“Teatrı təbliğ etməkdən qürur duyuram”-Fəridə Aslanova

08.08.2019 - 12:05

Fəridə Aslanova: “Əgər mənə bir işi etibar ediblərsə işi icra etmək, mükəmməl şəkildə yerinə yetirmək borcumdur”

Teatrı təbliğ etməkdən qürur duyur və teatrla bağlı reallaşdırmaq istədiyi bir çox layihələri var. Deyir ki, teatr sirli-sehrli aləmdir, cazibəsinə düşən onun orbitindən uzaqlaşa bilmir: “Mən təklif edirəm ki, heç olmasa orta məktəblərdə teatrlarımız təbliğ olunsun. Heç olmasa müəllimlərimiz dərslərdə Üzeyir Hacıbəyovun və digər dahi mütəfəkkirlərimizin yaradıcılığı haqqında danışarkən onların əsərləri əsasında hazırlanan tamaşalara baxmağı uşaqlara məsləhət görsünlər”.

“Üç nöqtə” qəzetinin qonağı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanovadır.

– Hər kəsdə peşəyə gəliş fərqli olur. Sizin jurnalistikaya gəlişiniz necə olub?

– Mənim jurnalistikanı seçməyim təbiidir. Bu sanki mənəvi ehtiyacdan və zərrə-zərrə yaranıb. Çünki uşaqlıq çağlarım 90-cı illərin gərgin dövrlərinə təsadüf edib. Ölkəmizdə o vaxt baş verənlər – 20 Yanvar faciəsi, Xocalı soyqırımı, torpaqlarımızın bir-birinin ardınca işğal olunması, soydaşlarımızın yurdlarından didərgin düşməsi, ümumiyyətlə bu səbəbdən yaxınlarımızın üzücü halı mənə pis təsir edirdi və bütün bunlar məni haqsızlığa qarşı üsyan etməyə sövq edirdi.

Amma necə? Uşaq nə edə bilərdi? Sanki sözü silaha çevirmək zərurəti, söz demək ehtiyacı yaradırdı. Yadımdadır. Mən hər dəfə vətənpərvərlik haqqında cızma-qara etdiyim misralarımda, inşalarımda və məktub şəklində yazılarımda qəlbimin çırpıntılarını sətirlərlə bölüşürdüm. Qızğın döyüşlərin, hətta uzaqdan eşidilən top-tüfəng səsləri məni evimdə rahat uyumağa qoymurdusa, bəs onda elindən-obasından ayrı düşənlər, yuvası yıxılanlar, həyatı yarımçıq qalanların doğmaları nə etsinlər-deyə düşünürdüm.

– İlk dəfə jurnalistikaya başlayanda hansı sahədən yazmısınız?

– İlk olaraq vətənpərvərlik mövzusunda, sonra yeni nəşr olunmuş kitablar haqqında, daha sonra isə məni narahat edən sosial problemlərdən yazmışam. Bu da kitablara hədsiz sevgimdən irəli gəlir. Elə bil Allah bu sevgimi görüb sanki məni mükafatlandırıb. İki övladımdan biri – yəni qızım kitabpərəstdir. İstər yay tətilində bədii əsərlər, istərsə də məktəb vaxtı öz dərsləri olsun, hamısını mükəmməl öyrənir. Qızımın 13 yaşı olmasına baxmayaraq ingilis və rus dillərində sərbəst, fransız dilində isə qismən danışa bilir.

Oğlum da bacısının bu təcrübəsindən yararlanmağa çalışır. İnsana təlim, tərbiyə, təhsil həmişə lazımdır. Buna görə də ən birinci uşaqlarda oxu vərdişi aşılamaq lazımdır. Vətəni olan vətənpərvər olmalıdır. O demək deyil ki, təkcə silahla ön cəbhədə vuruşasan. Hər kəs öz sahəsində mükəmməl və ürəklə çalışsa elə bunun özü də vətənpərvərlikdir, məncə.

