İqtisadi inkişaf proqramları regionlardakı vəziyyətə necə təsir etdi?

03.08.2019 - 14:02

Natiq Cəfərli: “Həm xarici ticarətdə, həm də ÜDM-in formalaşmasında hələ də regionların payı aşağıdır”

15 ildən çoxdur ki, regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi dövlət siyasətinin prioritetini təşkil edir. Məhz bunun nəticəsidir ki, son 14 ildə üç dəfə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul olunub. 2004-2008-ci illər, 2009-2013-cü illər və 2014-2018-ci illəri əhatə edən bu üç proqramın nəticəsi olaraq, bu gün Azərbaycanın regionları öncəki illərlə müqayisədə həm infrastruktur baxımından, həm də sosial- iqtisadi durumuna görə müəyyən qədər inkişaf edib. Lakin qəbul olunan iqtisadi inkişaf proqramlarının məzmununa nəzər salsaq, hələ də qarşıya qoyulan məqsədlərə tam nail oluna bilməyib. Məhz bu səbəbdəndir ki, artıq təkcə bu proqram çərçivəsində deyil, aqrar sektorun inkişafı, qeyri-neft sektorunun şaxələndirilməsi çərçivəsində regionlara xüsusi diqqət ayrılır. Xüsusən də bu sahədə Kənd Təsərrüfatı Nazirliyi daha aktiv fəaliyyət göstərir.

Lakin regionların sosial-iqtisadi inkişafı proqramlarına külli miqdarda vəsaitin sərf olunmasını nəzərə alsaq, bu proqramlar nəticəsində əldə edilən uğurları, eləcə də hələ nail ola bilmədiyimiz məqsədləri müzakirə etməyə ehtiyac var.

İqtisadçı ekspertlər isə hesab edir ki,  regionların sosial-iqtisadi inkişaf proqramları daha çox regionlarda infrastrukturun yenilənməsi və abadlaşdırma işlərinə sərf olunduğundan həmin bölgələrin iqtisadi vəziyyətindən daha çox vizual görünüşünə müsbət təsir göstərdi.

İqtisadçı-ekspert Natiq Cəfərli ile ilgili görsel sonucu

İqtisadçı-ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, regionların inkişaf proqramı ilə bağlı müxtəlif istiqamətlərdə, müxtəlif proqramların yerinə yetirilməsi çərçivəsində  kifayət qədər böyük həcmdə vəsaitlər ayrıldı: “Təkcə son 15 ili götürsək, regionların inkişaf proqramı və onun müxtəlif sahələri ilə bağlı qəbul olunan proqramlar üçün təqribən 10 milyard manatdan yuxarı vəsaitin ayrıldığını görə bilərik. Müsbət nəticələr olsa da, bəzi gözləntilər özünü doğrultmadı. Bu proqramlar başlayarkən əsas hədəf kimi regionların ümumdaxili məhsulun təşkilində yeri və rolu, xarici ticarətdə iştirakı artırılacaq, bu da regionlarda iqtisadi vəziyyəti yaxşılaşdırmaqla yanaşı, həm də ölkə iqtisadiyyatında regionların payının yüksəlməsi ilə nəticələnəcək. Ancaq son 15 ili və bu 3 proqramı götürsək görərik ki, ÜDM-in formalaşmasında hələ də regionların payı aşağıdır. ÜDM-in 92 faizi Bakı və Abşeron yarımadasının payına düşür. Xarici ticarətdə də vəziyyət eynidir, təxminən 94 faizi Bakı və Abşeron yarımadasının payına düşür. Regionların inkişafı ilə bağlı həyata keçirilən layihələr daha çox yolların çəkilməsi, yeni binaların tikilməsi, rayon mərkəzlərinin təmir olunması, yeni parkların salınmasına xərclənib”.

İqtisadçı vurğuladı ki, bütün bu görülən işlər iqtisadi aktivliyi artıran, əlavə dəyər yaradan addımlar deyildi: “Virtual olaraq regionların, şəhər və rayon mərkəzlərinin görünüşünün dəyişməsinə də ehtiyac var. Ancaq bunları proqramın qarşısında duran məqsədlərə çatmaq üçün atılan addımlar kimi dəyərləndirmək olmaz.  Regionlardan paytaxt Bakıya axın da səngimədi. Son 15 ildə Bakıya gələn əhalinin sayı təxminən 550-600 min nəfər olub. Hələ də Bakıya köç davam edir. iqtisadi fürsətlərin Bakıda olması, əmək haqqının yüksək olması, iş yerlərinin burada daha çox olması əhalinin daha çox paytaxta üz tutmasına səbəb olub”.

N.Cəfərli hesab edir ki, ayrı-ayrı sahələrdə müəyyən irəliləyiş var. Ancaq bu, regionların inkişafı proqramından daha çox, Kənd Təsərrüfatı Nazirliyinin və hökumətin ayrı-ayrı sahələrdə apardığı siyasətin nəticəsidir: “Kənd təsərrüfatı məhsullarının istehsalında və ixracından müəyyən artımlar var. Regionların inkişafı proqramında isə əsas hədəflər regionların ÜDM-də payının, xarici ticarətdə payının və iqtisadiyyatda çəkisinin artması idi. Təəssüf ki, bu məqsədlərə tam nail olmaq mümkün olmadı”.

Ekspertin sözlərinə görə, iqtisadiyyatda atılan addımlar idarəetmədə də atılmalıdır ki, regionların inkişafı ilə bağlı verilən qərarların effekti yüksək olsun: “Dünyada ən geniş yayılmış praktikalardan biri müvafiq dövlət strukturlarının regionlara köçürülməsidir. Bu çox ciddi effekt yaradır. Gürcüstanı misal çəksək, təkcə parlamentin Tiflisdən Kutaisiyə köçürülməsi, orada ucuz uçuşların həyata keçirildiyi ikinci beynəlxalq hava limanının açılması Kutaisinin inkişafına böyük təsir göstərib. Statistikaya görə,  Kutaisinin əhalisinin sayında 50 min nəfərə yaxın artım olub. Azərbaycanda da buna bənzər addımların atılmasına ehtiyac var. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi Gəncəyə köçürülə  bilər. Orada həm aqrar universitet var, ətraf bölgələrin ciddi kənd təsərrüfatı potensialı var. Ali Məhkəmənin, Konstitusiya Məhkəməsinin, digər dövlət və hökumət orqanlarının Azərbaycanın müxtəlif regionlarına köçürülməsi həm Bakının yükünü azalda bilər, həm də həmin regionların statusunu artıra bilər, geniş-gəlişi artıra bilər, əhalinin orada yaşamağa marağını artıra bilər. Ən vacib məsələlərdən biri isə xarici universitetlərlə danışıb, Azərbaycanın müxtəlif bölgələrində çox prestijli, insanlar tərəfindən rəğbətlə qarşılanan universitetlərin açılması ola bilər. Bu da regionların inkişafında multiplikativ effekt yarada bilər. Regionların iqtisadi inkişafı proqramları ilə yanaşı bu kimi addımlar atılsa, yaxın 5 ildə ciddi irəliləyişə nail olmaq olar”.

Short URL: http://www.cumhuriyyet.net/?p=131405

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728