“Hərbi qulluqçuların xidmət illərinə görə pensiya təyinatı zamanı ortada olan bəzi haqsızlıqlar aradan qaldırıılsın”

22.01.2021 - 20:57
Böyük Vətən Savaşında müzəffər Ali Baş Komandanın rəhbərliyi altında mənfur erməni işğalçı qüvvələri üzərində möhtəşəm qələbə qazanmasında bütün əsgər və zabitlərimiz əlindən gələni etdi və torpaqlarımız 44 gün ərzində işğaldan azad edildi. Üçrəngli Bayrağımız bu gün Şuşamızda və digər işğaldan azad edimiş ərazilərimizdə dalğalanır. Sentyabrın 27-dən başlayaraq həm Silahlı Qüvvələrimiz, həm də cəmiyyətimiz möhtəşəm birlik nümayiş etdirərək düşmənə və dünyaya Azərbaycan Xalqının, onun Silahlı Qüvvələrinin gücünü, Ali Baş Komandan dediyi kimi “Dəmir Yumruğu” nümayiş etdirdi.
Üstündən iki aydan bir qədər çox vaxt keçdikdən sonra isə bəzi yoldaşlar daha çox sosial media üzərindən ya bilərəkdən, ya da bilməyərəkdən, bəzi hallarda populizmdən irəli gələn bəzi şayiələri yayır, lazımsız diskussiyalara yol açır və bəzən müzəffər Silahlı Qüvvələrimizin adına və nüfuzuna xələl gətirə biləcək fikir formalaşdırmağa çalışırlar. Bu əlbəttə ki, əsla yolverilməzdir və qəbul edilməzdir. Sosial media üzərindən bu cür mövzular, bəzi dövlət və hərbi məsələlər heç bir halda müzakirə obyektinə çevrilməməli və bundan düşmənin faydalanmasına imkan verilməməlidir.
Bəli, heç kim deyə bilməz ki, hər şey ideal və yüksək səviyyədədir. Nöqsan və çatşmazlıqlar  olub, var və sayı yüz minə çatan hərbi kollektivlərdə iş olan yerdə mütləq çatışmazlıqlar mövcuddur. Təsadüfi deyil ki, bu müddət ərzində AR Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev öz çıxış və müraciətlərində dövlətimizin daim hərbi qulluqçuların problemləri ilə maraqlandığını, onların yaşayış səviyyəsinin və sosial rifahının yaxşılaşdırılması üçün müvafiq addımlar atdığını dəfələrlə xüsusi olaraq vurğulamış, Silahlı Qüvvələrlə bağlı bundan sonra da nə lazımdırsa ediləcəyini bir daha diqqətə çatdırmışdır. Yuxarıda haqqında danışılan bütün məsələlər təkcə xidmətdə olan insanlara aid deyil, eyni zamanda ehtiyata və ya istefaya buraxılmış, təqaüddə olan, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün şəxsi heyətinə aid olan məsələlər olduğundan onlar üzərində geniş dayanmağa ehtiyac görmürük.
 Bu sırada hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi Azərbaycan Respublikasının Konstitutsiyasının 43-cü maddəsinin 2-ci bəndinə, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci bəndinin 5-ci abzasına və 2-ci, 3-cü, 5-ci, 6-cı bəndlərinə, həmçinin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 4-cü, 6-cı, 8-ci abzaslarına, eləcədə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən tənzimlənir.
Göründüyü kimi fərman və qanunlar ehtiyata və ya istefaya buraxılmış, mənzillə təmin olunmayan hərbi qulluqçuların lehinədir.
Belə ki, ehtiyatda, istefada olan, evi olmayan və təqaüdə çıxdığı vaxtdan ailəsi ilə birgə kirayələrdə və ya tərxis olduqdan sonra məcburiyyət qarşısında qalaraq ipoteka yolu ilə aldığı mənzillərdə yaşayan hərbi qulluqçular mənzillə təmin olmaq məqsədi ilə son bir il ərzində bir neçə dəfə kollektiv şəkildə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının 1-ci Vitse Prezidentinə, Azərbaycan Respublikasının Baş Nazirinə, Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana), Müdafiə Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən yaradılmış Komissiyaya – Maliyyə Nazirliyinə məktublarla müraciətlər etmiş, 24.02.2020-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetində Təhlükəsizlik, Müdafiə və Səfərbərlik şöbəsinin müdiri vəzifəsini icra edən Bəhruz Məmmədovla görüş keçirmiş və təkliflər rəsmi qaydada B.Məmmədova verilmişdir. Bundan əlavə müraciətin bir nüsxəsi də Prezidentin hərbi məsələlər üzrə köməkçisi-müdafiə məsələləri şöbəsinin müdiri cənab general-polkovnik Məhərrəm Əliyevə pandemiya ilə əlaqədar poçt vasitəsiylə ünvanlanmışdır.