– Bu günə qədər hansı mətbuat orqanlarında çalışmısınız?
– Pərakəndə şəkildə bir çox mətbuat orqanlarında yazılarım çıxıb. İlk iş yerim isə mərhum Xalq yazıçısı Maqsud İbrahimbəyovun təsisatı ilə “Naxçıvan” jurnalı olub. Yaxşı yazmaq üçün isə çoxlu oxumaq lazımdır. Adicə bir səhifəlik materialı yazmaq üçün bəzən neçə mənbəni araşdırıram, kitablara müraciət edirəm.

– Qəzetdə işləyən deyirlər ki, qəzet jurnalistikası çətindir. Saytda işləyənlər isə sayt jurnalistikasının çətin olduğunu deyirlər. Siz necə düşünürsünüz, hansı daha çətindir?
– İşinin məsuliyyətini dərk edən üçün hər iş çətin olduğu qədər də asandır. İşə başdansovdu və səthi yanaşmaq olmaz. Hər işin dərinliklərini bilmək lazımdır, Bilmirsən, əziyyət çək öyrən, sonra hər şey öz axarına düşəcək.

Heç kəs anadangəlmə bilik və bacarığa yiyələnmir. Zaman-zaman təcrübə və çalışqanlıq sayəsində qazanılır. Daim yenilənmək lazımdır. Əgər hər sahədə “mən hər şeyi bilirəm” deyirsənsə artıq uduzmusan. Babalarımız da həmişə deyib ki, özündə razı qaldınsa qabağa gedə bilməzsən. Özünə qarşı ən böyük tənqidçi özün olmalısan.

– Neçə müddətdir Azərbaycan Dövlət Akademik Musiqili Teatrda çalışırsınız?
– Artıq 2018-ci ilin yanvar ayından bu teatrda işləyirəm. Amma çox qısa müddətdə uyğunlaşdım. Hətta keçən il cəmi 6 ay idi ki, çalışdığım müddətdə 108-ci teatr mövsümünün “Ən işgüzar işçisi” nominasiyasında teatr rəhbərliyi tərəfindən “Diplom” və pul mükafatına layiq görüldüm.
Teatrın çoxillik iş təcrübəsi olan işçiləri də deyirlər ki, cəmi 6 aylıq qısa müddətdə işləyən işçini ilk dəfədir ki, rəhbərlik belə tez mükafatlandırıb, yəni çoxu bunu təəccüblə qarşıladı. Əlbəttə, bu da məni sevindirir və zəhmətimə verilən qiymətdir. Düşünürəm ki, əgər mənə bu işi etibar ediblərsə işi icra etmək, yerinə mükəmməl şəkildə yetirmək borcumdur.

– Bəs bu teatra gəlişiniz necə oldu?

– Bura gəlişim çox maraqlı olub. Heç vaxt gizlətmirəm və gizlətməyəcəyəm də. Mənin həyatım təsadüflərdən və böyük risklərdən ibarətdir desəm yanılmaram. Əməkdar mədəniyyət işçisi Telli xanım Pənahqızının tövsiyəsi ilə bu teatra gəlmişəm. Və bu məsuliyyəti üzərimə götürməklə çox böyük yükün altına girmişəm.

Çoxu bilir ki, yoldaşım zabitdir. Onun işlə bağlı təyinatını Bakıya veriləndən sonra mən də özümə iş axtarmaq üçün bir neçə müəssisəyə elektron ərizə ilə müraciət etdim. Və iş elə alındı ki, Əməkdar mədəniyyət işçisi Telli xanımın məsləhəti ilə Akademik Musiqili Teatrda özümü sınadım. Və qısa müddətdə teatrın nizam-intizamına, qayda-qanunlarına öyrəndim və gəldiyim gündən onu təbliğ etməkdən zövq alıram.

