əvvəlcədən xəbərdarlıq edilmir. Müştərilər dəfələrlə xidmətin operatorlarına müraciət edərək onlar öz şikayətlərini çatdırsa da, nədənsə buna məhəl qoyan yoxdur.

Yolları tanımırlar, gecikirlər…

Taksi sürücülərinin gedəcəyi ünvanı bilməməsi “189″ taksi xidmətində rast gəlinən ən adi problemlərdəndir. Bunun üzərinə şəhər yollarını çox pis bilməyi, sürücülərin qalıq pulu qaytarmaq istəməməsini, hava şəraitinin azacıq pis olduğu hallarda operatora düşə bilməmək kimi problemləri də əlavə etmək olar. Təəssüf ki, müştərilərin şikayətləri ”189″ taksi xidmətinin rəhbərliyi tərəfindən araşdırılmır. Araşdırılsaydı, yəqin ki, problemlər tez-tez təkrarlanmazdı.

“Müştərilər təyinat yerinə vaxtında çatdırılmır, sürücülər ünvanları və şəhərin yollarını yaxşı tanımır, hava şəraitinin azacıq pisləşməsi operatorlarla əlaqə saxlamağı mümkünsüz edir, taksilər ünvana 1 saat gecikmə ilə gəlir, onda belə taksi xidməti kimə lazımdır?”, – deyə paytaxt sakini Kamil şikayətlənir.

Taksi firmaları qəpik siyasəti yürüdürlər. Ona görə artıq şirkətlərin çoxuna inam azalmaqdadır. Bunun psixoloji reallığı belədir ki, 3 manatlıq yol firmanın operatoru tərəfindən 3 manat 60 qəpik hesablanır. Müştəri imtina edə bilmir, razılaşır. O halda müştəri taksidən düşəndə 3 manat 60 qəpik verməyə utanır, yaxud xırda pulu olmur və 4 manat ödəniş etməyə məcbur olur. Bundan əlavə, 4 manat ödəniş edəndə sürücü də qalığı qaytarmır. O zaman ənənəvi taksi ilə 4 manata getməklə, taksi firmasından 3 manat, 60 qəpiyə getməyin fərqi nədir?

Şirkətlərin “kopeyişnik”liyi – fırıldaq

Şəhərdə apardığımız sorğu və araşdırmalar zamanı ikinci ən çox şikayət edilən şirkətin “99 33″ olduğunu öyrəndik. Hazırda ən çox sifariş edilən *9933 nömrəli ”Salam” taksidə bərbad xidmət var. Müştərilər operatora düşə bilmir, maşınlar köhnə, sürücülərin çoxu maşında siqaret çəkir, təhlükəli sürür, yolları yaxşı tanımır, vaxtında sifariş edilən ünvana çatmır, müştəriləri yarım saat gözlədir, hətta bəzi sürücülər müştəri ilə əlaqə saxlayaraq deyilən ərazidən çox uzaqda olduğunu və sifarişdən imtina edilməsini bildirir.

Bu gün müştərilərə qarşı fırıldağın ən analoqsuz variantı qəpik məsələsidir. Bütün şirkətlər bu yolla müştəri aldadırlar. Məsələn, 5 manatlıq yola operator 5 manat 30 qəpik deyir. Bizdə Azərbaycan reallığıdır, müştəri şoferə 30 qəpik verməyə yaxud qalıq istəməyə utanır deyə 6 manat ödəniş edir.

Bakının bir çox istiqamətlərinə sifariş verdikdə, 3 manat 64 qəpik, 4 manat 80 qəpik, 6 manat 40 qəpik və s. məbləğlər deyilir. Bu da ciddi narazılıq yaradır. Çünki nə sürücü qalıq qəpiyi qaytarır, nə müştəri onu verə bilir. Əsasən də *99 33 nömrəli “Salam” taksi, *9111 nömrəli “Ekonom” taksi, *8844 nömrəli “City” taksi, *5000 nömrəli “Ulduz” taksi, habelə “11 77″, ”21 11″ və s. xidmətlər narazılıq yaradırlar.

