Bu sözləri Lent.az-ın qatarlarda yaranan fasilələrlə bağlı suallarını cavablayarkən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. O bildirib ki, qatarların qapısına hər hansı müdaxilə və ya maneə olarsa, qapı avtomatik şəkildə yenidən açılaraq bağlanır:
“Müdaxilələr bir neçə dəfə təkrarlananda kompüterləşdirilmiş sistemdə donma baş verir. Bu zaman onu yenidən yükləmək məcburiyyəti yaranır və bu 2 dəqiqə, 2 dəqiqə yarım vaxt aparır. Bundan sonra intervalda gecikmələr yaranır”.
B.Məmmədov əlavə edib ki, hazırda qurumun balansında 11 yeni qatar var və onların hamısı xətlərə əlavə edilib:
“Hər gün xəttə 40-dan artıq qatar buraxılır. Hərəkətin gur saatlarında intervalın 2 dəqiqə olmasını təmin edə bilirik, ancaq intervalı azaltmaq texniki səbəblərdən mümkün deyil. Bildiyiniz kimi, 2 fərqli xətt “28 May” metrostansiyasında birləşir və xətlər birləşdiyi üçün “İçərişəhər” və “Elmlər Akademiyası” istiqamətində hərəkət edən qatarların hamısı bir xətt üzrə gedir. Bu da sıxlığa və intervalın çoxalmasına səbəb olur”.
B. Məmmədov əlavə edib ki, gələcəkdə “28 May” metrostansiyada birləşən xəttlərin ayrılmasının təşkil edilməsi qurumun prioritet məqsədlərindən biridir:
“Ancaq o prosesə qədər metroda inşaatla bağlı bir çox işlər görülməli, yeni metrostansiyalar inşa edilməlidir. Hazırda bununla bağlı işlər görülür. Bu proses həllini tapdıqdan sonra interval məsələsi də qaydasına düşəcək”.