Təhsil Nazirliyindən xüsusi tapşırıq: Müəllimlərin işə çıxması, şagird qəbulu, qiymətlərin yazılması…

02.06.2020 - 23:08

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva rayon (şəhər) təhsil şöbələrinə, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə və birbaşa tabeliyində olmayan digər ümumtəhsil müəssisələrinə təlimat məktubu ünvanlayıb.

Məktubda bildirilir ki, Nazirlər Kabinetinin 30 may 2020-ci il tarixli 227s nömrəli Sərəncamına əsasən qanunvericiliklə müəyyən edilmiş xüsusi karantin rejiminin qaydalarına riayət olunmaqla, təhsilalanların qiymətləndirilməsi (attestasiyası), uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu ilə bağlı imtahan, müsabiqə və müsahibələr, müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaşların qəbulu, tədris və təlim-tərbiyə prosesi ilə birbaşa əlaqəsi olmayan digər tədbirlər istisna olmaqla, 2019-2020-ci tədris ilinin sonunadək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb.

Cari dərs ilinin yekunu ilə əlaqədar ümumi təhsil müəssisələrinin fəaliyyəti aşağıda qeyd olunan qaydada tənzimlənir:

1. Ümumi təhsil müəssisələrində mövcud vəziyyətlə əlaqədar təxirə salınmış müxtəlif istiqamətlər üzrə fəaliyyətlərin və bütün tədbirlərin icrası müddətində əmək fəaliyyətini iş yerində yerinə yetirməyən əməkdaşlar məsafədən işə cəlb edilir. Ümumtəhsil müəssisəsinin rəhbərinin mülahizəsinə əsasən iş yerində işə cəlb olunması zəruri hesab edilən əməkdaşlar müəyyən edilərkən aşağıdakı hallar nəzərə alınır:

– öhdəsində azyaşlı (7 yaşınadək) uşağı olan, yaşlılara və tibbi yardıma ehtiyacı olan şəxslərə qulluq edən əməkdaşlar;

– yaşı 65-dan yuxarı olan əməkdaşlar;

– eyni zamanda mövcud şəraitlə əlaqədar işlədiyi ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidən kənar rayonda (şəhərdə) olan əməkdaşlar məsafədən işə cəlb edilir.

2. Cari ilin 2-15 iyun tarixlərində təhsilalanların illik qiymətlərinin və digər sənədlərin yazılması prosesinə ümumi təhsil müəssisəsinin direktoru tərəfindən müəyyən edilmiş növbəli qrafik üzrə və sanitar-epidemioloji qaydalara ciddi riayət etməklə (sosial məsafənin gözlənilməsi, tibbi maskadan istifadə edilməsi, otaqların mütəmadi havalandırılması və s.) təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, zərurət yarandıqda müəllimlər cəlb olunurlar.

3. Digər ümumi təhsil müəssisəsinə yerdəyişmə üçün müraciət edənlərin yerdəyişməsi ilə bağlı məsələlərə yalnız təhsilalanların cari tədris ilində illik qiyməti müəyyən edildikdən sonra baxılır. İllik qiyməti  (qiymətləri)  ilə  razılaşmayan, üzrlü və ya üzrsüz  səbəbdən biliyi qiymətləndirilməyən təhsilalanların yerdəyişməsinə müəyyən edilmiş qaydalar əsasında hazırda təhsil aldığı ümumi təhsil müəssisəsində yenidən qiymətləndirmədə iştirak etdikdən sonra baxılır.

4. 2020-2021-ci dərs ili üzrə I sinfə elektron qaydada ərizələri qeydə alınmış uşaqların sənədlərinin ümumi təhsil müəssisəsi tərəfindən qəbulu prosesinə cari ilin avqust ayının II yarısından başlanılır.

5. Xüsusi istedadlı şagirdlərlə işləyən ümumi təhsil müəssisələrinin (lisey, gimnaziya və s.) I siniflərinə şagird qəbulu cari ilin iyun ayından, digər siniflərə şagird qəbulu isə cari ilin avqust ayının II yarısından başlanılır.

6. 2019-2020-ci dərs ilində IX və XI siniflərdə təhsil alan şagirdlərin 15 – 30 iyun, II-IV, VI-VIII və X siniflərdə təhsil alan şagirdlərin 1-15 avqust, I və V siniflərdə təhsil alan şagirdlərin 1-15 sentyabr tarixədək dərslikləri ümumi təhsil müəssisəsinə təhvil verməsi təmin edilməlidir. Dərsliklərin təhvil alınması proseduru sanitar-epidemioloji qaydalara (sosial məsafənin gözlənilməsi, tibbi maskadan istifadə edilməsi və s.) riayət etməklə ümumi təhsil müəssisəsinin direktoru tərəfindən müəyyən edilmiş qrafik üzrə icra olunur.

7. Naxçıvan Muxtar Respublikası, Bakı və Şirvan şəhərləri üzrə IX sinif buraxılış imtahanlarının I mərhələsində iştirak etmiş, lakin topladığı bal ilə razılaşmayaraq yenidən buraxılış imtahanlarında iştirak etmək istəyən və bununla bağlı müvafiq qaydada (30 gün müddətində) təhsil müəssisəsinin rəhbərinə ərizə ilə müraciət etmiş təhsilalanların attestatları imtahandan sonra təqdim edilməlidir.

8. Ümumi orta təhsil səviyyəsi üzrə orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak edəcək şagirdlər istisna olmaqla, mövcud şəraitlə əlaqədar təhsil aldığı ümumi təhsil müəssisəsini yerləşdiyi ərazidən kənar rayonda (şəhərdə) olması səbəbi ilə yayda keçiriləcək buraxılış imtahanlarında iştirak etməyən IX sinif şagirdləri Dövlət İmtahan Mərkəzi tərəfindən cari ilin sentyabr ayında təşkil olunacaq buraxılış imtahanlarında iştirak edə bilərlər.

9. Ümumi orta və tam orta təhsil səviyyələri üzrə attestatların “Saatların ümumi miqdarı” bölməsində Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli, 479 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası”na uyğun olaraq təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların (o cümlədən cari dərs ili üçün IX və XI siniflərin tədris planında nəzərdə tutulmuş hər bir fənn üzrə illik saatların) ümumi miqdarı qeyd edilir.

10. I-XI siniflər üzrə təhsilalanların şəxsi işlərində cari ilin iyun ayı ərzində müvafiq qeydlər aparılır. İllik qiyməti (qiymətləri) ilə razılaşmayan, üzrlü  və ya üzrsüz səbəbdən biliyi qiymətləndirilməyən V-VIII və X siniflər üzrə təhsilalanların şəxsi işlərində müvafiq qeydlər cari ilin 20-29 avqust tarixlərində təşkil olunacaq məktəbdaxili qiymətləndirmələrin nəticələri müəyyən edildikdən sonra aparılır.

11. Şagirdlərin sinifdən sinfə keçirilməsi, məzunların dövlət sənədlərinin  verilməsi və zəruri hesab edilən digər məsələlər ümumi qaydada pedaqoji şuranın müvafiq qərarı və təhsil müəssisəsi üzrə əmrlə rəsmiləşdirilir/APA.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=147608

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031