Minlərlə adam Gədəbəyə axın edəcək, bölgədə bütün otellər və qonaq evləri dolub

22.07.2019 - 20:15

Azərbaycanın Gədəbəy rayonu bu günlərdə belə görünür ki, öz tarixi boyu ilk dəfə minlərlə qonağı eyni vaxtda qəbul edəcək.

Virtualaz.org xəbər verir ki, bu qızmar yay günlərində, yaylaq mövsümünün lap qızğın vaxtlarında rayon ilk dəfə keçiriləcək Milli Yaylaq Festivalına hazırlaşır.

Bu etno-mədəni tədbir barədə artıq xəbər verilib. Rayonunun Miskinli yaylaqlarında təşkil olunan festivalda əsl yaylaq ab-havası yaranacaq. Aşıqlar meydan qurub deyişəcək, müxtəlif etnik qrupları təmsil edən folklor qrupları öz məharətlərini göstərəcək, yerli kəndli və fermerlər öz təsərrüfatlarında becərdikləri ekoloji təmiz məhsulları xüsusi təşkil edilmiş yarmarkada satışa çıxaracaq, atlar cıdıra çıxacaq. Yaylaq düşərgəsində fəsəli yayanlar, dovğa bişirənlər, əmlik quzulardan kabab çəkənlər də öz yerində…

Gədəbəy rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayevin virtualaz.org-a bildirdiyinə görə festival bu formatda Azərbaycanda ilk dəfə təşkil edlir. Məqsəd rayonun turizm potensialını tanıtmaq, milli dəyərləri, yerli adət-ənənələri təbliğ etmək və  həm yerli, həm xarici turistlərdə Gədəbəy rayonu, onun təbiəti, mətbəxi, görməli-gəzməli yerləri, tarixi abidələri barədə təəsüraf yaratmaqdır.

Milli Faylaq Festivalının sponrou qardaş Türkiyənin TİKA dövlət agentliyidir. Festivala habelə Mədəniyyət Nazirliyi, Azərbaycan Atçılıq Federasiyası, Gəncədə fəaliyyət göstərən “Cavadxan” mədəniyyət fondu, Kənd Təsərrüfatı Nazirliyi təşkilati dəstək verir.

Gənc icra hakimiyyəti başçısı İbrahim Mustafayev bu rayona heç bir il deyil təyin olunub. Deyir ki, rayona təyinat alandan sonra Gədəbəyin iqtisadi inkişafı üçün mövcud olan potensialı araşdırıb, təhlillər aparıb.

“Aparılan təhlillər belə deməyə əsas yaradır ki, rayonda iqtisadi inkişafa təkan verə biləcək ən aparıcı sahələrdən biri turizmdir. Lakin təəsüf ki, indiyə qədər rayonun turizm potensialından çox az istifadə olunub, nəinki xarici, heç yerli turistlərdə də Gədəbəyin turizm potensialı barədə geniş məlumat yoxdur. Biz Dövlət Turizm Agentliyindən mütəxəssislər dəvət etdik, gəlib araşdırdılar. Onların qənaətinə görə Gədəbəyin turizm potensialı hətta Qəbələ, Qax kimi Azərbaycanın ən məşhur turizm bölgələrindən də böyükdür. Bu potensialdan düzgün istifadə edilsə çoxsaylı yeni iş yerləri açılar, rayon iqtisadiyyatına ciddi təsiri olar. Milli Yaylaq Festivalı da Gədəbəyin turizm imkanlarını yerli və xarici qonaqlara tanıtmaqdır”,-icra hakimiyyətinin başçısı deyir.

İbrahim Mustafayevin bildirdiyinə görə, iyulun 26-da başlayacaq və üç gün davam edəcək festivala maraq böyükdür. Azərbaycanın müxtəlif bögələrindən festivala minlərlə adamın gəlişi gözlənilir, 15-ə qədər xarici ölkədən də qonaqlar gələcək. O cümlədən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın da gəlişi gözlənilir.

“Mənə verilən məlumata görə festivalla bağlı nəinki Gədəbəydəki otellər və istirahət mərkəzləri, kottejlər, eləcə də Şəmkir rayonundakı otellər tamamilə dolub. Minlərlə qonağın gəlişini gözləyirik, hazırlıqlarımız başa çatmaq üzrədir. Azərbaycan Atçılıq Federasiyası festivalda öz cıdır atları ilə iştirak edəcək. Federasiya Böyük Britaniya kraliçasının doğum günü münasibətilə keçirilən mərasimlərdə hansı şou-proqramla çıxış etmişdisə həmin proqram Milli Yaylaq Festivalında da təqdim olunacaq. Habelə Azərbaycanda yaşayan müxtəlif etnik qruplar öz folklor ansamblları ilə təmsil olunacaq. Kənd Təsərrüfatı Nazirliyi festival çərçivəsində xüsusi yaylaq yarmarkasının təşkil olunmasına dəstək verir”,-icra hakimiyyətinin başçısı deyir.

Gədəbəy rayonunda ümumdünya, milli və yerli əhəmiyyətli 100-dən çox tarixi abidə var. Festival çərçivəsində qonaqların həmin tarixi abidələrin bir çoxuna baxması  üçün xüsusi turlar da təşkil olunacaq. İcra hakimiyyətinin başçısı bildirir ki, festivala hazırlıqlar çərçivəsində Koroğlu qalasına doğru 700 metr uzuluğunda pilləkənlər tikilib.

“Bu pilləkənləri yerli sakinlərin də köməyi ilə cəmi üç günə tikib başa çatdırdıq. İndi qonaqlar pilləkənlərlə qalaya rahat qalxa bilər. Pilləkənlərin sayəsində qalanın ziyarətçilərinin gələcəkdə kəskin artmasını gözləyirik”,-İ.Mustafayev bildirib.

Festivalın keçiriləcəyi ərazidə hazırda qızğın iş gedir. Qonaqların həm festival günlərində, həm ondan sonra yaşaması üçün xüsusi çadırlar quraşdırılıb, çadırların arasında daha iri və dəbdəbəli olanı da var, əlbətdə ki, bu “xanın” çadırıdır. Habelə yaylaq sahəsində qonaqların özləri ilə gətirdikləri çadırları qurması üçün “Öz yurdunu qur” adlı xüsusi ərazi ayrılıb, yaylaq yarmarkası qurulub, biotualetlər gətirilib, xüsusi sənətkarlıq güşəsi yaradılıb, aşıqların, müğənnilərin, folklor qruplarının çıxışı üçün meydançalar qurulub. Yaylaqda cıdıra çıxacaq cins atlar da artıq gətirilib.

Festival başa çatandan sonra qonaqlardan kim istəsə çadırlarda gündəlik müəyyən minimal qiymətlər ödəməklə qala bilər, ümumiyyətlə festival ərazisində qurulan infrastrukturun yy mövsümünün sonuna qədər fəaliyyət göstərməsi planlaşdırılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=129999

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930