Azəbaycan Dövlət Akademik Musiqili Teatrın direktoru Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin məsuliyyəti, teatra olan sevgisi və rəhbər etdiyi kollektivin xoş münasibəti elə ilk gündən mənə qol-qanad verdi. İndi bir çox mətbuat orqanları, saytlar, televiziya kanalları ilə sıx əlaqələrimiz uğurla davam etdiririk. Sosial şəbəkələr vasitəsilə teatrımızın biri-birindən gözəl tamaşalarını təbliğatımı əsirgəmirəm.

Əslində teatr sahəsi mənə yad deyil. Uşaq vaxtlarımda, tələbəlik illərimdə də kiçik səhnəciklər oynamışam. Teatrlara getmişəm. Zaqatalada Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Xalq Teatrında da həvəskar aktyor kimi rol oynamışam, həmin teatrın təbliğat məsələlərində yaxından iştirak etmişəm. Aktyor olmaq asan iş deyil. Həvəskar kimi iştirak etmək başqa, yəni oradakı kadr çatışmazlığı zərurətindən və şəxsən mənim daxili tələbatımdan bunu etmişəm.
Ümumilikdə isə heç vaxt aktrisa olmaq istəmərəm. Onların peşəsinə çox böyük hörmətim var.

– Jurnalistin demək olar ki, yazdığı hər bir yazı onun üçün əzizdir. Bəs sizin ən çox sevdiyiniz, yazınız, müsahibəniz kiminlə olub?

– SSRİ Xalq artisti Lütfiyar İmanovdan müsahibə uzun illər öncə olsa da mənə xoş təsir edib və stimul verib. Bəlkə də onun həm musiqi, həm də rəssamlıqla məşğul olmağı məndə öz peşəmdən başqa incəsənətə meylimi artırdı.

– Jurnalistika ilə bağlı reallaşdırmaq istədiyiniz layihəniz varmı?

– Jurnalistika ilə bağlı layihələrim var. İnsanlarla teatr arasında möhkəm körpü yaratmaq istəyərəm. İnsana cəmiyyət lazımdır, ən bəsit bir misal deyəcəm. Oğlum çox nadincdir. Yerində oturmağa belə hövsələsi çatmayacaq dərəcədə hiperaktivdir. Mən onu tamaşalara aparıram.

Bir dəfə səs salmağa cəhd etdi, diqqəti yayındı, ikinci dəfə də özünü narahat hiss etdi, artıq 3-cü dəfədə tamaşaya maraqla baxmağa başladı, yerində düz oturdu, fikrini cəmlədi. Sözümün canı odur ki, uşağın kiçik yaşlarından cəmiyyətlə təmasına vasitəçi olmaq lazımdır. Teatr cəmiyyətdir. Buna şərait yaratmaq lazımdır. Uşaq psixoloqlarından xahiş edirəm ki, valideynləri maarifləndirərkən uşaqların teatrlara getməsinin vacibliyini vurğulasınlar.

Teatrı təkcə teatrşünaslar deyil, həm də bütün peşə sahibləri, əsas da jurnalistlər öz yazılarında və çıxışlarında təbliğ etməlidirlər. Çünki teatr Azərbaycanın sərvətidir. Qorumaq, yaşatmaq üçün isə mütəmadi təbliğata ehtiyac var.

– Deyirlər ki, işləyən qadınların ailəyə ayırmağa vaxtları qalmır. Sizdə də belədirmi?
– Yoldaşım çox tələbkardır. Çalışıram hər şeyi nizamlayam. Demək olar ki, bizim evdə hərbi nizam-intizam hökm sürür. Hər şeyi qaydasına qoymasam evdən işə çıxa bilmərəm. O qədər işim olur ki, əsas da ailə, uşaqlar və işlərim. Qadına arxa-dayaq onu sevən ailəsidir. Bu olmasa işləmək çox çətin olar. Uşaqlarıma isə qaynanam baxır.

