Üç əcnəbi minimal bal topladı, ikisi imtahandan çıxarıldı

06.03.2021 - 11:36

Dövlət İmtahan Mərkəzi xarici dil üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanları haqqında yekun məlumat paylaşıb.
Azvision.az xəbər verir ki, fevralın 14-də xarici dillər üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanları, fevralın 15-də isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçirilib.

İmtahanlarda 1 444 namizəd (1244 nəfər doktoranturaya qəbul, 195 nəfər fəlsəfə doktoru, 5 nəfər Azərbaycan dili imtahanı) iştirak edib. Ümumilikdə 96 nəfər imtahana gəlməyib. 2 nəfər imtahandan xaric olunub.

Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrinə əsasən 637 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb. 47 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş minimal keçid balını toplayıb. 3 əcnəbi iddiaçı Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilən minimal keçid balını toplayıb.

Bundan əlavə, DİM-ə müvafiq beynəlxalq dil sertifikatını təqdim edən 23 namizəd xarici dil imtahanından azad olunub. Həm doktoranturaya xarici dil üzrə qəbul, həm də xarici dil və Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. İmtahan blokları üzrə müəyyən edilmiş minimal bal məhdudiyyəti ləğv edilib.

Müvafiq qurumlarla razılaşdırılmaqla doktoranturaya xarici dillər üzrə qəbul imtahanı üçün minimal keçid balı 25 (35 olduğu halda nəticə 5 il qüvvədə olur), xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün minimal keçid balı 35, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün isə 25 bal müəyyənləşdirilib.

Namizədlərin imtahanda ilk üç blok (dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə) üzrə onlara təqdim olunan 40 ədəd test tapşırığının hər birinə düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Esse yazısı (və ya vizual məlumatın təsviri) isə maksimum 10 balla qiymətləndirilir.

Fevralın 14-də keçirilən xarici dillər üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanları ilə əlaqədar müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində yaradılmış Apelyasiya Komissiyası martın 1-dən 3‑dək namizəd və iddiaçılardan daxil olan onlayn apelyasiya müraciətlərini müvafiq xarici dillər üzrə ekspertlərlə birlikdə araşdırarkən heç bir test tapşırığında elmi-metodik nöqsan aşkar etməyib.

Doktoranturaya xarici dil üzrə qəbul imtahanı ilə bağlı 165 namizəd, xarici dil üzrə fəlsəfə doktoru imtahanı ilə bağlı isə 38 iddiaçı onlayn qaydada apelyasiya komissiyasına müraciət edib. Müraciətlər əsasən, yazı işlərinə yenidən baxılması, imtahanda keçid balının aşağı salınması və ya digər güzəştlərin edilməsi, müəyyən test tapşırıqlarının ekspertlər tərəfindən izah edilməsi, cavab kartının bəzi namizədlər tərəfindən düzgün kodlaşdırılmaması və digər məsələlərlə əlaqədar olub. Bütün müraciətlər DİM-in əməkdaşları və xarici dillər üzrə ekspertlər tərəfindən cavablandırılıb.

Test tapşırıqları ilə əlaqədar müraciət edən namizəd və iddiaçılara tapşırıqlar “Zoom” proqramı vasitəsilə onlayn qaydada və ya telefon vasitəsilə izah olunub. Namizəd və iddiaçıların yazı işləri (esse və ya vizual məlumatın təsviri) ilə əlaqədar müraciətləri də diqqətlə araşdırılıb, onların qiymət meyarlarına əsasən yoxlanılıb qiymətləndirilməsi, yazılarda yol verilən nöqsanlar müəlliflərə izah edilib. Apelyasiya Komissiyasının üzvləri bəzi yazı işlərində yol verilən səhvlərin əsasən metodiki və mexaniki xarakterli olmasını və namizədlərin imtahana hazırlaşarkən söz ehtiyatlarını artırmağa və dil qaydalarını mənimsəməyə lazımınca diqqət yetirmədiklərindən qaynaqlandığını bildiriblər.

Qeyd olunmalıdır ki, yazı işləri yoxlanılarkən hər esse iki ekspert tərəfindən yoxlanılır, qiymət fərqi üç baldan çox olduqda iş üçüncü ekspertə göndərilir. Digər hallarda iki qiymətin ədədi ortası götürülür (misal üçün, ekspertlər 3 və 4 qiyməti qoyduqda, yekun qiymət 3.5 bal çıxarılır). Apelyasiya komissiyasına müraciət edənlərin yazı işləri iki ekspert tərəfindən 1 bal fərqi ilə qiymətləndirilmişsə, bu işlər də üçüncü ekspertə göndərilib və sonuncu daha yuxarı qiymət vermişsə, həmin namizədin balının artırılması qərara alınıb.

Beləliklə, Apelyasiya komissiyasına doktoranturaya xarici dil üzrə qəbul imtahanı ilə bağlı müraciət edən 165 namizəddən 15 nəfərin, xarici dil üzrə fəlsəfə doktoru imtahanı ilə bağlı müraciət edən 38 iddiaçıdan isə 2 nəfərin yazı işi üzrə qiymətinin 0.5 bal artırılması haqqında qərar qəbul edilib. Qəbul imtahanı üzrə balı artırılan 15 namizədin 9-nun statusu dəyişilib və yekun olaraq 646 (9+637) nəfər fəlsəfə imtahanına buraxılıb. Bundan əlavə, balı artırılan 2 iddiaçıdan 2-nin də statusu dəyişilib və 49 (2+47) nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilən minimal keçid balını toplayıb.

Xatırladaq ki, Apelyasiya komissiyasına müraciət edən 203 nəfərin hər birinin “Şəxsi kabineti”ndə qeyd olunmuş mobil telefon nömrəsinə apelyasiyanın nəticəsinə dair sms-bildiriş göndərilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161731

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930