Vaqif Mustafayev İo Kio baba rolunda: “Sadə Həqiqətlər”in sadə gerçəyi

21.06.2020 - 23:56

Əməkdar jurnalist, tanınmış teleaparıcı Ləman Ələşrəfqızı Space TV-nin “Sadə Həqiqətlər” verlişi ilə bağlı maraqlı fikirlər irəli sürüb. Xanım jurnalistin həmin fikirlərini cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq:

“Deməli, Spase TV-nin bir “Sadə həqiqətlər” verilişi var. Aparıcı Vaqif Mustafayevdir, İo Kio baba kimi fokus-mokusla məşguldur, gözə görünmür, kadrlarda ancaq əlləridir, özü də o qədər uzun ki, hətta gedib Cümhuriyyət dövrünə də çıxır.  Sonuncu verilişində də tarixi ittiham etməklə məşğul olub, üstəgəl çox hörmət etdiyim dostumuz Vasif Qafarovu da sanki müttəhim kürsüsündə əyləşdirməklə. Əslində mənim üzüntüm Vasif Qafarov sarıdandır. 

12 il Türkiyə arxivlərində işləyən, belə bir qiymətli materiallarla vətənə dönən, İrəvanın verilməsinin tarixi zərurət olduğunu dəfələrlə müsahibələrində açıqlayan Vasif qardaşım gərək İo Kİo babanın hakim olduğu məhkəmə zalını dərhal tərk edəydi. Adam ağzını açıb ” əziz tamaşaçılar, Vasif müəllimin işıqlı simasına diqqətlə baxın, o sizlərə hələ tanış deyil. Amma Sadə həqiqətlərin bu buraxılışından sonra siz Vasif müəllimi yaxşı tanıyacaqsız” deyəndə tarixçi qardaşımız durub o verilişdən çıxmalıydı. Təəssüf ki, Vasif Qafarov bunu sadə həqiqət kimi qəbul etdi və hətta gülümsədi də. Daha İo Kio babaya demədi ki, a kişi, sənin başın hind filmlərinə o qədər qarışıb ki, hardan biləsən məni kim tanıyır, kim yox?!

Hələ bu azmış kimi Vasif müəllim tarixçi həmkarlarını da məyus edən mövqe ortaya qoydu. Tarixi gerçəkliyə göz yumaraq, bilə-bilə ki, İrəvanın verilməsi vəziyyətdən yeganə çıxış yolu idi. Şəxsən özü mənə müsahibəsində bunu dəfələrlə vurğulamışdı ki, Bakı bolşevik daşnakların işğalı altında idi.

Mart qırğınları törədilmişdi, Şamaxı başda olmaqla neçə neçə qəzada minlərlə insan qətlə yetirilmişdi, Qarabağda vəziyyət gərgin olaraq qalırdı və belə bir məqamda erməni məsələsi həllini tapmalıydı. İrəvanın verilməsi tarixi gerçəklik idi deyən adam indi bir ortabab televiziya adamının qabağında lal dinməz dayandı.

Niyə Vasif Qafarov? Bunu sizin xətrinizi dünyalar qədər istəyən biri olaraq yox, həm də bir jurnalist kimi soruşuram. Bu Şahrux heyranı adamın özünü şah kimi apardığı verilişdə siz niyə rəiyyət kimi davrandız? Hanı sizin iti diliniz ki, cəmi iki həftə əvvəl bir saatlıq canlı verilişdə biz onu kəsə bilmirdik? Sizi susdurmaq sadəcə mümkün deyildi . Amma indi susdunuz, günahkar kimi? Niyə də, axı niyə?

Səhv etmirəmsə Mehriban Vəzir yazmışdı ki, mayın 28-də Cümhuriyyət günündə Anar İsgəndər çıxışında bir dəfə də olsun Rəsulzadənin adını çəkməyib. Bunu deputat mandatı ilə əlaqələndirmişdilər. Oxudum, çox pis oldum. Yaxşı, indi sizə nə oldu?

