Azərbaycanda xüsusi rejim. Mənə nə etmək olmaz, nə olar? – 6 suala cavabda

25.03.2020 - 12:19

Azərbaycanda koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə 24 martdan xüsusi karantin rejimi elan edilib.

Xüsusi karantin rejimi aprelin 20-nək davam edəcək. Bu müddətdə xüsusi karantin rejimin tələblərinin icrasına Daxil İşlər Nazirliyi nəzarət edəcək.

Ölkədə hazırda aktiv koronavirus xəstələrinin sayı 76-dır, onlardan 6-nın vəziyyəti orta-ağırdır. Rəsmi qurumlara əsasən, Azərbaycanda koronavirusdan 11 nəfər sağalıb, bir nəfər ölüb.

Xüsusi karantin rejimində bəzi məhdudiyyətlər tətbiq olunub. Bu məhdudiyyətlər nə deməkdir?

Kimlər evdə qalmalıdır?

Yaşı 65-dən çox olan şəxslər evdə qalmalıdır. Lakin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi – TƏBİB bildirir ki, yalnız yaşı 65-dən yuxarı olanlar deyil, bəzi xəstəlikləri olanlar da koronavirusla bağlı risk qrupudur.

Buna xronik xəstəliklər, ürək-damar xəstəlikləri, şəkərli diabet, böyrək xəstəlikləri olanlar və hər hansı bir səbəbdən immun-supressiv xəstə qrupları aiddir.

Yaşı 65-dən yuxarı olan və tənha yaşayanlara isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial xidmətlər göstəriləcək.

Yaşı 65-dən çox olan tənha şəxslərin gündəlik tələbatları ilə bağlı zəruri ərzaq və avadanlıqların, dərman vasitələrinin alınması, müxtəlif ödənişlərin edilməsi və s. ilə bağlı evdən bayıra çıxmalarına ehtiyac qalmadan dəstəklə təmin olunacaq.

Və ehtiyac duyduqları sosial məişət xidmətləri ilə əhatə olunacaqlar, nazirlik bildirir.

Amma bunlar üçün yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-Çağrı mərkəzinə zəng edərək qeydiyyata alınmalıdırlar.

Kimlər küçəyə çıxa bilər?

Bundan əvvəl də əhaliyə evdə qalmaqla bağlı dövlət qurumlarının çağırışları olub.

Operativ Qərargah infeksiyanın yayılmasın yol verməmək üçün vətəndaşlardan bəzi tələblər olduğunu açıqlayıb:

  • Özünütəcrid tədbirlərinə uyğun davranmaq,
  • Yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq,
  • Digər şəxslərlə minimum kontaktda olmaq,
  • İnsanların sıx toplaşdığı yerlərə getməmək,
  • Mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək

Xüsusi karantin rejimi müddətində isə ictimai yerlərdə, küçələrdə, bulvarlarda, parklarda 10 nəfərdən artıq adamın toplaşması qadağan edilib.

İnsanlarası təmaslarda vətəndaşların 2 metrlik məsafənin saxlaması tövsiyə edilib.

Operativ Qərargah əhalini evdə qalmağa, özünütəcrid şəraitinə riayət etməyə çağırıb.

Qurum, koronavirus simptomları hiss edən şəxslərə 103 və ya 15-42 nömrəli qaynar xətlərə zəng etməyi tövsiyə edib.

Metro və avtobusdan necə istifadə edəcəyəm?

Xüsusi karantin rejimi müddətindən əhaliyə metrolara minməmək, yerüstü nəqliyyatdan istifadəyə üstünlük vermək məsləhət görülür.

Metroların yerinə iki istiqamət üzrə xüsusi ekspress avtobus xətləri təşkil edilir.

metroFotonun müəlli

Bakı Nəqliyyat Agentliyi bildirir ki, M1 və M2 ekspress marşrut xətləri üzrə avtobuslar 06:00-22:00 arası fəaliyyət göstərəcək.

Bu avtobuslar 10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərəcək.

Hər iki xətt üzrə gediş haqqı 30 qəpikdir. Ödəniş nağdsız formada, “BakıKart”-la olacaq.

Ekspress xətlər üzrə avtobuslar yalnız metro stansiyaların çıxışlarında olan dayanacaq məntəqələrində dayanacaq.

M1 – xətti 11 metro stansiyasi üzrə hərəkət edəcək: 20 Yanvar, Memar Əcəmi, Azadlıq, Gənclik, Nəriman Nərimanov, Koroğlu, Qara Qarayev, Neftçilər, Xalqlar Dostluğu, Əhmədli, Həzi Aslanov.

M2 – xətti isə 15 metro stansiyasını əhatə edəcək: 20 Yanvar, İnşaatçılar, Elmlər Akademiyası, Nizami, İçərişəhər, Sahil, 28 May, Gənclik, Nəriman Nərimanov, Koroğlu, Qara Qarayev, Neftçilər, Xalqlar Dostluğu, Əhmədli, Həzi Aslanov.

