Onlayn təhsilin uzaq fəsadları: çıxış yolu nədir?

25.12.2020 - 10:23

Pandemiya ilə bağlı tətbiq olunan sərt karantin rejimi və bir çox ictimai yerlər kimi ali və orta məktəblərin də bağlanması, şagirdlərin onlayn təhsilə keçməsi ilə nəticələnib. Lakin Azərbaycanda uzun illərdir distant təhsillə bağlı alt yapı qurulmadığından bu gün istər şagird və müəllimlər, istərsə də ali məktəb tələbələri prosesdə çox problem yaşayırlar.

Artıq bu ilin mart ayının sonundan etibarən məktəblərlə bağlı yaşanan problemlər bir nəslin yetərincə keyfiyyətli təhsildən kənarda qalmasına gətirib çıxarıb. Valideynlər də bu durumdan narahatlıqlarını zaman-zaman mediada, sosial şəbəkələrdə ifadə edirlər. Bir tərəfdən ölkədə sürətli internetin olmaması, digər tərəfdən, ailələrin lazımi texniki avadanlıqlara sahib olmaması, uşaqların onlayn təhsilə daha az maraq göstərməsi, müəllimlərin bir qisminin bu prosesdəki səriştəsizliyi ciddi problemlərə gətirib çıxarır ki, bu da gələcəkdə özünü əmək bazarındakı mütəxəssislərin peşəkarlığında, ixtisaslı kadr çatışmazlığına səbəb olacaq.

Belə ki, dekabrın 19-da “Virtual məktəb”də Təhsil Nazirliyi milli qiymətləndirmə keçirib. Milli qiymətləndirmə təhsil prosesinin təşkili, planlaşdırılması haqqında toplanmış məlumatlar vasitəsilə kurikulumun keyfiyyətini və təhsil sistemində baş verən dəyişiklikləri dəyərləndirmək məqsədilə həyata keçirilib. Milli qiymətləndirmə 4-cü, 6-cı və 9-cu siniflərdə tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə keçirilib. İmtahanın şəffaflığı şagirdlərin özlərinə həvalə edilib. Lakin görünən odur ki, vəziyyət heç də ürəkaçan olmayıb. Onlayn formada həyata keçirilən imtahanda şagirdlər arasında kənardan kömək alaraq sualları cavablayanlar kifayət qədər çox olub. Bu işdə onlara qohumlar, valideynlər, tanışlar, bəzi hallarda müəllimlərinin özü də köməklik göstərib. Daha bir məqam isə imtahan günü yaşanan texniki problemlərlə bağlı olub. Belə ki, şagirdlər dərslərinə bir neçə aydır “Virtual məktəb” platformasından davam etsələr də, əvvəlcədən təlimatlandırma olmadığına görə imtahan günü çaşqınlıq içində qalanlar olub. Eyni zamanda da bir sıra yerlərdə internet, işıq problemi yaşanıb, şagirdlər testləri tamamlaya bilməyiblər.

Şahlar Əsgərov: “Təhsili gündən-günə mürəkkəbləşdirirlər”

Şahlar Əsgərov: “İnternetin sürətini, həcmini, qiymətini tənzimləməklə Rabitə Nazirliyi də bu prosesdə iştirak etməli idi”

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan təhsil eksperti Şahlar Əsgərov bildirdi ki, onlayn təhsilin ortaya qoyduğu problemlərim bir neçə səbəbi var: “Onlayn təhsilin yaratdığı problemlər zaman-zaman müzakirə olunur və təhsilə rəhbərlik edən insanlar da bilir ki, üzbəüz təhsillə müqayisədə məsafədən təhsil daha effektsizdir. Bəlkə də ali təhsildə bu müəyyən qədər effekt verə bilər, ancaq orta təhsildə bu çox mürəkkəbdir. Çünki birinci növbədə əhatəsi çox böyükdür, ikincisi internetin imkanları bizdə azdır, inkişaf etmiş ölkələrdə olduğundan zəifdir, üçüncüsü ailələrdə internetlə distant təhsilə qoşulmaq üçün lazım olan avadanlıqların qıtlığı var. Təhsilə rəhbərlik edən şəxslər də bunu bilir. Ancaq bizim başqa bir variantımız varmı? Yox. Başqa seçim olmadığına görə biz buna məhkumuq. Məktəb özü bir dəyərdir, ancaq sağlamlıq məktəbə baxanda daha ali dəyərdir. Əgər sağlamlığı ya məktəbi qurban vermək seçimi qarşısında qalsaq, məktəbi qurban verməliyik. Sağlamlıq yoxdursa, təhsilin də əhəmiyyəti qalmır.

