Azərbaycanda televiziya və radio günüdür
Bu gün Azərbaycanda televiziya və radio işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
“Cümhuriyyət” xəbər verir ki, Azərbaycan televiziyasının 63, radiosunun isə 93 yaşı tamam olur. Azərbaycanda radionun tarixi XX əsrin 20-ci illərindən başlayır. Bakıda ilk radio qurğusu 1924-cü ildə quraşdırılıb.
1926-cı ildə isə ilk radiostansiya fəaliyyətə başlayıb. Məhz həmin il noyabrın 26- da ilk radio verilişi efirə çıxıb. O dövrdə radio verilişlərinin gündəlik efir vaxtı cəmi 2 saat təşkil edirdi. Sonradan bu vaxt 4 saata, daha sonra 6 saata çatdı. Azərbaycanda ilk televiziya verilişi isə 1956-cı il fevralın 14-də efirə çıxarılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqil teleradioşirkətlərin sayı da artıb.
2005-ci il avqustun 29-da İctimai Televiziyanın yayıma başlaması Azərbaycan teleməkanını daha da genişləndirdi. Hazırda Azərbaycanda 11 ümumrespublika, 13 regional, 17 kabel, 27 internet, 4 peyk televiziyası, 13 ümumrespublika və 3 regional radio fəaliyyət göstərir. Həmçinin Azərbaycan ərazisində rəqəmsal yayımın tətbiqinə başlanıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=135936