 Son günlər bəzi şəxslər tərəfindən tənqid hədəfinə çıxarılan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkib hissələrinin ünvanına yersiz ittihamlar səsləndirilir. Halbuki, həmən güc strukturları öz səlahiyyətləri çərçivəsində, heç bir qanun pozuntusuna yol vermədən onlara ünvanlanmış müraciətlərə vaxtında və qanunlar çərçivəsində baxaraq cavablar ünvanlamışdır. Bəzi dövlət qurumlarının  etməli olduğu və etdiyi işə nədənsə bəzi yoldaşlar heç bir hüquqi və mənəvi haqları olmadığı halda aşırı tənqid və əsassız ittihamlar ünvanlayırlar. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin struktur qurumları  “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci hissəsini əsas gətirərək Silahlı Qüvvələrin ehtiyatında olan zabitlərin mənzillə təminatının onların səlahiyyətləri çərçivəsində olmaması, mənzillə təmin edilməsi üçün yaşayış yeri üzrə qeydiyyata əsasən Rayon İcra Hakimiyyətinə və ya fərdi yaşayış evinin tikintisi üçün yerli Bələdiyyə nümayəndələrinə müraciət edilməsini, mənzil və ya torpaq sahəsi alınanadək Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğ və qaydaya əsasən kirayə haqqının dövlət hesabına ödənilməsini göstərir. Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi tapşırıqlarına əsasən Bakının və respublikamızın  şəhər və qəsəbələrində ən görməli və elit yerlərdə, bütün kateqoriyadan olan hərbi qulluqçular üçün çox sərfəli şərtlərlə ipoteka krediti ilə yaşayış mənzilləri tikilib istifadəyə verilmişdir. Bu istiqamətdə 2021-ci il ərzində də həm dövlət büdcəsində  müdafiə və təhlükəsizlik sahəsi ilə bağlı məsələlərdə, hərbi qulluqçuların sosial-rifah halının yaxşılaşdırılması üçün kifayət qədər ciddi maliyyə vəsaitləri nəzərdə tutulmuşdur. Silahlı Qüvvələrimizin Vətən Müharibəsində göstərdikləri zəfər və qələbə onu deməyə əsas verir ki, biz bu il ərzində də bir sıra sosial yönümlü məsələlərin həl ediləcəyini görə biləcəyik.
 Müraciət edən ehtiyatda olan hərbi qulluqçulara  Maliyyə Nazirliyindən gələn cavab məktublarında  bəzi məqamlar vardır ki, sözsüz ki, onlarla razılaşmaq mümkün deyildir. Məsələn, onlar göstəriblər ki, 20 ildən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsini nəzərdə turan  Azərbaycan Respublikası Prezidentinin  “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28.12.2011-ci il tarixli 569 nömrəli Fərmanının müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinə əsasən Silahlı Qüvvələrin tərkibinə daxil olan mərkəzi icra hakimiyyəti orqanlarından birinin, konkret olaraq isə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına şamil edilmədiyinə görə onlar dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməzlər. Əlbəttə ki, dövlət qurumunun bu cür yanaşmasını biz də tam qanunsuz, ədalətsiz və minlərlə  hərbi qulluqçunun özlərinin və ailələrinin hüquqlarının pozulması kimi  qəbul edirik. Amma, ədalət naminə onu da qeyd edək ki, bizdə olan məlumatlara görə artıq xeyli müddətdir ki, bu ədalətsiliyin aradan qaldırılması məsələsi gündəmdədir və gözləniləndir ki, artıq cari ildə bu məsələ öz müsbət həllini tapacaqdır.
Çox yaxşı  olardı ki, hərbi qulluqçuların xidmət illərinə görə pensiya təyinatı zamanı ortada olan bəzi haqsızlıqlar və ədalətsizliklər aradan qaldırılaydı. Məsələn, pensiya təyin edilərkən, Müdafiə Nazirliyinin hərbi qulluqçularına 20 təqvim ilindən artıq hər xidmət ilinə görə pul təminatının 3 faiz miadarında əlavə  hesablandığı halda, digər silahlı birləşmələr üçün bu əlavə nədənsə 2 faiz müəyyən olunur. Halbuki Vətən müharibəsi zamanı döyüş əməliyyatlarında Silahlı Qüvvələrin bütüm struktur qurumları tam bərabər əsaslarla döyüşürdülər, həmçinin Vətən müharibəsində xüsusi fərqləndiklərinə görə Azərbaycan Respublikası Prezidentinin ən yüksək dövlət təltiflərinə layiq bildiyi hərbi qulluqçuların sırasında Dövlət Sərhəd Xidmətinin, DİN-in Daxili Qoşunların da, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin və digər güc strukturlarının hərbi qulluqçuları da kifayət qədərdir..
Bu baxımdan hesab edirik ki, bu cür fərqli yanaşmalar müvafiq icra və qanunverici strukturlar tərəfindən aradan götürülməlidir. Bu məqamın özü, həm hərbi qulluqçular arasında bir qədər çaşqınlıq və bəzi hallarda haqlı narazılıq yaradır. 
 10.03.2020-ci il tarixdə yeni tərkibdə olan Milli Məclisin ilk iclasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev çıxışında ictimai nəzarət haqqında məsələyə toxunarkən, “Məlumatları Prezident Aparatına verin, göndərin məlumatları, indi Prezident Aparatında tam başqa bir vəziyyət vardır. O məktubları əvvəllər bəziləri gizlədirdilər, kimdən şikayət edirdilər məktubları da ona göndərirdilər, o da, şikayətçini əzirdi. İndi buna son qoyulur” bildirmişdi.
 Biz hesab edirik ki, müraciətlər cənab Prezidentə-Ali Baş Komandana və birinci Vitse-Prezidentə aidiyyatı üzrə ünvanlanmalı və müraciətlərin nəticələri barədə verilən cavablar səbrlə gözlənilməli və yalnız bundan sonra, lazım olacağı təqdirdə ictimailəşməlidir. Hərçənd ki, bu sırf müdafiə və təhlükəsizliklə bağlı olduğuna görə, son dərəcə diqqətli və ehtiyatlı olmaq gərəkdir.
 
Əsgər Qəribov,
Ehtiyatda olan zabit
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160177

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031