Müasir İnnovasiyalar Liseyində qalmaqal – “Dərs deməyib, pul istəyir”

20.05.2020 - 22:53

Övladları Müasir İnnovasiyalar Liseyində (MİL) təhsil alan bir qrup valideynlə tədris müəssisəsi arasında problem yaranıb.

Valideynlər “BakuPost”a bildirirlər ki, pandemiya ilə əlaqədar aprel ayından tədris proqramında baş vermiş dəyişikliklərə baxmayaraq, MİL rəhbərliyi birdən birdə 3 ayın – mart, aprel və may ayları üçün təhsil haqqının tam həcmdə ödənilməsini tələb edir. Halbuki, mart ayında dərslər ümumiyyətlə olmayıb, aprel ayından isə dərslər onlayn formada keçirilir.

Bu o deməkdir ki, indiyədək MİL-də şagirdlərə göstərilən xidmət – gündə iki dəfə (səhər və günorta) yemək, dərsdən sonra əlavə məşğələlər, idman-sağlamlıq, kitabxana və ümumilikdə tədris müəssisəsinin infrastrukturundan istifadə – dayandırılıb və yalnız onlayn dərslər keçirilir.

Bütün bunları nəzərə alan valideynlər, təbii ki, ödənişdə ciddi güzəşt olunmasını gözləyir. Həm də ona görə ki, MİL ilə imzalanan təhsil müqaviləsində xüsusi “Fors-major” bəndi də var. Həmin müddəaya görə, tərəflər fors-major şəraiti yarandığı halda bu müqavilə üzrə məsuliyyət daşımırlar.

Amma MİL rəhbərliyinin nə mart ayında dərslərin olmadığını, nə aprel ayından göstərilən xidmətin yalnız onlayn dərslərlə kifayətləndiyini, nə müqavilədəki fors-major hallarla bağlı müddəanı nəzərə almadan 3 ay üçün tam həcmdə ödənişi tələb etməsi valideynlərin narazılığına səbəb olub.

Onların fikrincə, karantin dövründə dövlət büdcəsindən müvafiq vəsait almalı olan tədris müəssisəsinin, valideynlərin bəzilərinin karantinlə bağlı iş yerlərini itirməsi, gəlirlərin azalması kimi halları belə nəzərə almadan, sanki, pandemiya və karantin olmamış kimi davranması yolverilməzdir.

“Biz ödənişdən tam olaraq imtina etmirik, amma tam ödənişimiz yalnız dərsin keçirilməsi yox, uşaqların isti yeməklə təmin edilməsi, idmanla məşğul olması, dərsdən sonra uşaqların məktəbdə qalaraq tapşırıqları yerinə yetirməsi – bir sözlə, kompleks xidmətə görədir. İndi bütün bunlar yoxdur, yalnız onlayn dərs müqabilində, heç olmasa, 50 faizlik güzəştin edilməsini istəyirik. Bu zaman həm məktəb gəlirsiz qalmaz, həm də bizə çox yük düşməz. Amma bütün bu təkliflər qəbul edilmir və bizdən göstərilməyən xidmətə görə tam həcmli ödəniş tələb olunur” – deyə valideynlərdən biri müxbirlə söhbətində bildirib.

Şikayətçilər bildirib ki, bu azmış kimi, MİL rəhbərliyi gələn il üçün də ödənişin bir hissəsinin indidən ödənilməsini istəyir və bunu “pandemiya ilə bağlı yaranmış “iqtisadi çətinliklərlə” əsaslandırır.

Valideynlər bu qanunsuzluqlarla bağlı dövlət orqanlarına müraciət etməyə hazırlaşırlar.

Məktəbin direktoru Sevinc Əliyeva “BakuPost”a açıqlamasında ittihamları əsaslı saymadığını bildirib: “Bütün valideynlər bizdən razıdır. Elə bir valideyn yoxdur ki, bizə müraciət etsin və narazı qalsın. Hər bir valideynə individual yanaşırıq və çalışırıq ki, onları narahat edən məsələləri həll edək. Biz pandemiya ilə bağlı yaranmış vəziyyəti nəzərə alaraq, ödənişlərdə 30 faiz endirim etmişik. Ondan çox güzəşt etmək mümkün deyil. Çünki biz müəllimlərə əmək haqqı verməliyik. Onlar indi daha çox işləyirlər. Bəzən bütün günü onlayn dərs deyirlər”.

S.Əliyeva növbəti il üçün ödənişlərin tələb edildiyi ilə bağlı deyilənləri də qəbul etmir: “Bu, yalan məlumatdır. Biz heç kimi məcbur etmirik ki, ödənişin hamısını versin. Hətta borclu qalan valideynlərə də bildirilir ki, imkanları olanda ödəniş edilsin. Biz əhalinin vəziyyətini başa düşürük. Hətta elə valideynlər var ki, bu pandemiya dövründə işlərini itiriblər və buna görə də növbəti il uşaqlarını məktəbdən çıxaracaqlarını bildiriblər, biz onların övladlarına belə təmənnasız olaraq dərs deyirik, daha doğrusu dərsləri davam etdiririk. Gələn ilin ödəniş məsələsini yəqin valideynlər düz başa düşməyib. Biz sadəcə gələn ilin planını tuturuq. Kimin övladının oxuyub-oxumamasını soruşuruq. Yəqin bunu pul tələbi kimi başa düşüblər”.

Məsələ ilə bağlı hüquqşünas Şamil Paşayev “BakuPost”a bildirib ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər:

“Pandemiya ilə əlaqədar tədrisinin dayandırılması, vətəndaşların ödənişdən azad olunması ilə bağlı hər hansı bir müddəa yoxdur. Ancaq ümumi olaraq, ölkə başçısı səviyyəsində sahibkarlara tövsiyələr verilib. Dövlət paketinin hazırlanması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın qarşısında tapşırıqlar qoyulub. Həmin tapşırıqlar əsasında sahibkarlara müəyyən güzəştlər edilir. Bu bütün strukturlara şamil olunub. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 4-cü maddəsində göstərilir ki, bütün hüquqi və fiziki şəxslər qanunla hüquq və azadlıqlarının təmin etmək məqsədilə məhkəmələrə müraciət edə bilərlər”.

Hüquqşunas qeyd edib ki, təhsil haqqının ödənilməsi ilə bağlı müqavilədəki müddəalara nəzər yetirmək lazımdır:

“Müqavilədə göstərilən xidmətlərə görə ödənişlər olunub. 3 ay ərzində uşaqlar məktəbə getməyibsə, müqavilədəki yol xərcləri, yemək xərcləri, əlavə xərclərlə bağlı müddəalara nəzər yetirmək lazımdır. Məktəb öz alacağı pul müqabilində öhdəliyini həyata keçiribmi, keçirməyibmi… bunların hamısı nəzərdən keçirilməlidir. İstənilən halda vətəndaşlar məsələ ilə bağlı məhkəməyə müraciət etməlidilər. Məhkəmədə bu halları müqayisələndirə bilərlər”.

Valideyinlər onu da iddia edirlər ki, pandemiyadan əziyyət çəkənlərə dövlətin ayırdığı yardımdan Müasir İnnovasiyalar Liseyi də yararlanıb.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=147157

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2020
BE ÇA Ç CA C Ş B
« Apr    
 123
45678910
11121314151617
18192021222324
25262728293031