“IMEI” kod nədir və nə üçün lazımdır? – Elə indi telefonunuzda *#06# yığın

29.11.2021 - 17:24

Azərbaycanda mobil telefon istifadəçilərinin sayı günbəgün artmaqdadır. Statistikaya görə, ölkədə aktiv olan mobil cihazların sayı 11 milyondan çoxdur. Son bir ildə isə 1 milyona yaxın yeni mobil cihaz istifadə olunmağa başlanılıb. Belə olan halda mobil cihazlarla bağlı bir çox məsələlər gündəmə gəlir. Məsələn, mobil telefon itərsə, yaxud da oğurlanarsa, nə etmək lazımdır? Bundan əlavə, ikinci əl telefon alan zaman ucuz qiymətə təklif edilən mobil cihazın oğurluq, yaxud da hansısa borc predmeti olmadığını necə müəyyənləşdirmək olar?

Bütün bu problemlərin həlli üçün mobil telefonların “IMEI” kodundan yararlanmaq mümkündür.

“IMEI (International Mobile Equipment Identification)” – mobil cihazlar üçün tək və bənzərsiz olaraq təsis edilən beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən unikal nömrədir. Müxtəlif rəqəmlərin kombinasiyasından təşkil olunan bu nömrə Beynəlxalq GSM Assosiasiyası tərəfindən təyin edilir və yalnız mobil cihaz istehsalçısı olan şirkətlər üçün ayrılır. İstehlaka yararlı hər bir mobil cihazın 15 rəqəmdən ibarət öz “IMEI” nömrəsi olur.

Ölkəmizdə markasından asılı olmayaraq istənilən mobil telefonun “IMEI” kodunu müəyyən etmək üçün həmin cihazdan *#06# yığmaq kifayətdir. *#06# qısa nömrəsi yığılan zaman cihazın “IMEI” kodu ekranda əks olunur. Cihazın “IMEI” kodu onun qutusunun üzərində də qeyd olunur.

Mobil cihazınızın “IMEI” kodunu bilən istifadəçi cihaz oğurlanan, yaxud da itirilən zaman tapılması üçün “IMEI” məlumatlarını təqdim edərək polisə müraciət edə bilər. Bu zaman müraciət edən şəxsin təqdim etdiyi “IMEI” kod üzrə polis tərəfindən Mobil Cihazların Qeydiyyat Sisteminə (MCQS) sorğu göndərilir və cihaz aktivləşdirilən kimi yeri müəyyən olunur.

“IMEI” kodu vasitəsilə, həmçinin cihazı kilidləmək də mümkündür. Bunun üçün “IMEI” kodu “qara siyahı”ya daxil etmək lazımdır. Adətən “IMEI” kodun “qara siyahı”ya daxil edilməsi cihaz oğurlandıqda, eləcə də bu və digər hallar zamanı hüquq-mühafizə orqanlarının tələbi əsasında baş verir. “Qara siyahı”ya daxil edilən “IMEI” nömrələri üzrə mobil cihazların fəaliyyəti 24 saat ərzində məhdudlaşdırılır.

Məlumat üçün bildirək ki, “IMEI” kodunun axtarışda olması, Azərbaycan Respublikasında qeydiyyatdan keçməsi, “IMEI” nömrəsinin Beynəlxalq GSM Assosiasiyası tərəfindən dəstəklənməsi, istifadəsinin məhdudlaşdırılması haqqında məlumatları imei.az saytından yoxlamaq mümkündür. “IMEI” nömrəsinin hansı mobil telefona aid olduğu haqda məlumatları isə beynəlxalq imei.info saytından əldə etmək olar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168460

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2022
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31