Azərbaycanda fermer dövlətdən bu dəstəyi alacaq
Nazirlik rəsmisi: “Dövlətin köməyi bir neçə istiqamətlidir”
Azərbaycanda aqrar sahə dövlətin neft asılılığından qurtulmaq üçün prioritet seçdiyi əsas sahədir. Rəsmi məlumatlara əsasən, bu sahəyə ən müxtəlif istiqamətlərdə dövlət dəstəyi göstərilir. Bu baxımdan ölkədə kənd təsərrüfatında çalışıb, istehsalla məşğul olmaq istəyənlər üçün hansı güzəştlərin tətbiq edildiyi, dövlətin hansı dəstək mexanizmlərindən yararlanmağın mümkün olduğu maraqlıdır.
Azərbaycanda fermer təsərrüfatı qurub, fəaliyyət göstərmək istəyən dövlətdən nələr əldə edə bilər?
Qeyd edək ki, bu gün Azərbaycanda bitkiçilik, heyvandarlıq və kənd təsərrüfatı məhsullarının email sahəsində çalışanlar üçün fərqli dəstək tədbirləri həyata keçirilir.
Kənd Təsərrüfatı Nazirliyi İnformasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun “Yeni Müsavat”a verdiyi məlumata görə, Azərbaycanda aqrar sahəyə dövlət dəstəyi kifayət qədər geniş və çoxşaxəlidir: “Dövlət müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalını subsidiyalaşdırır, kənd təsərrüfatı və damazlıq heyvan satışı zamanı fermerə böyük həcmdə güzəşt tətbiq edir. Eyni qaydada gübrə təminatında da ciddi güzəşt mexanizmi mövcuddur. Fermer, məsələn, taxıl əkmək istəyirsə, bu zaman hər hektar əkin sahəsinə görə dövlət yanacaq və motor yağlarına, eləcə də buğda əkininə görə ümumilikdıə 90 manat subsidiya verir. Kənd təsərrüfatı texnikasının alışı zamanı dövlət dəyərin 40 faizini bağışlayır. Fermer cəmi 20 faizi həcmində ilkin ödəniş etməklə texnikanın sahibi olur, qalan 40 faiz məbləğ isə 60 aya bərabər şəkildə bölünür. 60 ay ərzində məbləğin əsas hissəsini fermer, faizlərini isə dövlət ödəyir. 40 faizlik güzəştin tətbiq olunduğu kənd təsərrüfatı texnikasının siyahısı bu il genişləndirilib, artıq buraya təkcə kombayn, traktor və qoşqu avadanlıqları deyil, ilkin emal avanadlıqları, suvarma sistemləri və soyuducu anbar avadanlıqları da daxil edilib”.
Taxıldan əlavə, çəltik, pambıq, tütün əkənlər satdıqları məhsula görə də dövlətdən subsidiya alırlar. Bundan əlavə, kənd təsərrüfatı istehsalçısı istifadə etdiyi mineral gübrə, pestisid və biohumusu alarkən də dövlətdən dəstək görür. Belə ki, prezident sərəncamına əsasən hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına satılan mineral gübrələrin, pestisidlərin və ölkədə sənaye üsulu ilə istehsal edilmiş biohumusun qiymətinə 70 faiz güzəşt tətdbiq edilməklə, hər hektar genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinə və çoxillik əkmələrə görə mineral gübrələrin və biohumusun satış qiymətinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddi 150 manat, pestisidlərin satış qiymətinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddi 50 manat məbləğində müəyyən edilib.