Parlamentə yol bilirəm ki, İo Kio babaların sehirli çubuğu ilə həllini tapır. Amma o çubuq axı Vaqif Mustafayevin əlində deyil. Hətta olsa da belə, sizə belə aqibət arzulamıram. Ən yaxşısı tarixçi olub tarix danışın, deputat olub nağıl danışmaqdansa. Əminəm ki, incimədiniz…”

Ləman Ələşrəfqızının yazısına əlavə olaraq cumhuriyyet.az bildirir ki, “Sadə həqiqətlər”in missiyası uğursuz oldu. Missiyanı yerinə yetirənlərin məqsədi iflasa uğradı, təbii olaraq əks nəticə doğurdu. Cəmiyyətə həqiqət adına təlqin etdirilməyə cəhd edilən mülahizələr təzadlığı, bəsitliyi, qərəzliyi ilə tarixi bilgisi cüzi olan şəxsdə belə en azından kinayə doğura bildi. Cümhuriyyət qurucularının mürəkkəb bir şəraitdə taleyüklü məsələlərin həllində tutduqları mövqeyi imtiyazlı kürsüdən gözə görünməyən aparıcının ( bəlli bilinsə də, kim olduğunun əhəmiyyəti yoxdur, çünki belə xidmət sahibləri yetəri qədərdir) ittihamçı ədası ilə “sadə” tərzdə xülasələndirmək məharəti acı istehzadan savayı bir reaksiya doğura bilməz. Həqiqətin sadəsi, mürəkkəbi olmur. Həqiqətin bir üzü olduğu üçün çox zaman acı hisslər yaradır, amma “Space” tv kanalında iyunun 19-da təqdim olunan “Sadə həqiqətlər”in yaratdığı hiss veriliş müəllifi adına əhəmiyyət verilməyəsi bir boşluq tutumlu idisə, müsahib həmkarımız adına dərin bir ağrı idi ki, məhz bu reaksiyanı verməyimə səbəb oldu. Tarixçi-tədqiqatçının vəzifəsi tarixə nə vəkillik etmək deyil, nə də tarixi ittiham etmək. Elmilik prinsipləri hakimiyyətin niyyətindən, cəmiyyətin arzusundan ali tutulanda irəli sürülən müddəalar qərəzli və məqsədli qarşılana bilməz. Verilişdə müasirliklə aparılan müqayisələr, daha dəqiqi 100 il əvvələ kobud bayağı müdaxilələr gülünc “şərhçilik” fonunda müsahib həmkarım adına yumşaq söyləsəm məyusluq yaratdı. Elminə, savadına, qabiliyyətinə dəyər verdiyim həmkarımın daha dərin məyusluq keçirdiyini güman edərək belə hadisələrin təkrarlanmaması məqsədilə ibrət götürməyi lazım bilirəm: xalqın faciəli tarix səhifələri üzərindən siyasi möhtəkirlik etməyə təşviq edənlərə qarşı qəti mövqe bildirmək! Siyasi möhtəkirlərin elmə müdaxiləsinə imkan verməyin mənəvi, elmi, eləcə də siyasi əxlaqa zidd olduğunu daim diqqətdə saxlamaq!
Siyasi möhtəkirlərin diqqətə almalı mühüm bir məqam var: daxildə düşmən axtarmaq xarici düşmənləri nəinki sevindirir, növbəti həmlələri üçün zəmin yaradır. Daxildə düşmən ovuna çıxmaqdansa cəmiyyətin mənəvi birliyinə hədəflənmək lazımdır. Bunun yolu zor və təhdiddən deyil, sağlam düşüncədən, real yanaşmadan, tərəfsiz təhlildən, ədalətli davranışdan keçir. Cəmiyyətimizi mütəşəkkil edə biləcək real, həm də zəruri bir platforma mövcuddur: Ərazilərimizin azadlığı uğrunda mübarizə! Bu müstəvidən kənara çıxmaq istəyən ölkə vətəndaşının olması istisna sayıla bilər. Belə zəmində vətəndaş birliyi zamanın tələbi, xalqımızın yeganə qurtuluş imkanıdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=148580

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930