Onlayn taksilərdə başdansovdu işə qəbul – Siyahı

Ona görə “99 33″ xidmətinə inam qalmayıb və əksəriyyəti ”Taxi fy”, “Uber”, “85 55″ və s. xidmətlərdən yararlanır. Şoferlər də işlərindən narazıdırlar. Deyirlər ki, nə sürücü, nə müştəri təqsirkardır. Bu xidmətdə təkcə qazanan şirkətlərdir. Onların benzini, yağı getmir, oturublar kondisionerli otaqlarda, sifarişləri verirlər, havayı pul girir ciblərinə. Sürücülər isə gecə-gündüz yollarda müştərilərlə üz-göz olur.

“London” taksiləri isə daha çox otellərin qarşısında dayanırlar, xarici müştəriləri daşımağa üstünlük verirlər.

Ümumiyyətlə, Bakıda sürətlə artan taksi xidmətləri təhlükəsizliklə bağlı vəziyyətə diqqət yetirməyi zəruri edir. Sahibkarların açdığı taksi firmalarında işə qəbul o dərəcədə başdansovdu aparılır ki, kimin kim olduğu bilinmir. İstisna hallarda firmalar sürücü işləmək istəyən şəxsdən məhkumluq barədə arayış, tibbi vərəqə tələb edir, maşının texniki sazlığına baxış keçirir.

Onlayn xidmətlər olan “Uber”, “Bolt”, “Maxim”, “Taxi fy” kimi şirkətlərdə isə qeydiyyat elə elektron qaydada aparılır, şəxsiyyət vəsiqəsi, texniki pasportun nömrəsi, maşının 1-2 fotosu, əlaqə nömrəsi kifayət edir, sonra proqram və naviqator mobil telefona yüklənir, vəssalam, taksi şoferisən, sifarişləri götürə bilərsən. Amma şirkət müştərilərin təhlükəsizliyinə zəmanət vermir.

Qeyd edək ki, taksilər 18-ci əsrdə Fransada peyda olub və bunlar muzdla tutulan “taksi insanlar” idi. Arabalı taksilər hələ Qədim Romada mövcud idi. Arabanın üzərində xüsusi “taksometrlər” də quraşdırılmışdı və bu taksometr adi bir çanaq idi və təqribən hər 200 metrdən bir bu çanağa bir daş atılırdı. Taksi xidmətinin haqqı isə mənzil başına çatdıqda çanaqdakı daşların sayına görə təyin edilirdi. Taksi üçün sarı rəng hələ 20-ci əsrin əvvəlində “Yellow Cab” şirkəti tərəfindən seçilmişdi.

Şirkət sırf taksi fəaliyyəti ilə məşğul olması üçün avtomobillər istehsal edirdi. Avtomobillər üçün sarı rəngin seçilməsində səbəb sadə idi. Belə ki, sarı rəng uzaqdan daha aydın görünürdü.

1950-ci illərdə isə taksilər üçün xüsusi xarici fərqləndirici əlamət olan “şahmat löhvəsi” və yaşıl işıq yaradıldı. Bu, taksinin hazırda bol olduğu mənasına gəlirdi. Dünyanın ən bahalı taksisi İngiltərədədir. Bu reytinqdə ikinci pillədə İtaliya, üçüncü pillədə Almaniya qərarlaşıb.

Ən ucuz taksi isə Çindədir və burada taksi sürücülərinin 30%-i qadınlardır. Finlandiyada isə taksi sifarişlərinin demək olar ki, yarısı internet vasitəsilə həyata keçirilir.

Venesiya, Yeni Zellandiya və Hollandiyada isə su taksiləri geniş yayılıb. Hazırda hava taksiləri də populyarlıq qazanmağa başlayıb. Çili isə ən qeyri-adi taksilərə sahibdir. Bu taksi – inəklərdir. Vyetnam da Çilidən geri qalmır və burada getmək istədiyiniz yerə fil üzərində getmək təklif edilir.

Emil SALAMOĞLU, “Yeni Müsavat”
Fotolar müəllifindir

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128781

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930