Bakı Slavyan Universitetində məzun günü qeyd olunub

27.06.2019 - 16:26

İyunun 26-də Bakı Slavyan Universitetində (BSU) məzun gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin humanitar məsələlər üzrə müşaviri İqor Yeronin, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Trend  İnformasiya Agentliyinin baş direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev, təhsil eksperti, professor  Şahlar Əsgərov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev, sədr müavini Abbas Hüseynov, Fəadi.az və Veteran.az saytlarının redaktorları Elnur Səlimov, Azər Bayram iştirak ediblər.

Əvvəlcə BSU-nun foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyulub. Tədbir Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Sonra məzunlar zala Azərbaycan Respublikasının bayrağı gətirilib.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva əlamətdar gün münasibəti ilə məzunları və valideynləri universitetin professor-müəllim heyəti adından təbrik edib, onlara yeni nailiyyətlər, cansağlığı diləyib. Ölkəmizdə dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışan rektor Prezident İlham Əliyevin gənclər barədə verdiyi sərəncamlardan söz açıb. Üzünü təhsillərini başa vuran gənclərə tutan rektor onları  gələcək fəaliyyətlərində Bakı Slavyan Universitetinin adını uca tutmağa və müstəqil ölkəmizin tərəqqisinə öz layiqli töhfələrini verməyə çağırıb. Nurlana Əliyeva tədbirin 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə təsadüf etməsini müsbət hal kimi dəyərləndirərək əsgər gedəcək məzunlara Vətənin keşiyində möhkəm dayanmağı, gənclərin mübarizə əzminin daimi olmasını arzu edib.

Məzunları təbrik etmək üçün söz alan Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov ölkəmizdə bilikli və bacarıqlı gənclərə daim ehtiyac olduğunu diqqətə çatıdırıb. O, BSU-da müasir tələblərə cavab verən ixtisaslı kadrlar hazırlamasını və universitetdə  həyata keçirilən yenilikləri yüksək qiymətləndirib.

Sonra məzunlar Bakı Slavyan Universitetinin simvolik bayrağını III kurs tələbələrinə təhvil verərək BSU məzununun Şərəf Andını və universitetin himnini səsləndiriblər.

Tədbirdə çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev də məzunları təbrik edərək onları dünyanın harasında olmalarından asılı olmayaraq Azərbaycanı layiqincə təmsil etməyə səsləyib. Sonra Füzuli Rzaquliyev və Veteran.az saytının redaktoru Elnur Səlimov BSU-nun rektoru, professor Nurlana Əliyevaya “Ordunun 100 illiyi” medalını təqdim ediblər.

Mərasimin davamında dörd il ərzində təhsildə yüksək nailiyyətlərinə və universitetin ictimai həyatında fəal iştirakına görə fərqlənən məzunlara “Fəxri Məzun” diplomları təqdim olunub.

Məzun adı alan magistrlərdən Umuxanım Müseyibova universitetdə yaradılmış şəraitə görə rektor Nurlana Əliyevaya məzunların adından minnətdarlığını bildirib. O, universitetdə çalışan professor-müəllim heyətinin tələbələrə göstərdikləri qayğını yüksək qiymətləndirərək bu illərin heç bir zaman unudulmayacağını qeyd edib. BSU-dan məzun olan türkiyəli tələbə Pınar Dural çıxışında xarici tələbələrə göstərilən xoş münasibətdən, universitetdəki tolerant və multikultural mühitdən danışıb. Sonra əcnəbi tələbələr müxtəlif dillərdə məzunları təbrik edərək Azərbaycan dilində mahnılar səsləndiriblər.

Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin humanitar məsələlər üzrə müşaviri İqor Yeronin, təhsil eksperti, professor Şahlar Əsgərov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədr müavini Abbas Hüseynov çıxışlarında gənclərin üzərində böyük əməyi olan valideynləri və müəllimləri təbrik edərək məzunlara uğurlar diləyiblər.

Tədbir geniş konsert proqramı ilə davam edib.

Əsgər gedəcək məzunlar əsgər marşı, şeir və patriotik mahnılardan ibarət maraqlı kompozisiya təqdim ediblər. Sonda məzunların ifasında “Əlvida, BSU” mahnısı ilə konsert proqramı başa çatıb.

Qeyd edək ki, bu il Bakı Slavyan Universitetindən bakalavriat səviyyəsi üzrə əyani təhsil alan 595, qiyabi təhsil alan 12 tələbə və magistratura səviyyəsi üzrə 115 magistr məzun olub.

BSU-nun Mətbuat Xidməti

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=129040

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2019
BE ÇA Ç CA C Ş B
« İyn    
1234567
891011121314
15161718192021
22232425262728
293031