Amma bununla yanaşı müntəzəm marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyəti də adi rejimdə davam edəcək.

BNA-dan BBC News Azərbaycancaya verilən məlumata görə, ekspress avtobuslarda sərnişin sıxlığına rast gəlinmir və sərnişin sayında azalma müşahidə olunur.

Sıxılıq olarsa hansı tədbirlərin görüləcəyilə bağlı suallarımıza hələ ki, cavab ala bilməmişik.

Bölgələrarası hərəkət necə olacaq?

Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılır.

İstisnalar yalnız xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərdir.

Bundan əvvəl, martın 19-da Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş məhdudlaşdırılmışdı, hazırkı qərarla isə həm də çıxış məhdudlaşdırılır.

Bu günə qədər respublikanın digər şəhər və rayonlarına getmiş və hazırda da orada olan Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olanların qayıtmalarına icazə verilir.

Lakin onlar xüsusi karantin rejimi müddətində respublikanın digər şəhər və rayonlarına buraxılmayacaqlar.

Bakı, Sumqayıt və Abşerona gəlmiş digər şəhər və rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin və qeydiyyatda olduqları şəhər və rayonlara çıxışlarına məhdudiyyət tətbiq edilmir.

Ancaq onlar Bakı, Sumqayıt şəhərlərini və Abşeron rayonunu tərk etdikdən sonra xüsusi karantin rejimi müddətində geri qayıda bilməyəcəklər, DİN-in yaydığı məlumatda deyilir.

Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərarası sərnişindaşınma fəaliyyəti də dayandırılır.

Özü rayon qeydiyyatında olub, amma Bakıda işləyənlərin paytaxta buraxılmasilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahdan deyirlər ki, bunları hamısını bir qərarla nizamlamaq mümkün deyil.

Bu səbəbdən bu tipli situasiyaları yerində DİN-in əməkdaşları həll edəcəklər.

“Arxayın olsunlar ki, vətəndaş iş yerinə çatmalıdırsa, öz əmək borcunu yerinə yetirməlidirsə, təbii ki, bu işlər vətəndaşların xeyrinə həll ediləcək”, bu sözləri Nazirlər Kabinetinin sözçüsü İbrahim Məmmədov mətbuat konfransında deyib.

O deyib ki, bu kimi yüzlərlə situasiyalar var və onlar DİN tərəfindən yerində nizamlanacaq.

DİN sözçüsü Ehsan Zahidov deyir ki, bu məsələlər tənzimlənəcək.

Hansı obyektlər işləyəcək, hansı yox?

İctimai iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunur. Onlar saat 12.00-15.00 arası açıq olacaqlar. Amma evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.

Ölkə ərazisində ticarət mərkəzlərinin və “Mollar”ın fəaliyyəti dayandırılsa da, onların nəzdnindəki supermarketlər, ərzaq mağazaları və apteklər işləyəcək.

Ərzaq mağazalarının, apteklərin və digər həyat əhəmiyyətli obyektlərin fəaliyyəti təmin ediləcək.

Burada həyat əhəmiyyətli obyektlərə nələrin daxil olması ilə bağlı açıqlama veriləcəyi gözlənilir.

Təxliyə necə həyata keçiriləcək?

Qərarda həm də xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi məsələsi də qeyd edilib.

Azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində xaricdə olan Azərbaycan vətəndaşlarının xüsusi çarter reysləri ilə Azərbaycana gətirilməsi təmin ediləcək.

Onlar ölkəyə gəldikdən sonra 14-21 gün ərzində məcburi karantin rejiminə yerləşdiriləcəklər.

Bu günədək İran, İtaliya, Türkiyə, Macarıstan, Belarus, Rusiya və başqa ölkələrdə olan 10 000-ə yaxın Azərbaycan vətəndaşının dövlət hesabına AZAL-ın xüsusi çarter reysləri və başqa nəqliyyat vasitələri ilə ölkəyə gətirilib, rəsmi məlumatda deyilir.

Onların tibbi müayinədən keçirildiyi və dövlət hesabına 14-21 günlük xüsusi karantin rejimində yerləşdirildiyi bildirilir.

Azərbaycanda ilk koronavirus halı fevralın 28-də təsdiqlənib. Bu şəxs İrandan ölkəyə gəlmişdi.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan deyirlər ki, hazırda Azərbaycanda yerli yoluxma halı var. Lakin qurum koronavirusa yoluxanlardan neçəsinin xarici ölkələrdən gəlməsi, neçəsinin Azərbaycanda yoluxması barədə rəqəm söyləməyib.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=144370

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2020
BE ÇA Ç CA C Ş B
« Fev    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031