Lakin onlayn təhsildəki problemlərin də həllinə çalışmalıyıq. Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri kimi biz də videokonfranslar keçirəndə cənab nazirə də dedim ki, Rabitə Nazirliyi ilə danışıqlar aparın, ortaq sənəd imzalayın. Distant təhsilin verilməsində müəyyən məsuliyyəti də Rabitə Nazirliyi öz üzərinə götürməli idi. İnternetin sürətini, həcmini, qiymətini tənzimləməklə o  da bu prosesdə iştirak etməli idi. Onların arasında belə bir memorandumun olub-olmadığını bilmirəm. Biz Şərq ölkəsiyik, yüksək texnologiyaları biz yaratmamışıq, ancaq onları sürətlə mənimsəməliyik”.

Onlayn imtahanda şagirdlərin kənardan kömək almasına gəlincə, təhsil eksperti bunun səbəbini təhsilin mahiyyətinin cəmiyyətdə düzgün anlaşılmaması ilə əlaqələndirdi: “Bütün dünyada belə başa düşülür ki, uşaq məktəbə öyrənməyə gedir, bizdə isə deyirik ki, oxumağa gedir. Oxumaq və öyrənmək sözlərinin arasında çox böyük fərq var. Əgər bunun fərqində olsa ona kənardan kömək etməz, onun üçün də maraqlı olar ki, görüm uşağım nə öyrənib, nə bilir. Oxumaq sözündə nə qədər desən manipulyasiya var, öyrənmək də isə yoxdur. Biz terminləri düz seçməmişik, bəlkə də qəsdən bunu şüuraltımıza yerləşdiriblər. Valideyn uşağın oxumağına yox, öyrənməsinə çalışmalıdır”.

Kamran Əsədov: DİM-ə qarşı məhkəmə iddiası qaldıracağam

Kamran Əsədov: “Dərsliklər ənənəvi təhsilə hesablanıb, müəllimlər bu informasiyaları onlayn şəkildə ötürməkdə, şagirdlər isə mənimsəməkdə əziyyət çəkirlər”

Təhsil eksperti Kamran Əsədov da vurğuladı ki, əsas problem bizim onlayn təhsil sistemi ilə ənənəvi təhsil proqramını çatdırmağa çalışmağımızdır: “Halbuki onlayn təhsil sisteminin özünün verməli olduğu informasiyalar var. Biz hazırda orta təhsil məktəbi bazasında ənənəvi qaydadakı informasiyanı distant qaydada çatdırmağa çalışırıq. Bu zaman şagirdlər zəruri bilik və bacarıqlara yiyələnə bilmirlər. Çünki həmin informasiyalar ənənəvi qaydada şagirdlərə çatdırılmalıdır. Uzun illər ərzində yazılan dərsliklər, formalaşdırılan informasiyalar yalnız ənənəvi təhsilə hesablanıb. Bu gün həm müəllimlər bu informasiyaları onlayn şəkildə ötürməyə əziyyət çəkirlər, həm də şagirdlər mənimsəməkdə əziyyət çəkirlər. Bu da şagirdlərdə, tələbələrdə ciddi şəkildə informasiya qıtlığına gətirib çıxarır. Bizim indiyə qədər mövcud olan dərsliklərimiz ənənəvi təhsil üçün nəzərdə tutulub, biz onlayn təhsil üçün material hazırlamamışıq. Biz ilk növbədə informasiyanın mənbəyi olan dərslikləri dəyişməliyik ki, şagirdlərdə formalaşmalı olan informasiyaları onlara onlayn qaydada çatdıra bilək. Tələbələr və şagirdlər üçün yeni elektron platformalar yaratmalıyıq. Onlayn təhsildə uşaqların sosiallaşması da yox dərəcəsindədir, onlara psixoloji xidmət də olmalıdır”.

Ekspert onu da vurğuladı ki, bizdə onlayn tədrisin nəticələrini yoxlamaq üçün lazımi alətlər də yoxdur: “Yoxlama, ölçmə alətləri yoxdur. Dekabrın 19-da keçirilən imtahanda şagirdlərin ənənəvi qaydadakı bilikləri yoxlandı, bu da çox qüsurlu keçdi, uşaqlardan çox valideynlər və müəllimlər imtahanda  iştirak etdi. Onlayn təhsil üçün normal yoxlama, ölçmə alətləri olmalıdır. Bizi gələcəkdə tamamilə yeni bir tədris prosesi gözləyir. Şagirdlərə elə informasiyanı verməliyik ki, gələcəkdə əmək bazarında o informasiyaya ehtiyac olsun. Kadr hazırlığını da düzgün istiqamətdə qurmalıyıq, müasir dövrün tələblərinə uyğun qurmalıyıq. Araşdırmalarımız zamanı da görürük ki, bu formada dərs keçərkən əsas çatışmazlıq alətlərdir. Yəni kompüter, planşet, internet. Bunlar təmin olunduqdan sonra növbəti problem dərsliklərdir, biz dərslikləri dəyişməliyik. Müəllimlərimizin bu prosesə hazırlığı da əsas problemdir, çünki bir çoxları birmənalı şəkildə buna hazır deyillər. Müəllimlər də yeni təlim standartlarına uyğunlaşmalıdırlar. Gələcəkdə biz bütün təhsilin onlayn qaydada keçirilməsinə hazır olmalıyıq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158821

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031