– Övladlarınızın tərbiyəsinə yetərincə vaxt ayıra bilirsinizmi?
– Övladlarımın cəmiyyətə yararlı olmalarını təmin etmək istəyirəm. Boş vaxt tapan kimi onlarla kitabxanalara, teatrlara, parklara gedirik. İndi hal-hazırda yay tətillərində üzgüçülüklə məşğuldurlar və kitabxanalarla evin arasında qalıblar. Onların asudə vaxtlarını səmərəli etmək üçün vaxtı ilə musiqi, rəqs, şahmat, rəsm, xalçaçılıq dərnəklərinə də qoymuşam. Özüm də onlarla bərabər oxuyuram, öyrənirəm. Hətta Zaqatalada olarkən Azərbaycanda ilk “’Oymaçı”’ qadın Kifayət xanımın dərslərində iştirak edib bu sənətin sirlərinə yiyələnmişəm.

– Yoldaşınız sizə dəstək olurmu?
– Kaş, hər bir qadının yoldaşının xasiyyəti mənim yoldaşım kimi olaydı. O, çox mərd, düzgün, ədalətli, sadiq və tələbkar birisidir. Hərbi nizam-intizam onun sanki canına hopub. Və o mənə çox böyük dəstək olur.

Hətta o, o qədər tələbkardır ki, adi bir misal deyim. Mənim işə 1 dəqiqə belə gecikməyimi qəbul edə bilmir (Gülür). O məni sevir və qoruyur. Əsas odur ki, gündəlik həyatımızda mənə işlərimin keyfiyyətinin yüksək olması üçün şərait yaradır.

– Bu günün jurnalistikası sizi qane edirmi?
– Elə gözəl yazan jurnalistlərimiz var. Mən onlardan öyrənirəm. Amma saytlarda “əndrabadi” xəbərləri yazanları, reytinq xətrinə çaşqınlıq salanları qəbul etmirəm. Qoy az oxunsun, amma yazı sanballı olsun.

– Bu gün Mətbuat xidmətində çalışırsınız. Bəs hansı sizə daha yaxındır, mətbuat xidməti, yoxsa jurnalistika?
– Məncə, su axar, çuxurun tapar. Mən elə öz istədiyim yerdəyəm. İnsanın istənilən məkanda əgər düşüncəsindəki fikir, məqsəd aydındırsa gedəcək yolu bəllidir. Teatrı təbliğ etməkdən qürur duyuram. Teatrla bağlı o qədər reallaşdırmaq istədiyim məqalələrim var ki.

Teatr sirli-sehrli aləmdir, cazibəsinə düşən onun orbitindən uzaqlaşa bilmir. Mən təklif edirəm ki, heç olmasa orta məktəblərdə teatr təbliğ olunsun. Heç olmasa müəllimlərimiz dərslərdə Üzeyir Hacıbəyovun və digər dahi mütəfəkkirlərimizin yaradıcılığı haqqında danışarkən onların əsərləri əsasında hazırlanan tamaşalara baxmağı uşaqlara məsləhət görsünlər. Sonda demək istəyirəm ki, Akademik Musiqili Teatrın “Facebook”’ və “’İnstaqram” səhifələri, həmçinin mənim şəxsi səhifəm aktivdir. Bizim teatrla tamaşalarımızla bağlı nə sualları varsa cavablandırmağa hazıram.

Adətən bir gün ərzində sosial şəbəkələrdə təxminən 50-200 arası suala cavab verirəm, təki insanların teatra marağı artsın. Bunları etməyə də bilərəm. Amma düşünürəm ki, bu an üçün ən gözəl vasitə sosial şəbəkələrdir. İnsanlarla teatr arasında əlaqə yaratmaq lazımdır. Teatrımızın gələn il 110 illiyidir. Bu münasibətlə çox maraqlı tamaşalar hazırlayırıq. Tamaşaçılardan xahişim budur ki, bizim teatrın saytını “musiqiliteatr.az” və digər sosial şəbəkə hesablarımızı izləməkdə davam etsinlər. Mütəmadi olaraq repertuarımızda olan tamaşalar haqqında məlumatlar verilir.

Könül Oruc

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=131877

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930