Bakıda “sükut günü”: nəinki cüt-cüt, hətta tək-tək gəzmək də yasaqdır – FOTOLAR

06.06.2020 - 13:23

Tarix 2020. Altıncı ayın 6-cı günü. Bakıda rəsmən “sükut günü”dür. Bu anlayışdan ölkəmizdə hər seçki ilində, ümumxalq səsverməsinə 1 gün qalmış istifadə olunur. İndisə nə seçki var, nə səsvermə…

Sadəcə, dünyanı bürüyən koronavirus pandemiyasına ölkəmizdə yoluxanların son günlər kəskin artması paytaxt başda olmaqla Gəncə, Lənkəran, Sumqayıt və Abşeronda həftəsonu iki günlük sərt karantin rejimi tətbiq edilməsinə səbəb olub. Nəticədə yuxarıda qeyd etdiyimiz mənzərə yaranıb.

Musavat.com-un əməkdaşları olaraq sərt karantin rejiminin ilk günü Bakı küçələrində müşahidələr apardıq, son vəziyyətlə tanış olduq.

Gördüklərimizdən gəldiyimiz qənaət ondan ibarətdir ki, Bakı xüsusi karantin rejimi günlərində bu cür səssiz-səmirsiz, sakit, yollar bomboş olmamışdı. Hazırda şəhərin yollarında tək-tük, az-az maşınlar gözə dəyir. Onlar da işləmək icazəsi olan istisna şəxslərin avtomobilləridir.

Küçələrdə polis və daxili qoşunların əsgərləri hər addımbaşı qarşımıza çıxmadılar. Əsasən mərkəzi yerlərdə yoxlamalar var.
Sərt karantin rejiminin tələbinə uyğun olaraq, şəhərdə nə mağazalar, nə kafelər, nə digər obyektlər açıqdır. Həmçinin köşklər, apteklər, gözəllik salonları, küçə ticarəti ilə məşğul olanların piştaxtaları – bir sözlə, hər yer qapalıdır. Bakı təməli qoyulandan bəri ilk dəfə belə sakit, səssizdir.

Hər gün qaynayan, tıxacların çəngində olan şəhərdə indi inc-cins yoxdur. Küçələri gəzərkən adda-budda adamlar görmək olur ki, onlar da qəribə nəzərlərlə, təəccüblə bir-birinə baxırlar, düşünürlər nə əcəb insanlar küçəyə çıxırlar.

Müşahidə etdiyimiz Yasamal, Nizami rayonları ərazisində, o cümlədən aeroport yolunda küçələrin, yolların bomboş olduğunu gördük.

Bundan başqa, polis əməkdaşları paytaxtda binaların həyətlərində avtomobillərlə dolaşaraq xüsusi səsgücləndiricilər vasitəsilə “evdəqal” çağırışı edir.

Küçələrdə müşahidə etdik ki, polislər küçələrdə gördükləri insanlardan hansı səbəbdən evdən çıxdıqlarını soruşur, sənədlərini yoxlayırlar. İcazəsiz evdən çıxanlar isə cərimələnirlər.

Şəhərin mərkəzində nəzarət daha da güclüdür. Xüsusilə də ticarət mərkəzlərinin olduğu ərazilərdə polis nəfərləri daha çoxdur. Adi karantin günlərindən fərqli olaraq indi insanların yaşadıqları binanın həyətinə də çıxmadıqlarını gördük. Hər binanın eyvanından baxan xeyli sayda sakin görmək mümkündür. Onlar da küçədən kiminsə keçdiyini gördüklərini halda bir sualı verirlər: “Şəhərdə hərəkət var?”.

Əvvəlki karantin günlərində binaların həyətlərində insanların samovar qaladıqları, sosial məsafəni gözləmədikləri yerlərdə indi avtomobillər dayanıb. Şəhər əhalisi harada boş yer varsa, avtomobilini orada saxlayıb. Hətta məhəllə arasında üzərinə “oddan təhlükəlidir” yazısı yazılan iri tonnajlı maşınlar da görmək mümkündür.

Bakı küçələrində hərəkətdə olan avtomobillərin də əksəriyyəti bu günlərdə çölə çıxmağa icazəsi olan idarə və müəssisələrin xidməti avtomobilləri, avtobuslarıdır. Eyni zamanda küçələrdə tez-tez ambulans da görmək mümkündür. Beləcə, Bakı əhalisi 2 günlük sərt karantin rejiminə hələ ki əməl edir. Çölə çıxan demək olar ki, yoxdur, çünki getməyə yer də qalmayıb…

Qeyd edək ki, bu gün saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində küçəyə çıxmaq qadağan edilib. Sözügedən qaydanı pozaraq evdən çıxanlar cərimə oluna və hətta həbs edilə bilərlər.

Əli Rais,
Emil Salamoğlu,
Musavat.com,
Fotolar müəlliflərindir

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=147831

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930