Onlayn Qurban Bayramı

31.07.2020 - 12:30

Bu gün və sabah müsəlman dünyasında Qurban Bayramı qeyd edilir.

Virtualaz.org xəbər verir ki, pandemiya səbəbindən bu bayram əvvəlki illərdə olduğundan fərqli keçirilir. Qurbanlıq heyvanların alınması və kəsilməsi ilə bağlı qaydalar müəyyənləşdirilib. Əhalinin kütləvi toplanması və yoluxma ehtimalı nəzərə alınaraq qurbanlıq heyvanların satış bazarına icazə verilmir. Vətəndaşlar ət satışı məntəqələrindən, müxtəlif marketlərdən və Kənd Təsərrüfatı Nazirliyinin onlayn satış platforması üzərindən heyvan ala bilirlər.

Nazirlikdən verilən məlumata görə, hər bir vətəndaş onlayn qaydada ən çoxu beş qurbanlıq heyvan ala bilər. Bunun üçün Bakıda 9, Sumqayıtda 1 məntəqə ayrılıb. Onlayn satışa çıxarılan heyvanın qiyməti çəkisinə görə dəyişir, satışda 27 kiloqramdan 40 kiloqrama qədər qoyunlar var. Ət satışı məntəqələrində isə daha çox çəkisi az olan heyvanlar satışdadır.

Suraxanı rayonu, Hövsan qəsəbəsindəki ət dükanlarının satıcıları deyiblər ki, builki bayramda daha çox 180-250 manatlıq qoyunlar satılır. Diri çəki 6 manat 50 qəpikdən, ətin kiloqramı isə 13 manatdan təklif edilir. “Əksəriyyət 15-20 kiloqramlıq qoyun axtarır, 150 manatdan aşağı qoyun tapmaq çətindir. Hələ qurbanlıq quzu alanlar da var”,-satıcılardan biri deyib.

Arif adlı satıcı bildirib ki, heyvanlar əvvəlki illərdəki kimi küçədə, yol kənarlarında deyil, qapalı yerlərdə saxlanılır. Alıcı çəkini və qiyməti deyir, ona uyğun heyvan gətirilir, kəsilir, doğranılıb verilir. Diri heyvan almaq istəyənlər də var.

“Bizə dedilər ki, nəzarət olacaq, koronavirusa görə sıxlıq yaranmamalıdır. Ətin kiloqramını 50 qəpik-1 manat aşağı deyirik ki, təki alınsın. Hər il Qurban Bayramından sonra azı bir həftə satış olmur. Bayramı gözləyirik ki, biz də beş-on manat qazanaq”,- Arif əlavə edib.

Xətai rayonu, Gəncə prospektində də yol kənarlarında diri heyvanların satışına rast gəlinmir, halbuki hər il bayram öncəsi ət sallaqxanalarının, kəsim məntəqələrinin qarşısında heyvanlar saxlanılırdı. Satıcılar deyirlər ki, bir-iki gün əvvəldən sifariş verənlər bu gün gəlib qurbanlıq heyvanlarını aparırlar. “Dünən 11 qoyun satmışıq, şükür-pis deyil. Hələ də qurbanlıq qoyun alanlar var”,- satıcılardan biri deyir və əlavə edir ki, nişanlı qızın evinə qurbanlıq heyvan aparmaq adəti var olunca, alıcı tapmaqda çətinlik çəkməyəcəklər. Məsələn, dünən bir nəfər 320 manata qoç alıb. Satışda keçi və iribuynuzlu qurbanlıq yoxdur. Satıcılar onu da bildiriblər ki, bu il ümumiyyətlə keçi ilə maraqlanan olmayıb.

Nərimanov rayonundakı “Yaşıl bazar”ın ətrafındakı mağazalarda isə qurbanlıq qoyunların çəkisi 13 manat 50 qəpikdən təklif edilir. Satıcılar bildiriblər ki, diri heyvan satışına icazə verilmir, heyvanı başqa ərazilərdə kəsib gətirirlər. “Düzü, satış çox da yaxşı getmir. Baxırsan ki, çoxları diri heyvan istəyir, bizim camaat belədir, gərək aldığı heyvanı gözü ilə görsün”,- Kənan adlı satıcı deyib.

Bakıətrafı kənd və qəsəbələrdə yol kənarlarında qurbanlıq qoyun satışı ilə bağlı elanlar verilib. Hövsan-Türkan yolunun üstündə yol kənarında qoyun satılır. Satıcı deyib ki, cəmi 10-15 qoyunu var: “Burda kütləvi alqı-satqı yoxdur ki, kimsə virusa yoluxsun. Maşınla yoldan keçənlər saxlayıb qiymətlərlə maraqlanırlar. İstəyən olsa, pulunu verib alıb aparacaq”.

Alqı-satqı saytlarında da qurbanlıq qoyunlarla bağlı elanlar yerləşdirilib. Keçilərin qiyməti 150-200, qoyunlarınkı 150-420 manat arasında dəyişir. Hətta istəyə uyğun heyvanı qırmızı geyindirib, gözmuncuğu ilə bəzəyənlər də var. Bunun üçün əlavə 20-30 manat ödənilməlidir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi Qurban Bayramı ilə əlaqədar vətəndaşlara müraciət edib. Müraciətdə deyilir ki, bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında əvvəlki illərdən fərqli olaraq, kütləviliyə, insanların sıx toplaşmasına, müəyyən edilmiş yerlərdən kənarda satışa və kəsimə icazə verilməyəcək. Xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi bütün qaydalara riayət edilməsi vətəndaşlardan bir daha tələb olunur.

Short URL: http://www.cumhuriyyet.net/?p=151382

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31