“Ev işinə görə maaş verək” təklifinə REAKSİYALAR – “Xanım özünə VÖEN açdırsın”

20.10.2021 - 17:33

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən konfransda qadın hüquqları ilə bağlı çıxış edib. Deputatın konfransda dediyi “kişilər ev işlərinə görə xanımına pul ödəsin” fikirləri cəmiyyətdə, sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 

Deputat Musa Quliyev çıxışı ilə bağlı  açıqlamasında vurğulamaq istədiyi məqamları diqqətə çatdırıb:

 

“Mən çıxışımda xanımların işinin yüngülləşdirilməsi ilə bağlı həmin fikirləri qeyd etmişəm. Bütün dünyada oxunur və işlərinin, haqqı ödənilməyən məişət görəvlərinin 77 faizi qadınların üzərinə düşüb. Bu nisbəti deməklə qadın əməyinə qiymət verilməsinə diqqət çəkmək istəmişəm. Eyni zamanda iş və məşğulluq sahəsində qadınların əmək haqqı kişilərin əmək haqqının 63 faizini təşkil edir. Bu az rəqəmdir. Qadınlar kişilərdən az maaş alırlar.

Cəmiyyət gender bərabərliyindən söhbət açırıqsa, problemləri üzə çıxarmalıyıq. Uğurlar onsuz da var, problemləri isə həll etmək lazımdır.

Mən başqa təkliflər də səsləndirdim, bunlar niyə müzakirə olunmur? Azərbaycan qadınları həm 44 günlük müharibə, həm də pandemiya dövründə böyük fədakarlıq göstərdilər. Bu qəhrəman oğulları bizim analarımız böyüdüb. Çıxışımdakı “qadınlar ev işi görür, onlara pul verək” cümləsini Azərbaycan qadınının əməyinin qiymətləndirilməsi fikrimi qüvvətləndirmək üçün demişdim.

Bu, qayda-qanunla tənzimlənə bilməz. Cəmiyyət özü buna yavaş-yavaş hazırlanmalıdır”.

 

Komitə sədrinin təklifinə ictimaiyyət nümayəndələrinin münasibəti də gecikmədi. Modern.az onların fikirlərini təqdim edir:

 

Xalq artisti Rasim Balayev deyir ki, o, köhnə kişilərdəndir:

 

“O qədər həll olunası məsələlər var. Onlara fikir verməkdənsə, belə şeyləri qaldırırlar. Dədə-babadan adətlərimiz nədirsə, onunla getmək lazımdı. Bu qaydaları pozanda boşanmalar da artır, hər problem də yaranır. Kişinin öz funksiyası var, qadının da ayrı. Mənim də öz funksiyam, xanımımın da öz işi-gücü var. İdarə şaddır bəyəm?! Qadın ev işinə görə maaş almır. Amma mən də məsələn, həyat yoldaşımın geyimini, evin ehtiyaclarını təmin edirəm. Nə lazımdı, xanımın yaşayışını təmin edirəm. Ev işinə görə xanıma pul ödəmək nə deməkdir?”

 

İqtisadçı Natiq Cəfərli deyir ki, bu, ilk baxışdan maraqlı təklif kimi görünsə də, gender bərabərliyinə, hüquqi bərabərliyə o qədər də uyğun gəlmir:

 

“Əks proses olarsa, necə etmək lazımdır? Əgər bir ailədə kişi işləmirsə, qadın işləyirsə, ev işləri ilə kişi məşğul olursa, qadın kişiyə pul ödəməlidir? Qarşılıqlı hörmət, bir-birinə kömək ailənin təməlidir. Kişilər də qadına ev işlərində kömək etməlidir. Məsuliyyəti bərabər şəkildə aralarında bölməlidirlər. Xanımların hansısa formada dəstəyə ehtiyacı varsa, müxtəlif sosial yardımlar vasitəsilə dövlət tərəfindən təminat həyata keçirilə bilər. Məsələn, bunlardan biri də uşaqpuludur ki, beləliklə ailələrin məişət problemlərinə dəstək olmaq mümkündür”.

 

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov təkliflə bağlı Parlamentin sədrinə müraciət edib:

 

“Sahibə xanımdan xahiş edirəm ki, deputatları boş durmağa qoymasın. Onlar boş qalanda ağıllarına çox anormal fikirlər gəlir. Deputatın təklifinə diqqət etsək, onda xanım da özünə bir VÖEN açdırsın, gedək, qarşılıqlı müqavilə imzalayaq. O, mənim qabımı yuyanda mən 1 manat ödəyim, mən məsələn, “trap”ı təmizləyəndə o, 3 manat ödəsin, sonra o çay dəmləyəndə mən 1 manat, mən bazardan evə yük daşıyanda o 2 manat… Beləcə, bir-birinə ödəyə-ödəyə gedək. Ailənin birgə təsərrüfat olduğunu nəzərə alsaq, bundan daha axmaq fikir təsəvvür etmək çətindir”.

 

Yeniçağ.az saytının baş redaktoru Aqil Ələsgər hesab edir ki, bu kimi məsələlərdə beynəlxalq təcrübə ilə yanaşı mental dəyərlər də nəzərə alınmalıdır:

 

“Ayrıca, bu proses olacaqsa, çox ağır və maarifləndirici sürəcdən sonra baş tutmalıdır. Əks halda onsuz da məişət zorakılığının artdığı bir dönəmdə bu ocaq üstünə benzin tökməyə bənzəyəcək. Restoranda və ya başqa yerdə qadının əlini “kaşelok”una salmasını qəbul etməyən, “alman hesabı”na qarşı çıxan klassik Azərbaycan kişisi üçün bu təklif məqbul deyil. Nəzərə alsaq ki, Avropadan fərqli olaraq, bizdə ailə institutu bir bütövdür, bu kimi təkliflər onun altına bomba yerləşdirməyə xidmət edir. Zatən, əksər aztəminatlı ailələr aldıqları maaşı evin xanımına verir və onun idarəetməsini istəyir. Bu ən az yüz ildir belədir. Belə olan təqdirdə, belə təkliflər beyinlərə qurd salmaqdan başqa bir şeyə yaramır. Nəticədə yenə zərər görən Azərbaycan ailəsi olacaq. Təklifə nəzarət mexanizmi praktiki olaraq mümkün olmayacağından yenə bu prosesdən xanımlar zərərli çıxacaq. Təəssüf ki, acı, ancaq reallıq bundan ibarətdir”.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=167771

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031