Heyvandarlıqla məşğul olmaq istəyənlər üçün də dəstək tədbirləri nəzərdə tutulur. V.Hüseynov deyir ki, ölkədə heyvandarlığın inkişafı, damazlıq tərkibinin yaxşılaşdırılması məqsədilə daha geniş dəstək mexanizmi mövcuddur: “Bu ildən başlayaraq fermer damazlıq heyvan alarkən, məbləğin 60 faizini dövlət ödəyir. Əvvəllər bu rəqəm 50 faiz idi. Yəni bir fermer dəyərin 25 faizini ilkin ödəniş etməklə damazlıq heyvan sahibi ola bilir. Məbləğin 60 faizini dövlət bağışlayır, qalan 15 faiz isə maksimum üç il müddətinə kredit şəklində ödənir. Bu mexanizm fermerlərə cins tərkibi təmiz heyvanlardan ibarək təsərrüfat qurmaq üçün ən əlverişli şərait yaratmış olur. Analoji dövlət dəstəyi baramaçılıq sahəsində də mövcuddur. Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. İpəkqurdu kümçülərə pulsuz verilir, yem bazasının yaradılması məqsədilə Çindən gətirilmiş 3,5 milyon ədəd tut tingi fermerlərə pulsuz paylanıb. Kümçülər istehsal etdikləri yaş baramanı kiloqramı 4 manatdan ”Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır. Dövlətin baramaçılığı tam şəkildə dəstəkləməsi bu sahəyə marağı ciddi şəkildə artırıb”.
Heyvandarlıqla məşğul olan fermerlər süni mayalanma yolu ilə cins heyvanlardan əldə etdikləri hər baş buzova görə dövlətdən 100 manat subsidiya əldə edirlər. Arı saxlayan fermerlər isə hər arı ailəsinə görə 10 manat alır. Bu məqsədlə yaradılmış komissiyanın qərarına əsasən 2019-cu ildə arıçılıqla məşğul olan 19 807 fiziki və hüquqi şəxsə sahib olduqları 426 533 arı ailəsinə (pətəyə) görə 4 265 330 manat subsidiya ödəniləcək. Azərbaycanda həmçinin istehsal edilərək fermerlərə satılan 1 və 2-ci reproduksiyalı toxum və tinglər üçün də subsidiya ödənilir. Bu subsidiya satılan toxum və tingin dəyərinin 30-40 faizi həcmindədir. Ötən il 318 belə istehsalçıya 7,7 milyon manat subsidiya verilib.
Dövlət tərəfindən aqrar istehsalçılar üçün kredit güzəştləri də nəzərdə tutulur: “Aqrar fəaliyyətin stimullaşdırılması məqsədilə dövlət tərəfindən fermerlərə maksimum 7 faiz olmaqla güzəştli kreditlər verilir. Təsərrüfat fəaliyyətini genişləndirmək istəyən fermerlər güzəştli kreditdən yararlanmaq üçün müvəkkil banklara müraciət edə bilərlər. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən bu ilin I yarısında 328 fermerə 11.35 milyon manat güzəştli nağd pul krediti ayrılıb, 391 nəfərə isə ümumi dəyəri 70.7 milyon manat olan 1432 ədəd kənd təsərrüfatı texnikası satılıb. Texnika alan fermerlərin əvəzindən AKİA tərəfindən təchizatçılara 27.1 milyon manat vəsait subsidiya kimi köçürülüb, texnika alışı üçün 236 fermerə 12.67 milyon manat məbləğində güzəştli kredit ayrılıb”.
Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında ölkə prezidentinin 1 mart 2016-cı il tarixli Fərmanına əsasən Azərbaycan ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, Azərbaycan ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilir. Ödənilən ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 (üç) faizini təşkil edir. Kənd təsərrüfatı məhsullarının ixracatçıları da bu imkandan yararlanmaqdadılar.
Azərbaycanda həmçinin 2001-ci ildən bəri kənd təsərrüfatı istehsalçıları torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad olunublar. Bundan əlavə, ölkədə istehsal edilmiş kənd təsərrüfatı məhsullarının pərakəndə ticarəti ilə məşğul olan sahibkarlar tərəfindən satışı zamanı ƏDV-yə yalnız həmin məhsulların satış qiyməti ilə onların alış qiyməti arasındakı fərq, yəni ticarət əlavəsi cəlb olunur.
Nəhayət, dövlət uzun illərdən bəri yubanan, aqrar istehsalçılar üçün çox vacib olan bir məsələni də həll etmək üzrədir. Bu, aqrar sığorta mexanizminin tətbiqidir. KTN tərəfindən Türkiyə təcrübəsi əsasında hazırlanan “Aqrar sığorta haqqında” Qanun Milli Məclisdə birinci oxunuşda müzakirə olunaraq qəbul edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=130941